RU

Bakının yeni güc doktrinası: Diplomatiya, inkişaf və qlobal liderlik

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu çoxvektorlu xarici siyasətin və ölkənin yeni dünya düzənində oynadığı strateji rolun növbəti təsdiqidir. Müasir beynəlxalq münasibətlər sistemində qlobal tədbirlərə ev sahibliyi etmək təkcə təşkilati məsələ deyil, eyni zamanda dövlətin siyasi çəkisinin, təhlükəsizlik imkanlarının, diplomatik nüfuzunun və geostrateji əhəmiyyətinin göstəricisidir. Məhz bu baxımdan WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın növbəti beynəlxalq uğuru kimi qiymətləndirilməlidir”. 

Bunu Ölkə.az-a açıalamsında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, 182 ölkədən 45 mindən artıq iştirakçının qatıldığı forum COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. “Bu fakt göstərir ki, Azərbaycan artıq qlobal platformaların keçirildiyi əsas mərkəzlərdən birinə çevrilməkdədir. Son illərdə Bakı beynəlxalq siyasi, iqtisadi, humanitar və ekoloji forumların əsas ünvanlarından biri kimi çıxış edir. Bu isə Prezident İlham Əliyevin xarici diplomatiyasının prioritet istiqamətlərindən biri olan “Azərbaycanın beynəlxalq aləmə təqdim edilməsi” strategiyasının uğurla həyata keçirildiyini göstərir”, - o qeyd edib.
Deputat bildirib ki, bu siyasətin əsas məqsədi Azərbaycanın geosiyasi və geoiqtisadi imkanlarını dünyaya təqdim etmək, ölkənin beynəlxalq münasibətlər sistemində təsir imkanlarını genişləndirmək və Bakını regional əməkdaşlıq, qlobal təhlükəsizlik və dialoq platformasına çevirməkdir: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün Şərqlə Qərb arasında əsas körpü rolunu oynayan dövlətlərdən biridir. Azərbaycanın coğrafi mövqeyi, enerji resursları, nəqliyyat-kommunikasiya layihələri və çoxtərəfli diplomatiyası ölkəmizin beynəlxalq sistemdə strateji aktor kimi mövqeyini daha da gücləndirib.
WUF13-ün Bakıda keçirilməsi həm də İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqların tərkib hissəsidir. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə regionda tamamilə yeni siyasi və təhlükəsizlik arxitekturası formalaşdırdı. Bu gün Bakı regional sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın əsas təminatçısı kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri isə artıq yeni urbanizasiya və müasir şəhərsalma modelinin nümunəsinə çevrilməkdədir”.

Komitə sədri əlavə edib ki, Forumun əsas geosiyasi əhəmiyyətlərindən biri də Azərbaycanın yumşaq və orta güc elementlərini gücləndirməsidir: “Müasir dünyada dövlətlərin təsiri yalnız hərbi və iqtisadi güclə ölçülmür. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək, qlobal problemlərin həllinə töhfə vermək, humanitar və ekoloji gündəlik formalaşdırmaq yumşaq güc siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan artıq bu istiqamətdə regionun lider dövlətinə çevrilib. COP29, WUF13 və digər beynəlxalq tədbirlər Azərbaycanın qlobal diplomatiya məkanında mövqelərini daha da gücləndirir.

Prezident İlham Əliyevin çıxışında şəhərsalma ilə tarixi irsin qorunması arasında balans məsələsinə xüsusi diqqət ayırması da təsadüfi deyildi. Bakı bu gün qədim tarixlə müasir urbanizasiyanın vəhdətini yaradan nadir şəhərlərdən biridir. İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı kimi tarixi abidələrin qorunması ilə yanaşı, Ağ Şəhər, Sea Breeze və digər müasir layihələrin həyata keçirilməsi Azərbaycanın şəhərsalma modelinin unikallığını ortaya qoyur”.
Deputat onu da qeyd edib ki, Forum həmçinin qlobal iqlim dəyişiklikləri və ekoloji problemlər fonunda Azərbaycanın həyata keçirdiyi yaşıl inkişaf strategiyasının təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevin Bakının ekoloji transformasiyası ilə bağlı səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan artıq neft sonrası dövrün çağırışlarına uyğun yeni inkişaf modeli formalaşdırır. Qara şəhərin Ağ şəhərə çevrilməsi, ekoloji nəqliyyat sistemlərinin inkişafı, yeni parkların və ictimai məkanların salınması Azərbaycanın dayanıqlı inkişaf siyasətinin mühüm hissəsidir.

WUF13-ün iqtisadi və geoiqtisadi əhəmiyyəti də olduqca böyükdür. Belə tədbirlər ölkəyə investisiya axınının artmasına, beynəlxalq biznes dairələrinin Azərbaycana marağının yüksəlməsinə və yeni iqtisadi əməkdaşlıq platformalarının yaranmasına ciddi təsir göstərir. Eyni zamanda forum turizm sektorunun inkişafı baxımından da mühüm rol oynayır. Minlərlə xarici qonağın Bakıya gəlməsi Azərbaycanın turizm potensialının təbliği və ölkənin beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
BMT-nin Məskunlaşma Proqramının rəhbər şəxslərinin forumda iştirakı və Azərbaycana verilən yüksək qiymət ölkəmizin beynəlxalq etimad mühitində xüsusi yer tutduğunu göstərir. Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində təkcə iştirakçı deyil, həm də təşəbbüs verən və yeni gündəm formalaşdıran dövlət kimi çıxış edir.

Təbii ki, Azərbaycanın artan nüfuzu, beynəlxalq uğurları və regionda yaratdığı yeni reallıqlar bəzi anti-Azərbaycan dairələrini ciddi narahat edir. COP29 ərəfəsində olduğu kimi, WUF13 zamanı da müəyyən xarici mərkəzlər və ermənipərəst qüvvələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılır. Məqsəd ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq, onun uğurlarına kölgə salmaq və regionda formalaşdırdığı yeni siyasi reallıqları gözdən salmaqdır. Lakin bütün bu cəhdlər nəticəsiz qalır. Çünki dünyanın 182 ölkəsindən on minlərlə insanın Bakıya gəlməsi, forumun yüksək səviyyədə təşkili və beynəlxalq ictimaiyyətin Azərbaycana artan marağı reallığın tamamilə fərqli olduğunu nümayiş etdirir.
WUF13 bir daha sübut etdi ki, Azərbaycan artıq yalnız regional dövlət deyil, qlobal proseslərə təsir edən mühüm aktora çevrilib. Prezident İlham Əliyevin uğurlu çoxvektorlu siyasəti nəticəsində Azərbaycan yeni dünya düzənində sülhə, təhlükəsizliyə, əməkdaşlığa və dayanıqlı inkişafa töhfə verən etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində mövqeyini davamlı şəkildə gücləndirir”.

Mürtəza

Избранный
8
1
olke.az

10Источники