RU

Qarabağdan dünyaya: Azərbaycanın “ağıllı şəhər” mesajı..

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun – World Urban Forum 13-ün (WUF13) Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun, strateji inkişaf siyasətinin və müasir şəhərsalma modelinin qlobal səviyyədə qəbul olunduğunu təsdiqləyən mühüm hadisədir. Bu qərar Azərbaycanın artıq yalnız enerji, nəqliyyat və geosiyasi baxımdan deyil, həm də urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhər idarəçiliyi sahəsində nümunəvi dövlət kimi tanındığını göstərir.

Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı UN-Habitat tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumu dünyanın ən nüfuzlu urbanizasiya platforması hesab olunur. Forum şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, ətraf mühitin qorunması, rəqəmsal idarəetmə, yaşıl enerji, sosial inklüzivlik və müasir infrastruktur məsələlərinin müzakirə olunduğu qlobal platformadır.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, belə bir tədbirin Azərbaycana həvalə edilməsi dövlətimizin beynəlxalq etimad qazandığını göstərən mühüm siyasi göstəricidir.

Cənab Prezident İlham Əliyev rəhbərliyi ilə son illərdə həyata keçirilən genişmiqyaslı inkişaf proqramları Azərbaycanın müasir şəhərsalma siyasətinin əsasını formalaşdırıb. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri beynəlxalq urbanistika tarixində yeni model kimi diqqət çəkir. Dağıdılmış şəhərlərin ən müasir texnologiyalar əsasında yenidən qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji layihələrinin reallaşdırılması Azərbaycanın gələcəyə hesablanmış inkişaf siyasətindən xəbər verir.

Bu baxımdan WUF13 forumunun Azərbaycanda keçirilməsi təsadüfi seçim deyil.

“Dünya birliyi Azərbaycanı artıq postmünaqişə dövründə yenidənqurma və dayanıqlı urbanizasiya modeli yaradan ölkə kimi qəbul edir. Ağdam, Füzuli, Zəngilan, Laçın və digər şəhərlərdə həyata keçirilən layihələr təkcə tikinti prosesi deyil, həm də yeni sosial həyat modelinin qurulması deməkdir. Bu şəhərlərdə ekoloji tarazlığın qorunması, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, alternativ enerji mənbələrindən istifadə və insan mərkəzli urbanizasiya siyasəti xüsusi diqqət çəkir”-deyən politoloq bildirib ki, forumun Azərbaycanda keçirilməsinin ən mühüm əhəmiyyətlərindən biri ölkəmizin beynəlxalq siyasi nüfuzunun daha da güclənməsidir. Son illərdə Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Qoşulmama Hərəkatının Zirvə Görüşü, beynəlxalq enerji forumları, humanitar tədbirlər və COP29 kimi mühüm platformalar Azərbaycanın təşkilatçılıq imkanlarını və diplomatik gücünü nümayiş etdirib. WUF13 isə Azərbaycanın artıq qlobal şəhərsalma gündəliyinin formalaşmasında iştirak edən ölkələr sırasında yer aldığını göstərir.

Bu forum həm də Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementinə çevriləcək. Minlərlə xarici nümayəndə, dövlət rəsmisi, beynəlxalq təşkilat rəhbərləri, investorlar, memarlar və urbanistika mütəxəssisləri Azərbaycana gələcək. Bu isə ölkənin beynəlxalq imicinin güclənməsinə, turizm potensialının artmasına və iqtisadi əlaqələrin genişlənməsinə ciddi töhfə verəcək.

Politoloq vurğulayıb ki, eyni zamanda, forum çərçivəsində yeni investisiya layihələrinin müzakirəsi, beynəlxalq əməkdaşlıqların qurulması və innovativ texnologiyaların ölkəyə cəlb olunması üçün geniş imkanlar yaranacaq.

WUF13 forumunun Azərbaycanda keçirilməsi Qarabağın dirçəliş prosesinin beynəlxalq səviyyədə təqdimatı baxımından da xüsusi önəm daşıyır. Azərbaycan dünyaya nümayiş etdirəcək ki, dağıdılmış ərazilər qısa müddətdə dünyanın ən müasir yaşayış məkanlarına çevrilə bilər. Bu, həm siyasi, həm iqtisadi, həm də humanitar baxımdan böyük mesajdır. Azərbaycan göstərir ki, postmünaqişə dövründə əsas prioritet intiqam deyil, quruculuq, inkişaf və insanların təhlükəsiz yaşayışının təmin edilməsidir.

Forum həm də Azərbaycanın “yaşıl inkişaf” strategiyasının beynəlxalq səviyyədə təqdimatı üçün mühüm platforma olacaq.

“Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi, alternativ enerji layihələrinin həyata keçirilməsi, ekoloji təmiz nəqliyyat sistemlərinin qurulması və dayanıqlı şəhər konsepsiyalarının tətbiqi qlobal urbanizasiya siyasətində mühüm nümunələrdən biri kimi qiymətləndirilir.

Bu gün dünya urbanizasiya, iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və sosial bərabərlik kimi ciddi çağırışlarla üz-üzədir. Azərbaycan isə bu çağırışlara müasir yanaşma sərgiləyən dövlətlərdən biri kimi çıxış edir”-deyə o bildirib.

Politoloq hesab edir ki, WUF13 forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, modern dövlət və gələcəyə hesablanmış inkişaf modeli təqdim edən ölkə olduğunu bir daha təsdiqləyəcək.

Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi yalnız beynəlxalq tədbir deyil, həm də dövlətimizin siyasi nüfuzunun, iqtisadi gücünün və müasir inkişaf konsepsiyasının qlobal səviyyədə tanınmasının göstəricisidir. Bu forum Azərbaycanın dünya urbanizasiya siyasətində söz sahibi olan ölkələrdən birinə çevrildiyini nümayiş etdirəcək, ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək və regionun inkişaf mərkəzi kimi rolunu gücləndirəcək.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
bizimyol.info

1Источники