RU

Türk jurnalist Bakının urbanistik layihələrinə heyran qalıb FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda keçirilən WUF13 beynəlxalq tədbirində iştirak edən qonaqlar tədbirin təşkilatçılığından məmnunluqlarını ifadə ediblər. 

Haber Global-ın əməkdaşı Murat Karataş Avtosfer.az-a müsahibəsində bildirib ki, BMT-nin Urbanizasiya üzrə Qlobal Forumunun (WUF13) 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi son dərəcə əhəmiyyətlidir. Onun sözlərinə görə, burada müzakirə olunan şəhərləşmə və urbanizasiya məsələləri bu gün dünyanın ən vacib mövzularından birinə çevrilib.

Jurnalist qeyd edib ki, Azərbaycan son beş ildə şəhərsalma və infrastrukturun yenidən qurulması istiqamətində mühüm təcrübə qazanıb. Xüsusilə Qarabağın yenidən qurulması prosesində böyük işlərin görüldüyünü vurğulayan Murad Karataş bildirib ki, işğaldan azad olunmuş ərazilərdə şəhərlərin yenidən salınması, infrastrukturun sıfırdan qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi diqqətçəkən addımlardır. O, əlavə edib ki, yaşıl enerji sahəsində də mühüm layihələr icra olunur.

“Otuz il işğal altında qalan və tamamilə dağıdılmış ərazilər bu gün yenidən qurulur. O bildirib ki, bəzi yaşayış məntəqələrində demək olar ki, bir dənə də salamat bina qalmamışdı və Azərbaycan həmin bölgələri tamamilə yenidən inşa edir. Jurnalist hesab edir ki, bu proses ölkəyə şəhərsalma sahəsində ciddi təcrübə qazandırıb.

Azərbaycan qədim tarixə malik ölkə olduğu üçün burada müxtəlif urbanistik layihələri görmək mümkündür”.

Bakının və Gəncənin memarlıq üslubunun zəngin tarixi irsi əks etdirdiyini deyən Murat Karataş bildirib ki, Azərbaycanda həm qədim, həm də müasir memarlığı bir arada görmək mümkündür. Bu xüsusiyyət ölkəni fərqləndirən əsas məqamlardan biridir.

Jurnalist qeyd edib ki, belə bir beynəlxalq forumun Bakıda keçirilməsi olduqca mənalıdır və Türkiyədə də bu proseslər diqqətlə izlənilir. O bildirib ki, xüsusilə şəhərsalma, memarlıq və urbanizasiya sahəsinə maraq göstərən dairələr Azərbaycandan gələn xəbərləri yaxından izləyirlər.

Murad Karataş əlavə edib ki, o, 2020-ci ildən bəri dəfələrlə Azərbaycana səfər edib və Qarabağ müharibəsi dövründə də ölkədə olub.

Bakının urbanistik kimliyi ilə bağlı fikirlərini bölüşən jurnalist bildirib ki, şəhəri fərqləndirən əsas xüsusiyyət müasir göydələnlər deyil. Onun sözlərinə görə, şüşə binalar dünyanın bir çox şəhərində – həm Dubayda, həm də İstanbulda mövcuddur. Murad Karataş hesab edir ki, Bakını xüsusi edən əsas amil şəhərin tarixi memarlıq irsidir.

O, xüsusilə İçərişəhər ərazisinin fərqli atmosferə malik olduğunu vurğulayıb. Tarixi küçələrin, həyətli evlərin və qədim yaşayış mədəniyyətini əks etdirən memarlığın Bakıya xüsusi ruh verdiyini deyən jurnalist əlavə edib ki, Bakının adı çəkiləndə onun ağlına ilk növbədə məhz bu tarixi memarlıq gəlir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
avtosfer.az

1Источники