RU

WUF13 Azərbaycanın artan beynəlxalq nüfuzunu təsdiqlədi - COP29-dan sonra yeni uğur

“İlham Əliyevin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasındakı (WUF13) səsləndirdiyi fikirlər Azərbaycanın inkişaf siyasətinin mahiyyətini və dövlətin gələcəyə baxışını aydın şəkildə ortaya qoydu. Çıxışda şəhərsalma məsələsi yalnız yeni binaların və yolların tikintisi kimi deyil, xalqın tarixi yaddaşı, milli irsi və müasir dövlətçilik fəlsəfəsi ilə bağlı strateji istiqamət kimi təqdim edildi. Bu yanaşma göstərdi ki, Azərbaycan üçün şəhərlərin inkişafı təkcə iqtisadi məsələ deyil, həm də milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Elnarə Akimova deyib.

GVXgFszMHmWAum6pUtOJqq36eEGgO2W4ITmYno1U_1200.jpg

O bildirib ki, Prezidentin vurğuladığı kimi, Azərbaycan qədim urbanizasiya ənənələrinə malik ölkədir:

“Əsrlər boyu formalaşmış şəhər mədəniyyəti xalqımızın həyat tərzinin və dövlətçilik tarixinin mühüm hissəsinə çevrilib. Qədim dövrlərdən etibarən Qəbələ, Gəncə, Naxçıvan və Şamaxı kimi şəhərlər regionun siyasi, iqtisadi və mədəni həyatında aparıcı rol oynayıb. Bu şəhərlər yalnız memarlıq nümunələri ilə deyil, həm də elm, sənət, ticarət və ictimai düşüncənin inkişaf etdiyi mühüm mərkəzlər kimi tarixdə iz qoyub. Bu fakt Azərbaycanın qədim və zəngin şəhər mədəniyyətinə sahib olduğunu bir daha nümayiş etdirir”.

Parlament üzvü onu da deyib ki, Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələsi XIX əsrin sonlarından etibarən daha sürətli xarakter almağa başlayıb:

“Neft sənayesinin inkişafı Bakının simasını tamamilə dəyişdirdi və şəhər qısa müddətdə beynəlxalq əhəmiyyətə malik iqtisadi mərkəzlərdən birinə çevrildi. Bununla belə, inkişaf prosesində tarixi irsin qorunması məsələsi daim diqqət mərkəzində saxlanıldı. Bu gün həyata keçirilən şəhərsalma siyasətində də həmin prinsip əsas istiqamətlərdən biri olaraq qalır. Müasir infrastrukturun qurulması ilə yanaşı, milli memarlıq ənənələrinin və tarixi abidələrin mühafizəsi Azərbaycanın inkişaf modelinin vacib elementinə çevrilib”.

Elnarə Akimovanın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanda şəhərsalma prosesi daha sistemli və məqsədyönlü xarakter alıb:

“Son illərdə ölkənin müxtəlif bölgələrində geniş abadlıq-quruculuq işləri aparılıb, yollar, sosial obyektlər, parklar və müasir yaşayış kompleksləri inşa olunub. Bu proses regionların inkişafına yeni dinamika gətirməklə yanaşı, insanların sosial rifahının yüksəldilməsinə də mühüm təsir göstərib. Şəhərlərin yenilənməsi zamanı həm rahat yaşayış mühitinin yaradılması, həm də ekoloji tarazlığın qorunması prioritet istiqamətlər kimi müəyyən olunub. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər isə Azərbaycanın müasir şəhərsalma siyasətinin ən diqqətçəkən nümunəsidir. Uzun illər dağıntılara məruz qalmış şəhər və kəndlərin tamamilə yeni konsepsiyalar əsasında yenidən qurulması ölkənin gücünü və strateji baxışını nümayiş etdirir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi, yaşıl enerji mənbələrinin tətbiqi, müasir kommunikasiya xətlərinin çəkilməsi və tarixi-mədəni abidələrin bərpası Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelindən xəbər verir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr təkcə yenidənqurma prosesi deyil, eyni zamanda yeni urbanizasiya fəlsəfəsinin formalaşdırılması kimi qiymətləndirilir.

Çıxışda diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi etibarlı məkan kimi tanınması idi. COP29 və WUF13 kimi qlobal platformalara ev sahibliyi etmək Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyini göstərir. Dünyada geosiyasi gərginliklərin və təhlükəsizlik problemlərinin artdığı bir dövrdə Azərbaycanın dialoq, əməkdaşlıq və qlobal müzakirələr üçün sabit platforma kimi seçilməsi ölkəyə olan etimadın göstəricisidir. Bu gün Azərbaycan yalnız regionun deyil, daha geniş coğrafiyanın inkişaf, təhlükəsizlik və dayanıqlı gələcək məsələlərinin müzakirə olunduğu mühüm mərkəzlərindən birinə çevrilib”.

Müsahibimiz onu da vurğulayıb ki, Prezident İlham Əliyevin WUF13-dəki çıxışı Azərbaycanın keçmişdən gələn zəngin şəhərsalma ənənələrini müasir inkişaf strategiyası ilə birləşdirən dövlət modeli qurduğunu nümayiş etdirdi:

“Bu çıxış həm ölkənin artan beynəlxalq nüfuzunu, həm də urbanizasiya və dayanıqlı inkişaf sahəsində formalaşdırdığı yeni yanaşmanı dünyaya təqdim edən mühüm siyasi mesaj kimi yadda qaldı”.

Cavanşir ABBASLI
Musavat.com

Избранный
5
musavat.com

1Источники