RU

İlham Əliyevin çıxışı şəhərsalma siyasətinin strateji əhəmiyyətini ortaya qoydu - Deputat

"Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı Azərbaycanın şəhərsalma siyasətinin dövlət maraqları baxımından strateji əhəmiyyət daşıdığını nümayiş etdirdi. Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və Bakının artıq qlobal diplomatik və beynəlxalq tədbirlər mərkəzinə çevrildiyini göstərdi. COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkənin siyasi sabitliyinin, təşkilati imkanlarının və beynəlxalq tərəfdaşlıq potensialının mühüm göstəricisi kimi qiymətləndirilə bilər".

Bu fikirləri Redaktor.az-a danışan deputat Vasif Qafarov bildirdi.

Onun sözlərinə görə, prezident çıxışında Azərbaycanın Şərqlə Qərbin qovuşduğu məkan olduğunu vurğulayaraq ölkənin geosiyasi və mədəni körpü rolunu ön plana çıxardı:

"Bakı şəhərinin qədim İçərişəhərlə müasir memarlığın vəhdəti əsasında inkişaf etməsi Azərbaycanın modernləşmə siyasətinin milli-mədəni irsin qorunması ilə paralel həyata keçirildiyini göstərir. Dövlət maraqları baxımından bu yanaşma həm milli kimliyin qorunmasına, həm də ölkənin müasir inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Dövlət başçısının çıxışında Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc kimi qədim şəhərlərin qeyd olunması Azərbaycanın zəngin dövlətçilik və şəhərsalma ənənələrinin beynəlxalq auditoriyaya təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Azərbaycanın qədim memarlıq irsini sadəcə tarixi abidə kimi deyil, milli qürur və dövlətçilik ənənəsinin mühüm elementi kimi təqdim etdi. Bu yanaşma həm də regionda tarix və mədəniyyət üzərində aparılan ideoloji mübarizədə Azərbaycanın mövqelərinin gücləndirilməsinə xidmət edir. Prezidentin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı səsləndirdiyi fikirlər dövlət siyasətinin əsas prioritetlərindən birini əks etdirir. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması erməni işğalının nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi daşıyır. Qarabağda həyata keçirilən genişmiqyaslı tikinti və infrastruktur layihələri Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsi, keçmiş məcburi köçkünlərin qayıdışı və regionun sosial-iqtisadi reinteqrasiyası baxımından strateji əhəmiyyət kəsb edir. Tunellərin, körpülərin, hava limanlarının, məktəb və xəstəxanaların tikilməsi dövlətin postmünaqişə dövründə güclü idarəçilik və planlaşdırma imkanlarını nümayiş etdirir".

Müsahibimiz həmçinin vurğuladı ki, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi yalnız humanitar deyil, həm də siyasi və iqtisadi layihə kimi diqqət çəkir:

"Prezidentin vurğuladığı kimi, həmin ərazilərdə məşğulluğun təmin olunması, sənaye zonalarının yaradılması və yaşayış infrastrukturunun qurulması insanların öz torpaqlarına davamlı şəkildə qayıdışını təmin etməyə yönəlib. Bu siyasət dövlət təhlükəsizliyi və demoqrafik sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. İlham Əliyevin çıxışında Bakının ekoloji transformasiyası da xüsusi qeyd edildi. Dövlət başçısı uzun illər neft hasilatı nəticəsində ciddi çirklənməyə məruz qalmış ərazilərin müasir və ekoloji şəhər məkanlarına çevrildiyini bildirdi. Qara şəhərin Ağ şəhərə transformasiyası Azərbaycanın müasir urbanizasiya və ekoloji siyasətinin simvolu kimi təqdim olundu. Son 20 ildə Bakıda yüzlərlə park və ictimai məkanın yaradılması, ictimai nəqliyyatın və elektrik avtobuslarının inkişafı dövlətin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Prezidentin Bakı Formula-1 yarışını şəhərsalma ilə müqayisə etməsi xüsusi siyasi məna daşıyır. Bu müqayisə inkişaf prosesində həm cəsarətli, həm də ehtiyatlı davranmağın vacibliyini ifadə edir. Dövlətin məqsədi bir tərəfdən sürətli modernləşməni təmin etmək, digər tərəfdən isə tarixi irsi və milli kimliyi qorumaqdır. Bu yanaşma Azərbaycanın idarə olunan modernizasiya modelinin əsas xüsusiyyətlərini əks etdirir. Ümumilikdə Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan üçün şəhərsalma siyasəti yalnız memarlıq və tikinti məsələsi deyil, həm də dövlət təhlükəsizliyi, milli kimlik, beynəlxalq nüfuz, postmünaqişə reinteqrasiyası və dayanıqlı inkişaf strategiyasının mühüm hissəsidir. Azərbaycanın həyata keçirdiyi şəhərsalma modeli tarixi irsin qorunması ilə müasir inkişafın uzlaşdırılması əsasında formalaşaraq dövlət maraqlarına xidmət edən strateji siyasət istiqamətinə çevrilib".

NURİYYƏ

Избранный
14
1
redaktor.az

2Источники