RU

Azərbaycan və Sudan arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv olundu

Mayın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed İbrahim ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə olunub. Söhbət əsnasında gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı məmnunluqla vurğulanıb.

Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd ediblər. Bu çərçivədə beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüş zamanı enerji təhlükəsizliyi, yaşıl enerji, kənd təsərrüfatı, investisiya, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Sudan tərəfi Azərbaycanın dövlət idarəçiliyi, rəqəmsal inkişaf, infrastruktur quruculuğu və post-münaqişə bərpa sahəsində əldə etdiyi təcrübəyə maraq ifadə edib. Azərbaycan tərəfindən Sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub. Bununla yanaşı, Azərbaycanın Sudandakı daşqınlar və COVID-19 pandemiyası ilə əlaqədar göstərdiyi humanitar yardımlar məmnunluqla xatırlanıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə ölkəmizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhlükəsi ilə mübarizə istiqamətində görülən tədbirlər, habelə regional nəqliyyat və kommunikasiya layihələrinin əhəmiyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər və çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə edilib.

Səfər çərçivəsində nazirlər tərəfindən Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb.

Избранный
1
12
moderator.az

10Источники