RU

Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur Ekoloq

ain.az bildirir, Sherg.az portalına istinadən.

AMEA rəsmisi: "İqlim dəyişiklikləri ilə bağlı cəmiyyətdə əsassız qorxu yaradılır’”

“Deyirlər ki, Xəzər dənizi istiləşir və bunun nəticəsində böyük təhlükələr yaranacaq. Əgər həqiqətən ciddi istiləşmə olsaydı, bunun əlamətləri daha aydın görünərdi. Xəzərin müəyyən hissələrində suyun geri çəkilməsi müşahidə olunur, amma bu, elə də fövqəladə bir vəziyyət demək deyil. Xəzər istiləşdikcə buxarlanma artır, amma bu, avtomatik olaraq dağıdıcı yağışlar demək deyil. Üstəlik,

Xəzər yarımsəhra zonasında yerləşir, yalnız kiçik bir hissəsi mülayim qurşaqdadır. Buna görə də qorxulu ssenarilər yaratmaq düzgün deyil”.

Bu fikirlər AMEA Coğrafiya İnstitutunun şöbə müdürü, ekoloq Ənvər Əliyevə məxsusdur. “Sherg.az”a açıqlamasında mütəxəssis bildirdi ki, qlobal iqlim dəyişikliyinin elmi əsasları hər zaman tam aydın təqdim olunmur. Əldə konkret sübutlar olmadan cəmiyyətdə qorxu yaratmaq doğru deyil: 

- Məsələn, vaxtilə Parisdə keçirilən beynəlxalq konfranslarda da bu mövzular geniş müzakirə olunub. Orada iştirak edən bəzi alimlər qeyd edirdilər ki, müəyyən bölgələrdə buz ehtiyatlarında artım müşahidə olunur. Yəni vəziyyət hər yerdə eyni deyil və hər şeyi birtərəfli təqdim etmək olmaz. Bizdə də tez-tez deyirlər ki, quraqlıq artacaq, Xəzər yüzlərlə metr geri çəkiləcək və s. Amma bunların çoxu ehtimallardır. Keçmişdə də kəskin hava dəyişiklikləri olub. Elə vaxtlar olub ki, Bakıda güclü qar səbəbindən insanlar işə gedə bilməyiblər. Bunlar təbiətdə həmişə baş verən proseslərdir.

Ə.Əliyev qeyd etdi ki, yağışın Bakıda yaratdığı vəziyyət iqlimdən daha çox şəhərsalma problemləridir. Kanalizasiya sistemlərinin zəifliyi, plansız tikililər, düzgün layihələndirilməmiş kommunikasiya xətləri, su axınının istiqamətinin nəzərə alınmaması - bunlar əsas səbəblərdir: 

- Güclü yağış zamanı suyun axıdılması üçün kifayət qədər infrastruktur qurulmayıb. Yağıntılar əsasən qərbdən gələn böyük hava kütlələrinin təsiri nəticəsində yaranır. Bu proseslər təbiidir və tarix boyu olub. Planet üzrə yağıntının ümumi norması ciddi dəyişməyibsə, buxarlanma balansı eyni qalırsa və Yer kürəsinin əsas astronomik parametrlərində dəyişiklik yoxdursa, onda “tamamilə yeni və qorxulu iqlim ssenarisi”ndən danışmaq üçün əsas da yoxdur. Əlbəttə, bəzi illərdə yağıntı normadan artıq ola bilər. Bu da orta statistik göstəricilərdən sapmadır və fövqəladə hadisə kimi qəbul olunmamalıdır. Yəni, hələlik təşvişə düşməyə əsas yoxdur. Belə yağışları da görmüşük, selləri də yaşamışıq. Təbiətdə dəyişkənlik həmişə olub və olacaq. Sadəcə diqqətli olmaq, faktlara əsaslanmaq və hadisələri elmi şəkildə qiymətləndirmək lazımdır. Hələlik qorxulu tendensiyalar görünmür. Qoy zaman göstərsin. Təbiət öz qanunları ilə işləyir və əgər bu qanunlarda ciddi dəyişiklik baş verməzsə, elə böyük təhlükələr gözlənilmir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
sherg.az

1Источники