RU

“Ebola” virusuna yoluxmuş ABŞ vətəndaşı Berlindəki “Charite” klinikasında müalicə olunacaq

Berlin, 20 may, AZƏRTAC

“Ebola” virusuna yoluxmuş ABŞ vətəndaşının Berlindəki “Charite” klinikasında xüsusi izolyasiya şöbəsində müalicə olunacaq.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, ABŞ hakimiyyəti Uqandada “Ebola” virusuna yoluxmuş şəxsin müalicəsi üçün Almaniya hökumətindən dəstək istəyib. Xəstənin Uqandadan Almaniyaya daşınması yüksək yoluxucu xəstələr üçün nəzərdə tutulmuş xüsusi təyyarə ilə həyata keçiriləcək. Daha sonra o, xüsusi təchiz edilmiş infeksiya təcili yardım avtomobili ilə Berlindəki “Charite” klinikasına çatdırılacaq.

Almaniyanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, xəstə tam təcrid olunmuş şəraitdə müalicə ediləcək və digər pasiyentlər, eləcə də əhali üçün heç bir təhlükə yoxdur. Bildirilib ki, xüsusi izolyasiya şöbəsi adi xəstəxana fəaliyyətindən tam ayrılıb.

ABŞ tərəfi yoluxmuş şəxsin Konqoda çalışdığını və həftəsonu onda “Ebola” virusunun aşkarlandığını açıqlayıb. Onun həkim olduğu bildirilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Konqoda və Uqandada “Ebola” virusunun yayılması səbəbindən fövqəladə vəziyyət elan edib. Mütəxəssislər virusun region üzrə yayılma riskinin yüksək olduğunu bildirirlər.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Избранный
1
1
azertag.az

2Источники