RU

“Builki hava şəraitində arıların sağlamlığı may balından daha vacibdir” – təcrübəli arıçılar xəbərdarlıq edirlər

Qəbələ, 20 may, AZƏRTAC

Arıların ətraf mühit və insan sağlamlığı üçün böyük əhəmiyyət daşıdığı hər kəsə bəllidir. Bəs, arıçılıq təsərrüfatlarının qarşılaşdıqları çoxsaylı problemlərdən xəbərdarıq? 20 May – Dünya Arı Günü məhz bu problemləri ictimaiyyətə çatdırmaq və məlumatlılığı artırmaq məqsədi daşıyır.

Dünyada olduğu kimi, ölkəmizdə də arıçılıq sahəsi inkişaf edir, müxtəlif layihələr həyata keçirilir. Bununla yanaşı, yerli arıçılar ilin fəsillərindən asılı olaraq müxtəlif arı xəstəlikləri ilə qarşılaşırlar. AZƏRTAC-ın bölgə müxbiri Qəbələdəki arıçılıq təsərrüfatlarından birində olub, yaz aylarında arı ailələrinin xəstəliklərdən qorunması və təbii yollarla daha yaxşı inkişaf etdirilməsi qaydaları ilə maraqlanıb.

Qəbələdə Məmmədovlar ailəsini peşəkar arıçılar kimi tanınır. Bu təsərrüfat ölkəmizin ən nümunəvi arıçılıq mərkəzlərindən biri sayılır. Rayona gələn yerli və xarici qonaqların çoxuna bu təsərrüfatı ziyarət etmək tövsiyə olunur.

Biz də deyilənləri əyani görmək üçün Məmmədovların təsərrüfatına üz tuturuq. Arıçılar ailəsinin həyətinə qədəm qoyarkən buradakı səliqə-sahman, gül baxçası, lavanda bağı, limonluq, saya gəlməyəcək qədər gül kolları və bitkilər göz oxşayır. İnsanın hüzur tapacağı bir məkana daxil olduğunu hiss etmək üçün qısa müddət yetərli olur. Bu gözəlliyə Leyla Məmmədovanın illərlə qulluq etdiyi damazlıq arı ailələri də xüsusi rəng qatır.

Ötən ilin payızı əksər arıçılıq təsərrüfatları üçün çətin dövrlərdən biri olub. Belə ki, kütləvi xəstəliklərin baş verməsi arı ailələrinin məhv olması ilə nəticələnib. Bu ilin aprel və may aylarında, yəni arının ən aktiv dövründə yağışların fasiləsiz yağması da arıçıları sınaq qarşısında qoyub.

“Xəstəliklər bizdən də yan keçmədi. Ancaq biz mütəmadi olaraq təbii vasitələrdən istifadə etdiyimiz üçün o qədər də ciddi problemlə qarşılaşmadıq. Gördüyünüz arı ailələrinin hamısını yeni yetişdirmişik, fəaldırlar. Hətta yerli və xarici qonaqlarımız gələndə virus infeksiyalarının qarşısını almaq üçün onları arıxanadan bir az uzaq tutmağa çalışırıq”, – deyən təcrübəli arıçı bildirir ki, arıların ilin fəsillərinə uyğun olaraq kəklikotu, acıyovşan, sarımsaq və lavanda çiçəyindən hazırlanan dəmləmələrlə qidalanmasını təmin edir.

Leyla xanım təsərrüfatını keçmişdə olduğu kimi, bu gün də “Boz Qafqaz” arıları ilə zənginləşdirdiyini, bu növün ən ideal arı cinsi olduğunu və dözümlülüyünə görə fərqləndiyini bildirir, həmkarlarına təbii vasitələrdən istifadə etməyi tövsiyə edir: “Arı ailəsi də insanlar kimi qayğıya möhtacdır. Gərək, hər gün onlara qulluq edəsən, müşahidə aparasan. Həftədə bir-iki dəfə arıxanaya gəlməklə yüksək məhsul gözləmək düzgün deyil. Hər bir arıçının kiçik damazlığı olmalı, arılara hər gün təbii bitkilərdən hazırlanan dəmləmələr verilməlidir ki, nəticə də yaxşı olsun”.

Təcrübəli arıçı onu da diqqətə çatdırır ki, el arasında “may balı” kimi bilinən süzüm dövrü əslində bu il üçün xarakterik deyil. Hava şəraitinin qeyri-sabit keçməsi, yağıntıların davam etməsi səbəbindən bitki örtüyünün və çiçəklərin tam yetişmədiyini nəzərə almaq lazımdır. Məsələn, Leyla xanım bu il öz damazlıq təsərrüfatında əldə etdiyi balı satışa çıxarmağı deyil, ancaq arı ailələrinin özləri üçün – onların sağlam qalması və yemlənməsi üçün saxlamağı planlaşdırır.

Damazlıq təsərrüfatından fərqli olaraq, köçəri arıçılar bu il keyfiyyətli və bol məhsul gözləyirlər. Arıçı Anar Məmmədov köçəri arıçılıqla məşğuldur və bu işə hər il fevralın sonu, martın əvvəlindən başlayır. Qoşqular üzərində yerləşdirdiyi arı ailələrini yaşadığı ərazidən Ağdaş və Göyçay rayonlarının bəlli bölgələrinə apararaq, bir həftə-on gün saxlamaqla qidalandırır. Proses iyul ayının birinci yarısına kimi davam edir ki, bu müddətdə arılar yetərincə qidalana, bol və keyfiyyətli nektar toplaya bilirlər.

“Köçəri arıçılıq bizim təsərrüfatın əsas bal mənbəyidir. Bu məqsədlə köçəri arıçılığa fevral ayının sonlarında Ağdaşın Abad kəndindən başlayırıq. Arılar bir neçə gün ərzində oranın havasına uyğunlaşdıqdan sonra ətraf ərazilərdən nektar toplamağa başlayır. Daha sonra arı ailələrini Ağdaşın Xosrov və Gülbəndi kəndlərinə köçürürük, çünki bu ərəfədə həmin yerlərdə çiçəklənmənin aktiv dövrü olur. Hazırda isə Akasiya çiçəklərinin açması ilə əlaqədar Qəbələnin Mamaylı kəndinə gəlmişik”, – deyən Anar Məmmədov arıçılığın heç də asan olmadığını vurğulayır.

O, iki həftədən sonra başqa bir ərazidə qaratikan çiçəkləri, daha sonra isə şabalıd balı üçün yer dəyişəcəklərini söyləyir. Arıçı onu da əlavə edir ki, əgər arı ailələrinin yeri vaxtında dəyişdirilməzsə, bu, həm balın keyfiyyətinə, həm də arıların fəallığına mənfi təsir göstərir.

Mövzu keyfiyyətli və təmiz baldan düşmüşkən, Anar Məmmədov son vaxtlar balın krem halına salınaraq təqdim olunması prosesinə də diqqət çəkib. Bildirib ki, əslində bu sahədə bəzi işbazlar var ki, saxta məhsulları təmiz krem balı kimi insanlara satmaq istəyirlər. Lakin təcrübəli arıçılar bu prosesi müasir texnoloji avadanlıqlarla etməyi məsləhət görürlər. “Krem balı aparatları mövcuddur, oraya 20-30 kiloqram süzülmüş bal və 1 kiloqram kremlənmiş bal mayası əlavə edilərək aparat işə salınır. Cihaz 8-10 gün ərzində aramla işləyərək həmin balı həll edir və nəticədə keyfiyyətli krem bal alınır”, - deyən Anar Məmmədov onu da əlavə edir ki, adətən azyaşlılar və yeniyetmələr adi balı yemirlər, krem bal isə xoşlarına gəlir. Bu səbəbdən uşaqların və müxtəlif yaş qruplarına daxil olan insanların belə ekoloji təmiz məhsullardan istifadəsi olduqca faydalıdır.

Uzun illərin təcrübəsinə əsaslanan arıçılar bildirirlər ki, builki hava şəraiti may balının əldə olunmasını çətinləşdirir. Ona görə də arı ailələrinin sağlamlığına diqqəti artırmaq və prosesin iyul ayına kimi davam etməsini gözləmək lazımdır. Əgər arıçılar mütləq may ayında bal əldə etmək istəsələr, bu, arı ailələrinin qida mənbəyini zəiflədə bilər və nəticədə növbəti xəstəliklərə, digər fəsadlara yol açar. İyul ayında süzülən bal isə arıların bütün bitki və otlardan tam qidalanması, daha keyfiyyətli məhsulun əldə olunması deməkdir.

Müxbir - Rasim İslamoğlu

Избранный
40
azertag.az

1Источники