“Artıq 2 gündür ki, WUF13-də şəxsən iştirak edirəm. İlk təəssüratlarım tədbirin yüksək səviyyədə təşkil olunması, peşəkar yanaşma və forumun beynəlxalq diqqət mərkəzində olması ilə bağlıdır. Forum hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, ekspertləri, vətəndaş cəmiyyətini, gəncləri və dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirib”.
Bu fikirləri Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi və təşkilatının rəhbəri Südabə Şirəliyeva QHT.az-a açıqlamasında bildirirb.
Südabə Şirəliyeva bildirib ki, Dünya Şəhər Forumu artıq şəhərlərin gələcəyi və davamlı inkişaf mövzularında əsas beynəlxalq platformalardan birinə çevrilib:
“Bu gün Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı (BMT-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Dünya Şəhər Forumu (WUF13) Bakıda öz işini davam etdirdi. “Hamı üçün sığınacaq: Təhlükəsiz və davamlı şəhərlər və icmalar” mövzusuna həsr olunan forum artıq şəhərlərin gələcəyi və davamlı inkişaf məsələlərinin müzakirə olunduğu ən böyük beynəlxalq platformalardan birinə çevrilib”.
Müsahibimiz vurğulayıb ki, Liderlər Zirvəsinin ilk dəfə Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun göstəricisidir:
“Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın təşəbbüsü ilə Dünya Şəhər Forumunun tarixində ilk dəfə Liderlər Zirvəsi keçirilir. Bu, ölkəmizin davamlı inkişaf, urbanizasiya və beynəlxalq əməkdaşlıq sahəsində artan rolunun mühüm göstəricisidir”.
S.Şirəliyevanın fikrincə, forum çərçivəsində keçirilən tədbirlər qlobal şəhər problemlərinin müzakirəsinə geniş imkan yaradır:
“Bugünkü proqram çərçivəsində assambleyaların birgə yekun iclası, Urban Expo-nun rəsmi açılışı və Afrika nazirlərinin regional görüşü də təşkil olundu. Forum iştirakçıları davamlı şəhər inkişafı, iqlim dəyişikliyi, mənzil siyasəti, sosial inteqrasiya, şəhər təhlükəsizliyi və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsi məsələlərini fəal şəkildə müzakirə edirlər”.
Südabə Şirəliyeva qeyd edib ki, forumda vətəndaş cəmiyyəti və həssas qrupların roluna xüsusi diqqət ayrılır:
“WUF13 çərçivəsində vətəndaş cəmiyyətinin, gənclərin, qadınların və yerli icmaların davamlı və təhlükəsiz şəhərlərin inkişafındakı roluna xüsusi diqqət ayrılması xüsusilə önəmlidir. Belə beynəlxalq platformalar təcrübə mübadiləsi, yeni yanaşmaların müzakirəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm imkanlar yaradır”.
Müsahibimiz bildirib ki, rəhbərlik etdiyi təşkilat forumda sosial inteqrasiya və təhlükəsiz şəhər mühiti məsələlərini ön plana çıxarır:
“BMT İqtisadi və Sosial Şurası yanında məsləhətçi statusuna malik təşkilatımız — Qadınlar və Müasir Dünya Sosial Xeyriyyə Mərkəzi (CWMW) də forumda iştirak edir. Biz xüsusilə sosial inteqrasiya, həssas qruplara dəstək, davamlı regional inkişaf, şəhərsalmada qadınların rolu, eləcə də uşaqlar və gənclər üçün təhlükəsiz şəhər mühitinin yaradılması mövzularına xüsusi önəm veririk”.
S.Şirəliyevanın sözlərinə görə, Azərbaycan bu forum vasitəsilə qlobal proseslərdə fəal iştirak etmək əzmini nümayiş etdirir:
“Bu gün Azərbaycan dünyaya yalnız beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını deyil, həm də davamlı inkişaf, ərazilərin bərpası və müasir, təhlükəsiz, inklüziv şəhərlərin qurulması istiqamətində qlobal proseslərdə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirir”.
Südabə Şirəliyeva vurğulayıb ki, azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı forumun əsas müzakirə mövzularındandır:
“Forum çərçivəsində Azərbaycanın azad edilmiş ərazilərinin bərpası, ekoloji problemlər, müasir infrastrukturun qurulması və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün layiqli mənzil təminatı məsələləri də müzakirə olunur. Bu mövzular yalnız Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün də böyük əhəmiyyət daşıyır”.
Müsahibimiz hesab edir ki, WUF13 gələcək əməkdaşlıqlar və yeni təşəbbüslər üçün mühüm platforma olacaq:
“WUF13 mayın 22-dək davam edəcək və yeni təşəbbüslərin irəli sürülməsi, tərəfdaşlıqların gücləndirilməsi və dünyada davamlı şəhərsalmanın təşviqi baxımından mühüm platforma rolunu oynayacağı gözlənilir”.