RU

Şəhərlərin iqlimə uyğunlaşdırılması

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

WUF13 çərçivəsində Azərbaycan pavilyonunda “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda müzakirə keçirilib.

– COP29-un prezidenti Muxtar Babayev bildirdi:

– COP29 Bakı Azərbaycanın qlobal iqlim əməkdaşlığına və praktiki iqlim fəaliyyətinə sadiqliyini nümayiş etdirdi. Tədbir iqlim maliyyələşməsi, adaptasiya və icra sahələrində mühüm nəticələr qazandırdı, iqlim riskləri ilə üzləşən şəhərlərdə və icmalarda dayanıqlılığın gücləndirilməsi ehtiyacını bir daha diqqətə çatdırdı. Bu gün dünya geosiyasi parçalanma, ekoloji təzyiqlər və sürətlənən iqlim təsirləri ilə üz-üzədir. İqlim dəyişikliyi bütün dünyada şəhər reallıqlarını yenidən formalaşdırır.

Son 3 il qlobal miqyasda indiyədək müşahidə olunan ən isti illər kimi qeydə alınıb.

Şəhərlər getdikcə daha çox bu təsirlərə məruz qalırlar. Daşqınlar, istilik dalğaları, fırtınalar, quraqlıqlar və torpaq sürüşmələri infrastrukturun zədələnməsinə, vacib xidmətlərin pozulmasına və dünyada milyonlarla insanın həyatına təsir göstərir.

Erkən xəbərdarlıq sistemləri iqlimlə bağlı fəlakətlər zamanı insan itkilərini və xəsarətləri azaltmağa, iqtisadi zərərləri minimuma endirməyə və kritik infrastrukturu qorumağa kömək edir. Araşdırmalar göstərir ki, təhlükəli hadisədən cəmi 24 saat əvvəl edilən xəbərdarlıq itki və zərərləri 30 faizə qədər azalda bilər.

Amma erkən xəbərdarlıq sistemləri hökumətlərə məlumatlı və elmi əsaslı qərarlar qəbul etməyə kömək edir və xüsusilə ən həssas icmaların dayanıqlığını artırır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva müzakirədə söylədi:

– Azərbaycan da müxtəlif ekoloji problemlər və iqlimlə bağlı risklərlə üz-üzədir. Bu səbəbdən şəhərlərdə daha dayanıqlı və güclü infrastrukturun qurulması, iqlim dəyişikliklərinin yaratdığı təhlükələrə qarşı davamlılığın artırılması böyük əhəmiyyət daşıyır.

Ümumdünya hesabatlarında qeyd olunur ki, şəhərlər getdikcə daha çox istilik dalğaları, daşqınlar, dəniz səviyyəsinin yüksəlməsi və digər təbii fəlakətlərlə qarşılaşır. Bu risklər həm insanların həyatına, həm də şəhər infrastrukturuna ciddi zərər vurur.

Təhlükələrin vaxtında izlənməsi, proqnozlaşdırılması və əhali üçün əlçatan xəbərdarlıq sistemlərinin qurulması insan itkilərinin və maddi zərərlərin azalmasına kömək edir. Bu cür sistemlər artıq seçim deyil, həyati əhəmiyyət daşıyan investisiya hesab olunur.

Azərbaycan şəhərlərdə iqlim dəyişikliklərinə uyğunlaşmanı gücləndirmək məqsədilə milli adaptasiya planı üzərində də fəaliyyətini davam etdirir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova:

– İsti hava dalğaları, daşqınlar və quraqlıqlar bütün dünyaya təsir edir. Bu baxımdan, vaxtında xəbərdarlıq çox önəmlidir. "Ağıllı şəhər" texnologiyalarının tətbiqi hadisədən saatlar əvvəl tədbir görülməsinə imkan yaradır. Xəbərdarlıqlar sadə dildə, həssas qrupların xüsusiyyətləri nəzərə alınmaqla çatdırılmalıdır. Ekoloji maarifləndirmə və ekoloji mədəniyyət formalaşmalı, inklüziv şəhərsalma layihələrinə üstünlük verilməlidir.

Monitorinqlər göstərir ki, fəlakət risklərinin müəyyən edilməsində ailədaxili maarifləndirmə də mühüm rol oynayır. Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması və onların iqlim risklərinə hazırlanması qarşıda duran ən böyük vəzifələrdən biridir.

Hazırladı:Ləman TƏHMƏZ,Cavid QAÇAYEV (foto)XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
1
xalqqazeti.az

2Источники