RU

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə çağdaş şəhərsalmanın baş memarıdır

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Milli irs, müasir yanaşmalar və qlobal məskunlaşma strategiyasına töhfələr

Azərbaycanın müasir inkişaf tarixində xüsusi yer tutan şəhərsalma və memarlıq siyasətinin uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz təkcə regionun deyil, dünyanın diqqət mərkəzində olan urbanizasiya nümunələrindən birinə çevrilib. Tarixi irsin qorunması ilə müasir memarlığın uzlaşdırılması, dayanıqlı şəhər modellərinin qurulması, “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyalarının tətbiqi, eləcə də işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın şəhərsalma siyasətində prioritet istiqamət kimi daim diqqət mərkəzində saxlanılıb.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xətti bu inkişafın təməl prinsipinə çevrilib. Başqa sözlə, dahi şəxsiyyətin ölkəyə rəhbərliyi dövründə şəhərsalma və memarlıq sahəsində sistemli yanaşmanın əsasları formalaşdırılıb, milli memarlıq ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb, respublikada şəhərlərin planlı inkişafı, yaşayış massivlərinin yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi, milli memarlıq ənənələrinin qorunması istiqamətlərində mühüm qərarlar qəbul olunub.

Ulu öndərin respublikamıza ilk rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma sistemlərinin qorunması və müasirləşdirilməsi ilə bağlı zəruri layihələr gerçəkləşdirilib. Şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılıb, yaşayış və inzibati binaların tikintisi geniş vüsət alıb, şəhərsalma və memarlıq fəaliyyətinin davamlılığını təmin edən əsaslı layihələr reallaşdırılıb. Xüsusilə paytaxt Bakı ilə yanaşı, regionlarda da yeni sənaye və yaşayış məntəqələrinin salınması, sosial obyektlərin inşası urbanizasiya prosesində yeni dinamika ilə fərqlənib.

Eyni zamanda, bu illərdə milli memarlıq irsinə münasibət də dəyişilib. Tarixi abidələrin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Azərbaycanın qədim şəhərlərinin memarlıq üslubunun saxlanılması ilə yanaşı, müasir tikinti texnologiyalarının tətbiqi ilə şəhərsalma sahəsində yeni inkişaf mərhələsinin əsası qoyulub.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin qarşısında duran əsas vəzifələrdən biri dağıdılmış iqtisadiyyatın bərpası və müasir dövlət quruculuğunun gerçəkləşdirilməsi olub. Bu mərhələdə də Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə şəhərsalma və memarlıq xüsusi diqqətdə saxlanılıb, tarixi-mədəniyyət abidələrinin bərpası, milli memarlıq məktəbinin inkişafı, şəhərlərin sosial-iqtisadi baxımdan yenilənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Qürurverici haldır ki, Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə respublikanın şəhərsalma və memarlıq sahəsində region üçün nümunə sayılan mühüm göstəricilər əldə olunur. Son illərdə isə genişmiqyaslı infrastruktur və abadlıq layihələrinin uğurlu icrası ilə Azərbaycanın urbanizasiya siyasəti müasir çağırışlara uyğun həyata keçirilir. Xüsusilə paytaxt Bakının simasının dəyişməsi, şəhərin müasir memarlıq nümunələri ilə zənginləşdirilməsi, ekoloji və sosial amillərin nəzərə alınması ilə urbanizasiya prosesində yeni baxış formalaşır.

Dövlət başçısı İlham Əliyev prezidentlik fəaliyyəti dövründə ölkədə həyata keçirilən abadlıq-quruculuq layihələrinin icrası, yeni parkların və istirahət mərkəzlərinin salınması, qədim memarlıq abidələrinin bərpası zamanı mədəni irsin qorunmasını və gələcək nəsillərə çatdırılmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi daim diqqətdə saxlayıb. Çoxəsrlik yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığının xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutduğunu çıxışlarında xüsusi vurğulayan ölkə rəhbəri sənətkarlarımızın klassik Şərq ənənə və prinsiplərinə əsaslanaraq yaratdıqları misilsiz memarlıq incilərinin dünya mədəni irsinin ayrılmaz hissəsi olaraq hər birimiz üçün qürur mənbəyinə çevrildiyini dəfələrlə bildirib.

Elə bunun nəticəsidir ki, dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələrin icrası nəticəsində ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənəti yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələrlə diqqət çəkib. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq büruzə verib.

Prezident İlham Əliyevin yeniliyə və təkmilləşməyə marağı həyata keçirilən hər bir layihədə öz əksini tapır. Dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Bakının ən gözəl və yaşamaq üçün əlverişli şəhərlər sırasında yer alması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin uğurlu nəticəsi kimi diqqət çəkir. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər və suverenliyimizin tam bərpası isə respublikamızda şəhərsalma siyasətinin yeni mərhələsini formalaşdırır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın təkmil şəhərsalma təcrübəsinin real nümunəsi olaraq dünyada böyük maraq doğurur.

Qarabağ və Şərqi Zəngəzurun 30 illik işğalı dövründə tamamilə dağıdılan şəhər və kəndlərimiz bu gün Baş plan əsasında yenidən qurulur. Ağdam, Füzuli, Zəngilan, Şuşa, Laçın, Cəbrayıl və digər yaşayış məntəqələrinin inşası müasir urbanizasiya prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Xüsusilə “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyalarının tətbiqi ilə Azərbaycanın innovativ şəhərsalma siyasəti diqqət mərkəzində saxlanılır. Bu konsepsiya çərçivəsində enerji səmərəliliyi, rəqəmsal idarəetmə, alternativ enerji mənbələrindən istifadə, ekoloji tarazlığın qorunması və müasir sosial infrastrukturun yaradılması kimi məsələlərə əsas prioritetlər kimi yanaşılır.

Adları çəkilən iqtisadi rayonlarda aparılan genişmiqyaslı quruculuq layihələri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və güclü icra imkanlarını nümayiş etdirir. Bu proses şəhərlərin bərpası ilə bərabər, həm də yeni həyat fəlsəfəsinin formalaşdırılmasından xəbər verir. Vətən savaşından ötən illər ərzində doğma yurd-yuvasından didərgin düşən 85 min insanın torpaqlarına qovuşması, bu ərazilərdə 307 meqavatlıq hidroenerji gücün istifadəyə verilməsi, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyasının gerçəkləşdirilməsi və ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometrinin artıq istifadəyə verilməsi də vurğulanan fikrin bariz nümunəsidir.

Bakının dünyanın ən gözəl meqapolislərindən birinə çevrilməsində, paytaxtın müasir simasının formalaşmasında son illər həyata keçirilən memarlıq layihələrinin mühüm rolu var. Şəhərin yeni simvolları hesab olunan Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bakı Kristal Zalı və Ağ Şəhər kimi layihələr Azərbaycanın inkişaf dinamikasını nümayiş etdirir. Müasir memarlıq üslubu ilə milli ənənələrin harmoniyasını özündə birləşdirən bu tikililər artıq dünya memarlıq inciləri sırasında xüsusi yer tutur. 2015-ci ildə ölkəmizin ev sahibliyi etdiyi Avropa Oyunlarına hazırlıq mərhələsində inşa olunan Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi kimi obyektlər də paytaxtın memarlıq görünüşünə əlavə gözəllik qatır.

Deyirlər ki, hər bir ölkə onun paytaxtı ilə qiymətləndirilir. Bu mənada, hazırda müasirliyi və zəngin memarlıq abidələri ilə diqqət çəkən baş şəhərimiz qonaqlarda Azərbaycanın inkişaf səviyyəsi, xalqın milli mədəniyyəti, həyat tərzi barədə xoş təəssüratlar yaradır. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyir: “Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Paytaxta gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə şəhərdə gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşərək qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir”.

Paytaxtımızın bu gün sürətlə inkişaf etməsindən bəhs edərkən mühüm bir məqamı da xüsusi vurğulamaq lazımdır. Hər bir şəhərin öz simasını daim yeniləməsi, müasirləşməsi dünyada baş verən yeniliklərin şəhər həyatına uğurla inteqrasiya olunması, sakinlərin daha yüksək səviyyəli rahatlıq və xidmətlərlə təmin edilməsidir. Lakin Bakının inkişaf konsepsiyası bir sıra meqapolislərdə müşahidə olunan “hər şeyi dağıdıb yenidən tikmək” praktikasından tamamilə fərqlənir. Belə ki, müasirləşən Bakımızda şəhərin əsrlərdən gələn koloritinə, tarixi tikililərinə dövlət başçısı səviyyəsində son dərəcə həssas və məsuliyyət münasibət bəslənilir.

Prezident İlham Əliyev dəfələrlə paytaxtımızın tarixi simasının qorunmasının vacibliyini önə çəkərək xüsusi vurğulayıb: “Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir”.

Şəhərimizin yeni inkişaf strategiyasında Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə yüksək səviyyədə əməl olunur. Bu gün paytaxtın qədimliklə müasirliyin unikal vəhdətində inkişaf etməsindən böyük qürur hissi yaşanır. İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı və digər daş abidələr zəngin tariximizdən xəbər verir, xalqımızın şəhərsalma mədəniyyətinin hələ bir neçə əsr əvvəl də yüksək səviyyədə olduğunu təsdiqləyir. Əlamətdar haldır ki, son illərdə Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtın bir sıra tarixi tikililərində, o cümlədən İçərişəhərdə yüksək zövqlə təmir-bərpa işləri aparılıb, bu abidələrə, necə deyərlər, ikinci həyat verilib.

Yaxşı xatırlayırıq ki, 2013-cü ildə Bakıda nadir hadisə baş verdi: Füzuli küçəsində yerləşən 39 saylı bina yolun genişləndirilməsi ilə əlaqədar, təxminən, 10 metr geriyə sürüşdürüldü. Məsələ burasındadır ki, 1908-ci ildə neft maqnatları Hacınski qardaşları tərəfindən tikdirilən həmin bina tarixi memarlıq əhəmiyyəti daşıyırdı. Füzuli küçəsinin genişləndirilməsi ilə əlaqədar binanın gələcək taleyi gündəmə gəlmişdi. Paytaxtın hər bir memarlıq elementinə böyük önəm verən Prezident İlham Əliyev tarixi əhəmiyyətli tikilinin qorunması ilə bağlı konkret tapşırıqlar verdi və nəticədə “Hacınski qardaşlarının evi” kimi tanınan bina öz tarixi görkəmində saxlanıldı. Sürüşdürmə prosesini Prezident İlham Əliyevin şəxsən izləməsi dövlət başçısının, bütövlükdə, Bakının tarixi simasının qorunmasına necə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqlədi.

Bakının qədim simasının qorunması tarixi irsimizə verilən yüksək dəyərin bariz nümunəsidir. Eyni zamanda, göz önündə yüksələn əzəmətli tikililəri, yeni memarlıq nümunələri ilə seçilən müasir şəhərimizin formalaşması da hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi oyadır. Bir tərəfdə tarixin daş yaddaşı, digər tərəfdə isə müasirliyin simvoluna çevrilən möhtəşəm binalar və yeni gözəllik rəmzləri... İlk baxışda təzadlı görünən bu mənzərə, əslində, xalqımızın keçmişinə bağlılığını, milli-mənəvi dəyərləri yaşatmaq iradəsini, eyni zamanda, müasirliyə və tərəqqiyə daim can atmasını aydın şəkildə nümayiş etdirir. Qədimliklə müasirliyin bu unikal vəhdəti Bakının özünəməxsus simasını formalaşdıran əsas amillərdən biridir.

Bu məqamda onu da qeyd edək ki, paytaxtın inkişafına daim diqqət və qayğı göstərən Prezident İlham Əliyev şəhərdə aparılan tikinti-quruculuq işlərinə yüksək tələbkarlıqla yanaşır. Dövlət başçısının mövqeyi qətidir: yeni tikililər ucaldılarkən yer seçimi düzgün aparılmalı, binaların fasadında və daxili tərtibatında ən mükəmməl memarlıq həllərinə üstünlük verilməli, eyni zamanda, keyfiyyətli inşaat materiallarından istifadə olunmalıdır.

Son illərdə Bakıda yaradılan yeni gözəllik rəmzlərinin böyük əksəriyyətinin memarlıq həllinin məhz dövlət başçısının müəyyənləşdirdiyi meyarlar əsasında formalaşdırılması da yuxarıdakı fikrin bariz ifadəsidir. Bu baxımdan paytaxtın yeni rəmzləri sırasında 2012-ci ildə istifadəyə verilən Heydər Əliyev Mərkəzi xüsusi yer tutur. Dünyaşöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilən bu möhtəşəm binada düz xətlərdən istifadə olunmaması onun fərqliliyini daha da artırır. Dalğavari formada yerdən səmaya yüksələn və yenidən zərif şəkildə yerə qovuşan bu memarlıq nümunəsi sonsuzluğu və davamlı inkişafı təcəssüm etdirir.

Şəhərimizin simasında xüsusi yer tutan daha bir möhtəşəm memarlıq ansamblı Bakının tarixi simvolu sayılan 3 alovu əks etdirən “Alov qüllələri”dir. Dağüstü ərazidə inşa olunan 39, 37 və 34 mərtəbəli bu tikililər şəhər üzərində əbədi yanan 3 alov dilini xatırladır. Paytaxtın demək olar ki, hər yerindən görünən “Alov qüllələri”nin üzərində gecələr dalğalanan üçrəngli bayrağımız isə hər bir azərbaycanlının qəlbində sonsuz iftixar və qürur hissi doğurur.

Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimindəki çıxışında son illər paytaxtda həyata keçirilən abadlıq-quruculuq layihələrinin icrası, yeni parkların və istirahət mərkəzlərinin salınması, qədim memarlıq abidələrinin bərpası haqqında danışaraq Bakının dünyanın ən cəlbedici şəhərlərindən birinə çevrildiyini diqqətə çatdırır: “Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir”.

Bu fikir paytaxtın keçdiyi inkişaf yolunun dolğun mənzərəsindən xəbər verməklə bərabər, həm də müstəqillik dövründə Abşeronun və paytaxt Bakının ekoloji durumunun yaxşılaşdırılmasının mühüm məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılmasından xəbər verir. Dövlət başçısının siyasi iradəsi əsasında hazırda da bu istiqamətdə məqsədyönlü tədbirlər görülür, şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılır, bir çox önəmli layihələr icra edilir.

Yeri gəlmişkən, xatırladaq ki, indiyədək şəhərimizin ekologiyasına ciddi ziyan vuran bir sıra mənbələr aradan qaldırılıb. Məsələn, paytaxtımızın şərqində, Bakı buxtasının mərkəzində 221 hektar sahəni əhatə edən “Qara şəhər” “Ağ şəhər”ə çevrilib. Dövlət başçısının iştirakı ilə 2011-ci il dekabrın 24-də “Qara şəhər”in ərazisində yaradılacaq “Ağ şəhər”in təməlqoyma mərasimi keçirilib. Bununla da onilliklər ərzində neftlə çirklənmiş, insanların təsəvvüründə ölü zona kimi qalmış “Qara şəhər”in yeni siması formalaşmağa başlayıb. Bu gün isə bəhs olunan ərazidə salınan “Ağ şəhər” yüksək infrastruktura malik “şəhər içində şəhər”ə çevrilib.

Yaxud Bibiheybət neft mədənləri bir vaxtlar ekoloji fəlakət mənbəyi idi. Bu ərazidə acınacaqlı vəziyyət hökm sürürdü. Burada neftlə çirklənmiş torpaq sahələri, gölməçələr ciddi narahatlıq doğururdu. Qısa müddətdə bütün bunların hamısı ləğv edilərək yerində gözəl parklar salındı. Paytaxtın ekologiyasına ciddi ziyan vuran mənbələr arasında daha çox narahatlıq doğuran keçmiş Balaxanı zibilxanasından qalxan tüstü havanı çirkləndirirdi. Bundan xüsusilə ətraf qəsəbələrdə yaşayan əhali əziyyət çəkirdi. Çox qısa müddətdə həmin zibilxana ləğv edilərək yerində müasir poliqon quruldu. Burada ən müasir standartlar əsasında məişət tullantılarının çeşidlənməsi və zərərsizləşdirilməsi ilə ekologiyaya mənfi təsirlər minimuma endirildi.

Böyükşor gölü də ciddi təhlükə mənbəyi idi. Onilliklər ərzində bu gölə axıdılan kanalizasiya, lay suları sözügedən ərazini də ekoloji fəlakət zonasına çevirmişdi. Dövlət başçısının tapşırığı əsasında göldə xarici şirkətlərin iştirakı ilə təmizlik işləri aparıldı. Böyükşor gölünün bir hissəsində ekoloji standartlara tam cavab verən park salındı. Gölün üzərindən həm də yeni yol çəkildi, eyni zamanda, digər hissəsinin təmizlənməsi istiqamətində müəyyən layihələrin aparılmasına başlandı.

Beləliklə, Prezident İlham Əliyevin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı sərəncamı da ölkə rəhbərinin bu sahəyə verdiyi xüsusi önəmin göstəricisidir. Sərəncamda vurğulandığı kimi, respublika ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscidlər, məbədlər və türbələr milli memarlıq ənənələrinin zənginliyini əks etdirir. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçiriləcək tədbirlər ölkəmizin beynəlxalq təqdimatı baxımından da mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs Azərbaycanın urbanizasiya və memarlıq sahəsində qazandığı uğurların beynəlxalq miqyasda tanıdılmasına əlavə imkanlar yaradır. Başqa sözlə, ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

Ölkəmiz iqlim dəyişmələri, dayanıqlı şəhərlərin qurulması və urbanizasiya problemlərinin həllində etibarlı tərəfdaş kimi qəbul edilir. Bütün bunlar isə Azərbaycanın şəhərsalma və memarlıq sahəsində qazandığı uğurlarla dünyaya nümunə göstərən ölkələrdən biri olduğunu deməyə əsas verir.

Paytaxt Bakı ilə yanaşı, regionların və işğaldan azad edilmiş ərazilərin müasir tələblərə uyğun şəkildə yenidən qurulması dövlətimizin gücünü, strateji baxışını və yüksək idarəçilik qabiliyyətini nümayiş etdirir. Tarixi irsin qorunması ilə müasir memarlığın vəhdəti, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirir.

Şübhəsiz, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlər, eləcə də 13-cü Ümumdünya Şəhərsalma Forumu ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasını, yeni əməkdaşlıq formatlarının formalaşmasını və respublikamızın qlobal urbanizasiya proseslərində rolunun güclənməsini şərtləndirir.

Vaqif BAYRAMOVXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
xalqqazeti.az

2Источники