RU

WUF13: Urbanizasiya islahatlarının beynəlxalq müstəvidə effektləri

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qlobal şəhərsalma gündəliyinin ən mühüm platformalarından biri olan Dünya Şəhərsalma Forumu (WUF), BMT-nin Məskunlaşma Proqramı – BMT-Habitat tərəfindən təşkil edilən və şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, urbanizasiya çağırışları kimi mövzuların müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biridir. COP kimi iqlim gündəliyindən sonra qlobal miqyasda ən böyük tematik forumlardan biri hesab edilən bu tədbirin 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi isə təkcə texniki təşkilati qərar deyil, həm də siyasi və strateji məna daşıyan mühüm hadisə kimi qiymətləndirilir.

Lakin burada əsas sual yaranır: WUF13-ün Azərbaycanda keçirilməsi ölkənin qlobal şəhərsalma diskursunda mövqeyini möhkəmləndirəcək strateji dönüş nöqtəsidir, yoxsa sadəcə beynəlxalq tədbirlər silsiləsində növbəti prestijli ev sahibliyi kimi qalacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov deyib ki, WUF13-ün Azərbaycanda keçirilməsi  simvolik ev sahibliyindən əlavə, ölkənin qlobal şəhərsalma gündəliyində mövqeyini gücləndirən strateji hadisədir: 

"Bunun əsas səbəbi Azərbaycanın son illərdə urbanizasiya, infrastruktur yenilənməsi və xüsusilə post-münaqişə ərazilərinin bərpası istiqamətində həyata keçirdiyi genişmiqyaslı siyasətdir".

O, məsələni punktlarla izah edib:

"WUF13 Azərbaycana beynəlxalq şəhərsalma ekspertlərinin, donor təşkilatların və dövlət nümayəndələrinin diqqətini cəlb etməklə ölkəni qlobal urbanizasiya dialoqunun aktiv iştirakçısına çevirir. Bu, sadəcə tədbir ev sahibliyi deyil, həm də təcrübə mübadiləsi və yeni əməkdaşlıq platformalarının formalaşması deməkdir".

Eldar Cəfərov:  Azərbaycan qlobal urbanizasiya diskursunda daha görünən ölkəyə çevrilib

Həmsöhbətimiz qeyd edib ki,  Azərbaycanın xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri WUF13 çərçivəsində real model kimi təqdim edilə biləcək nümunələrdir. Bu isə ölkəyə yalnız nəzəri deyil, praktik urbanizasiya təcrübəsi olan dövlət imici qazandırır:

"Belə beynəlxalq forumlar ölkənin yumşaq gücünü artırır. Bakı artıq COP29, Avropa oyunları, İslam Həmrəyliyi Oyunları kimi tədbirlərlə formalaşan qlobal tədbir ev sahibliyi təcrübəsini WUF13 ilə daha da möhkəmləndirir. Bu isə Azərbaycanın beynəlxalq etimad kapitalını artırır".

Sonda müsahibimiz vurğulayıb ki, WUF13 Azərbaycanın şəhərsalma sahəsində yalnız iştirakçı deyil, həm də gündəm formalaşdıran aktor kimi çıxış etdiyini göstərir:

"Yəni bu forum ölkə üçün sadəcə prestijli tədbir yox, uzunmüddətli strateji mövqelənmənin bir hissəsidir və Azərbaycanın qlobal urbanizasiya diskursunda daha görünən və təsirli aktora çevrilməsinə xidmət edir".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
bakivaxti.az

1Источники