RU

“Rusiya və İranla da quru sərhədlərin açılması mümkündür” – Razi Nurullayevlə gündəm SÖHBƏTİ

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev cavablandırıb. Millət vəkili ilə söhbətimizin əsas mövzusu quru sərhədlərin açılması məsələsidir. Müsahibəni təqdim edirik:

 

- Razi bəy, mayın 26-da Bakı-Tiflis-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir. Sizcə, növbəti addım Gürcüstanla quru sərhədin açılması ola bilərmi, yoxsa hələ tezdir?

 

- Tiflisə sərnişin qatarlarının bərpası regionda əlaqələrin bərpası istiqamətində müsbət addımdır. Bu prosesin davamı kimi Gürcüstanla quru sərhədin açılması həm iqtisadi aktivliyi artırmaq, həm də insanlar arasında gediş-gəlişi asanlaşdırmaq baxımından vacibdir. Bu, təkcə nəqliyyat məsələsi deyil, həm də regional inteqrasiyanın güclənməsi deməkdir. Hesab edirəm ki, mərhələli şəkildə bu istiqamətdə addımların atılması artıq daha real görünür.

 

- Rusiya və İranla necə, quru sərhədləri açmağa hazırlaşmaq olarmı, yoxsa təhlükəsizliklə bağlı risklər qalır?

 

- Rusiya və İranla quru sərhədlərin açılması da strateji baxımdan əhəmiyyətlidir. Bu ölkələrlə geniş iqtisadi və ticarət əlaqələr nəzərə alınsa, sərhədlərin açılması logistik imkanları genişləndirə, regionun tranzit potensialını artıraraq ölkəyə əlavə üstünlüklər qazandıra bilər. Əlbəttə, təhlükəsizlik məsələləri daim diqqətdə saxlanmalıdır, lakin paralel olaraq açılmaya hazırlıq görülməsi və mərhələli yanaşma tətbiq edilməsi həm mümkün, həm də zəruridir.

 

- Bəs bu ilin sonu yekun sülh sənədi imzalanarsa, Ermənistana quru sərhədi keçərək getməyi təsəvvür edirsizmi?

 

- Əgər ilin sonuna qədər yekun sülh sənədi imzalanarsa, bu, regionda yeni reallıq yarada bilər. Belə bir halda Ermənistanla quru sərhədin açılması artıq nəzəri deyil, praktik müzakirə mövzusuna çevrilə bilər. Amma bu da yalnız sənədin imzalanması ilə yox, onun icrası, qarşılıqlı etimadın formalaşması və təhlükəsizlik təminatları ilə mümkün olacaq.


Emil Salamoğlu
Musavat.com

Избранный
34
2
musavat.com

3Источники