RU

Ukrayna ABŞ-ın "icazə tələsi"ndən çıxır: Bu niyə Rusiyanın problemi olur?

Ukrayna mərhələli şəkildə Rusiya ərazisinə zərbələr endirmək imkanını ABŞ və digər Qərb tərəfdaşlarının siyasi məhdudiyyətlərindən asılı olmadan əldə edir. 

HİT.az xəbər verir ki, bu nəticəyə “Newsweek” nəşri Rusiyanın Moskvaya qarşı həyata keçirilən ən genişmiqyaslı dron hücumlarından birini təhlil etdikdən sonra gəlib.

Nəşrin qiymətləndirməsinə görə, Rusiya rəhbərliyi yalnız növbəti hərbi zərbə ilə deyil, həm də yeni strateji problemlə üz-üzə qalıb: Kiyev artıq “icazə tələsi” adlandırılan sistemdən çıxmağa başlayır. Bu sistemdə uzaqmənzilli zərbələrin mümkünlüyü ABŞ və müttəfiqlərin qərarlarından asılı idi.

17 may gecəsi Ukrayna Rusiya ərazisinə, o cümlədən Moskva istiqamətinə genişmiqyaslı dron hücumu həyata keçirib. Rusiya Müdafiə Nazirliyi bir sutka ərzində 1000-dən çox pilotsuz uçuş aparatının guya vurulduğunu bildirib. Moskva ətrafında hava limanları müvəqqəti bağlanıb, Rusiya hakimiyyəti isə zərbələrin nəticələri ilə bağlı məlumatların yayılmasını məhdudlaşdırmağa başlayıb.

“Newsweek” qeyd edir ki, hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinə baxmayaraq, Moskva ətrafına davamlı zərbələr Rusiyanın “nəzarətli vəziyyət” narrativini zəiflədir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Naycel Qould-Devis bildirib ki, Ukrayna artıq Moskva ətrafı da daxil olmaqla çox böyük miqyasda zərbələr endirmək qabiliyyətini nümayiş etdirir.

Onun sözlərinə görə, Rusiyada son aylarda müharibənin adi vətəndaşların həyatına daha çox yaxınlaşması fonunda narahatlıq artır.

Qərb uzun müddət Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirə bilən silahların verilməsi ilə bağlı ehtiyatlı mövqe sərgiləyib. ABŞ və Avropa ölkələri eskalasiya riskindən ehtiyatlanıb.

Xüsusilə Almaniya bu günə qədər “Taurus” raketlərinin verilməsindən çəkinir.

Lakin hazırda vəziyyət tədricən dəyişir: əsas səbəb Qərbin siyasətindən çox, Ukraynanın öz hərbi imkanlarını genişləndirməsidir.

Məqalədə qeyd olunur ki, Ukrayna müdafiə sənayesi uzaqmənzilli dron və raketlərin istehsalını artırır. Son hücumlarda FP-1 “Firepoint”, RS-1 “Bars” və “Bars-SM Gladiator” tipli Ukrayna dronlarından istifadə edildiyi bildirilir.

FP-1-in 900 mildən (təxminən 1450 km) çox məsafəni qət edə bildiyi və döyüş yükü daşıdığı iddia olunur. Həmçinin FP-5 “Flamingo” adlı Ukrayna qanadlı raketinin 3000 km-ə qədər uçuş məsafəsinə malik olduğu qeyd edilir. Bu göstəricilər hələlik müstəqil şəkildə tam təsdiqlənməyib, çünki layihələr qismən məxfi saxlanılır.

“Newsweek” vurğulayır ki, Kreml üçün əsas problem təkcə hərbi itkilər deyil, həm də siyasi təsirdir: müharibənin Rusiya əhalisinin gündəlik həyatına birbaşa təsir etməsi.

Rusiya hakimiyyəti zərbələrin nəticələrini əks etdirən foto və videoların yayılmasını məhdudlaşdırmağa çalışır, lakin informasiya üzərində tam nəzarət artıq çətinləşir.

Bununla belə, Ukraynanın hələ də Qərbin dəstəyindən, xüsusilə hava hücumundan müdafiə, maliyyə və kəşfiyyat sahələrində asılılığı qalır.

Nəşrin nəticəsinə görə, bu tendensiya davam edərsə, gələcəkdə Vaşinqtonda “eskalasiya riski” ilə bağlı müzakirələr tamamilə yeni şərtlərdə aparılacaq.

Sonda qeyd olunur ki, Ukraynanın uzaqmənzilli imkanlarının artması müharibənin gedişində strateji balansı tədricən dəyişir.

Samir

Избранный
10
hit.az

1Источники