RU

Tailand nümayəndəsi: İdman cinayətkarlığın qarşısının alınmasında öz səmərəliliyini sübut edib

İdman hökumətlərin və şəhərlərin cinayətkarlığın qarşısını almaq üçün istifadə edə biləcəyi ucuz, lakin çox səmərəli və yüksək nəticəli bir vasitədir.

"Report" xəbər verir ki, bu barədə Tailandın "Alliance of Sport in Criminal Justice" (AoS) təşkilatının baş məsləhətçisi Vonqtep Artxakayvalvatee (Vongthep Arthakaivalvatee) Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər oyun meydançaları kimi" panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, idman və gənclər infrastrukturuna investisiyaların olmaması gələcəkdə cinayətkarlığın artmasına, səhiyyə xərclərinin çoxalmasına və cinayət mühakiməsi sisteminə əlavə yükün düşməsinə gətirib çıxaracaq.

"Əgər 10 illik perspektivdən danışsaq, biz cinayətkarlıq səviyyəsinin artmasını, səhiyyə sisteminə çəkilən yüksək xərcləri və cinayət mühakiməsi sistemindəki nəhəng məsrəfləri görəcəyik. Və bütün bunların öhdəsindən investisiyalar hesabına gəlmək olar", - Artxakayvalvatee qeyd edib.

Müşavirin sözlərinə görə, əlverişsiz şəhər rayonlarından olan gənclər xüsusilə həssas olaraq qalırlar.

"Məktəbə getməyən, əlverişsiz şəhər rayonlarında yaşayan və faktiki olaraq ictimai həyatdan təcrid olunmuş gəncləri düşünün. Onların cinayətkarlıq, zorakılıq və insan alveri qarşısında həssaslıq səviyyəsi olduqca yüksəkdir", - "AoS" nümayəndəsi bildirib.

O vurğulayıb ki, idman cinayətkarlığın qarşısının alınması vasitəsi kimi öz səmərəliliyini artıq sübut edib.

"Beynəlxalq Olimpiya Komitəsindən olan həmkarlarımız bunu təsdiq edə bilərlər. İdman hökumətlərin və şəhərlərin cinayətkarlığın qarşısını almaq üçün istifadə edə biləcəyi ucuz, lakin çox səmərəli və yüksək nəticə verən bir alətdir", - o deyib.

"AoS" nümayəndəsi profilaktikaya və gənclər, xüsusən də əlverişsiz şəhər rayonlarından olan yeniyetmələr üçün əlverişli mühitin yaradılmasına sərmayə qoymağın vacibliyini vurğulayıb.

"Biz təkcə gənclər arasında cinayətkarlığın deyil, həm də səhiyyə sahəsində gələcək böhranların və onlarla bağlı yüksək xərclərin qarşısını almaq üçün profilaktikaya sərmayə qoymalıyıq. Bundan əlavə, gənclər arasında cinayətkarlığın və zorakılığın qarşısının alınması cəmiyyətin gələcək iqtisadi məhsuldarlığına birbaşa təsir göstərir", - Artxakayvalvatee əlavə edib.

O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının statistikasını misal çəkib: "Yeniyetmələrin təxminən 80 %-i və hər üç yetkindən biri kifayət qədər aktiv olmayan həyat tərzi sürür. Bu, hamımız üçün ciddi bir siqnaldır, çünki fiziki aktivliyin çatışmazlığı qarşısını almaq mümkün olan bir çox risk faktorlarına səbəb olur".

Sonda Artxakayvalvatee profilaktika mədəniyyətini gücləndirməyə və müxtəlif təşkilatlar və sektorlar arasında əməkdaşlığı genişləndirməyə çağırıb.

"Biz bütün sahələrdə profilaktika mədəniyyətini təşviq etməli, müxtəlif təşkilatlar, o cümlədən BMT sistemi daxilində əməkdaşlığı gücləndirməli, həmçinin bütün maraqlı tərəflər arasında qarşılıqlı əlaqəni inkişaf etdirməliyik", - o bildirib.

Избранный
15
far.az

1Источники