RU

"Doyunca sevinməyə imkan vermirlər" - Region Liqasının qalibi

Heyətində Cavid İmamverdiyev, Ruslan Əmircanov, Ruslan Poladov kimi veteran futbolçuların olduğu "Zəngəzur" Region Liqasını çempion başa vuraraq növbəti mövsüm II Liqada çıxış etmək hüququ qazanıb. Sözügedən komanda finalda "Marafon"u 2:1 hesabı ilə üstələyib. 
"Zəngəzur"un məşqçisi Vüsal Səfərovla əlaqə saxlayıb çempionluq təəssüratlarını öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çempionatda "Viləş", "Biləsuvar" komandaları ilə ağır oyunlarımız oldu. Uzun marafonun finalında isə "Marafon" komandası ilə qarşılaşdıq. Hansı ki, hər kəs əvvəldən qalib adına məhz bu iki komandanın layiq olduğunu deyirdi. Açığı, finalda şansımız da gətirdi. İstənilən halda, qalib gələrək çempion olduğumuz və II Liqaya vəsiqə əldə etdiyimiz üçün sevinirik". 

Gənc məşqçi onu narahat edən məqama da toxundu:
 
"Ancaq doyunca sevinməyə də imkan vermirlər. Bəzi ağzıgöyçəklər deyir ki, "Zəngəzur" siyasi layihədir, dövlətin maddi dəstəyi ilə irəli çəkilir, final oyunu "alınmışdı" və sair. Ötən il "Xankəndi" ilə eyni ssenari yaşanmışdı, onları "siyasi layihə" adlandırmışdılar. Bu il II Liqanın qalibi olandan sonra həmin mövzu yada salınır. İndi də bizimlə eyni hal baş verir. Dövlət bizə pul ayırmır. Daha doğrusu, biz də hamı kimi yardım alırıq. Bir də öz sponsorlarımızın maddi dəstəyi ilə fəaliyyət göstəririk. Oyunun alınması barədə deyilənlər isə ümumiyyətlə cəfəngiyyatdır. Qarşılaşmada VAR təşkil olunmuşdu. Hər kəs oyunun necə keçdiyini gördü. Komandanın əməyini yerə vurmaq, imicini korlamaq insafsızlıqdır. Qeyd etdiyimiz kimi, ola bilsin, finalda bir qədər bəxtimiz gətirdi. Bəs bura qədər necə gəlmişdik? Futbolda belə hallar olur, birinin oyunu yaxşı alınır, digərinki bir qədər zəif. Uşaqlar sona qədər döyüşdülər və qələbəni çox istəyən tərəf kimi meydandan qalib ayrıldıq". 

Mirağa

Избранный
16
1
fanat.az

2Источники