RU

Kreml Pekindən Ağ Evə sarsıdıcı zərbə vurdu: ABŞ Rusiya-Çin tandeminə niyə məğlub olur

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpinin son görüşü əslində, Kreml və rəsmi Pekinin Qərbə qarşı strateji qarşıdurmada koordinasiyanı daha da dərinləşdirmək niyyətini göstərir... Ağ Ev və rəsmi Pekin arasında münasibətlər nə qədər gərgin olsa da, onların maraqları kəskin şəkildə toqquşsa da, ABŞ indiki mərhələdə Çinlə birbaşa hərbi toqquşma təhlükəsindən yayınmağa çalışır…

ABŞ və Rusiya arasında daha bir rəqabət istiqaməti ön plana keçməyə başlayıb. Bu iki nəhəng dövlət indi Çinlə qarşılıqlı münasibətlərin dərinləşməsi uğrunda mübarizəyə girişiblər. Hər iki nəhəng dövlətin Çinlə kifayət qədər ciddi problemləri də mövcuddur. Ancaq buna baxmayaraq, həm ABŞ, həm də Rusiya Çinin qarşı tərəflə daha yaxın münasibətlər qurmasını əngəlləməyə çalışır. Və Ağ Evdən fərqli olaraq, Kreml ümumiyyətlə, Çinin ABŞ-la münasibətlərinin tamamilə korlanmasına, Qərbə qarşı məhz Rusiya ilə ortaq hərəkət etməsinə nail olmağa cəhd göstərir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın rəsmi Pekin üçün ən həssas mövzu olan Tayvan problemi ilə bağlı son açıqlamaları Ağ Evin Çinlə münasibətləri nəzarətdə saxlamaq cəhdi hesab edilir. Ona görə də, ABŞ prezidenti Donald Trampın ardınca Rusiya lideri Vladimir Putinin də Çinə səfər etməsi qətiyyən təsadüfi deyil. Və bu gözlənilməz ardıcıllıq Çinin artıq tədricən tam mərkəzinə yerləşməyə başladığı qlobal geopolitik qarşıdurmanın tədricən yeni mərhələyə daxil olduğunu göstərir.

Maraqlıdır ki, Ağ Ev və rəsmi Pekin arasında münasibətlər nə qədər gərgin olsa da, onların maraqları kəskin toqquşsa da, ABŞ Çinlə birbaşa hərbi qarşıdurmadan israrla yayınmağa çalışır. Eyni zamanda, buna paralel olaraq, Kreml və rəsmi Pekin arasında strateji yaxınlaşma cəhdləri də daha açıq şəkildə müşahidə olunur. Və bütün bunlar isə dünya siyasətində yeni güc balansının formalaşmaqda olmasının əsas əlamətləri hesab edilir.

8b588350-2bc3-4f2f-b7ac-bed25213849f.jpg

Onu da nəzərə almaq lazımdır ki, Ağ Ev sahibi Donald Trampın Tayvanla bağlı açıqlamaları əslində, ABŞ-ın bu problemə yönəlik ənənəvi siyasi xəttdən müəyyən qədər fərqlənir. Belə ki, ABŞ prezidenti açıq şəkildə bildirib ki, Çin Tayvanın müstəqilliyini qəbul etmək niyyətində deyil. Və ABŞ-ın isə bu problemlə bağlı Çinə qarşı müharibəyə qoşulması olduqca mürəkkəb məsələdir.

Məsələ ondadır ki, Ağ Ev sahibi xüsusilə də ABŞ ilə Tayvan arasındakı coğrafi məsafəyə diqqət çəkib. Belə ki, o, vurğulayıb ki, Çin Tayvana cəmi 59 mil məsafədə yerləşdiyi halda, ABŞ regiondan təxminən 9500 mil uzaqdadır. Və bu açıqlama əslində, həm də ABŞ-ın mümkün Çin-Tayvan savaşına yönəlik hərbi riskləri əvvəlki dövrlərlə müqayisədə daha realist şəkildə qiymətləndirməyə başladığını göstərir.

Digər tərəfdən, prezident Donald Trampın açıqlamalarında ən diqqətçəkən məqamlardan biri də məhz Tayvanın yarımkeçirici sənayesi ilə bağlıdır. Çünki ABŞ prezidenti bildirbi ki, Tayvan ABŞ-ın çip sənayesini artıq tamamilə “ələ keçirib” və bu istehsalın yenidən Amerikaya qaytarılması vacibdir. Yəni, Ağ Evdə artıq anlayırlar ki, yaxın gələcəkdə amansız qlobal rəqabətin əsas müəyyənedici faktoru yalnız hərbi güc deyil, həm də ən müasir texnologiyalar üzərində nəzarət olacaq.

Ona görə də, bu baxımdan, Ağ Evdə hesab edirlər ki, Tayvan artıq sadəcə, geopolitik mübahisə predmeti deyil. Bu separatçı bölgə eyni zamanda, ABŞ və Çin arasında qlobal məkanda texnoloji hegemonluq savaşının mərkəzinə çevrilir. Çünki süni intellekt, hərbi texnologiyalar, yüksək keyfiyyətli hesablama sistemləri və qlobal istehsal zəncirinin əsas komponentləri məhz Tayvanın yarımkeçirici sektorundan asılıdır.

75e98fa7-3c16-4fd2-9c55-97acb995a47d.jpg

Təbii ki, Ağ Ev ABŞ-ın Tayvandan belə asılılığını mümkün qədər azaltmağa çalışsa da, yaxın perspektivdə bunu tam şəkildə reallaşdırmaq olduqca çətin görünür. Məhz belə bir geopolitik situasiyada Rusiya prezidenti Vladimir Putinin Çinə son səfəri xüsusilə böyük maraq doğurur. Çünki Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpinin Pekində keçirdikləri görüş yalnız siyasi çağırışa-diplomatik protokol xarakteri daşımırdı. Və əslində, bu səfər həm də Kreml ilə rəsmi Pekinin Qərbə qarşı strateji qarşıdurmada koordinasiyanı daha da dərinləşdirmək niyyətini nümayiş etdirirdi.

Bəzi ehtimallara görə, prezident Vladimir Putinin Çinə son səfərinin əsas geopolitik hədəflərindən biri də məhz Rusiyanın Ukrayna savaşı paralel olaraq, beynəlxalq təcriddən çıxarılmasına nail olmaqdır. Hər halda, Kremldə anlayır ki, Qərbin iqtisadi sanksiyaları və NATO-nun genişlənən təzyiqi şəraitində məhz Çin Rusiyanın əsas strateji dayaqlarından birinə çevrilmək potensialına malikdir. Çünki hazırda Çin Rusiya üçün həm böyük enerji bazarı, həm texnoloji əməkdaşlıq platforması, həm də Qərbə alternativ maliyyə və logistika kanalı rolunu oynayır.

Digər tərəfdən, əslində, elə Çin də Rusiya ilə münasibətləri daha da dərinləşdirməkdə birbaşa maraqlıdır. Çünki rəsmi Pekin hesab edir ki, ABŞ-ın əsas strateji məqsədi uzunmüddətli perspektivdə həm Rusiyanı, həm də Çini zəiflətməkdir. Bu səbəbdən də, Rusiya ilə strateji tərəfdaşlıq Çin üçün Avrasiya məkanında təhlükəsizlik balansının qorunması baxımından, taleyüklü səviyyədə böyük əhəmiyyət daşıyır. Xüsusilə də, enerji təhlükəsizliyi, Şimal dəniz marşrutları, Orta Asiya üzərində nəzarət və dollar sistemindən kənar alternativ iqtisadi mexanizmlərin qurulması Kreml-Pekin yaxınlaşmasının əsas istiqamətləri sırasına daxildir.

Eyni zamanda, prezident Vladimir Putinin Çinə son səfərinin digər önəmli məqsədi isə ABŞ və Qərbə siyasi mesaj vermək idi. Yəni, Kreml qlobal rəqiblərinə göstərməyə çalışır ki, Rusiya beynəlxalq təcrid vəziyyətində deyil. Üstəlik, dünyanın ikinci ən böyük iqtisadi gücü olan Çinlə strateji əməkdaşlığını genişləndirmək imkanına malikdir. Bu, həm də Kreml nə qədər üzərini "pərdələməyə" çalışsa da, ABŞ-a qarşı yönəlmiş geopolitik xəbərdarlıqdır.

25ad4324-b9a0-4fd5-9197-f17f259f4301.jpg

Belə anlaşılır ki, Kreml və rəsmi Pekin hazırda faktiki olaraq, Ağ Evin qlobal dominantlığına qarşı alternativ güc mərkəzi formalaşdırmağa çalışırlar. Ona görə də, indi ABŞ üçün ən böyük strateji risklərdən biri də eyni vaxtda həm Rusiya, həm də Çinlə uzunmüddətli qarşıdurmaya daxil olmaqdır. Əslində, Ağ Ev sahibi Donald Trampın açıqlamalarında hiss olunan ehtiyatlı mövqe də məhz bununla bağlıdır. Ağ Ev anlayır ki, Tayvan ətrafında baş verə biləcək "böyük müharibə" yalnız regional savaş olmayacaq. Çünki belə bir hərbi qarşıdurma qlobal iqtisadiyyatı, enerji bazarlarını, texnologiya sektorunu və beynəlxalq təhlükəsizlik sistemini ciddi şəkildə sarsıda bilər.

Təbii ki, bütün bunları nəzərə alan rəsmi Pekin də ABŞ-ın hərbi baxımdan, Çinə birbaşa müdaxilə ssenarisini daha aşağı ehtimal kimi qiymətləndirməyə başlayıb. Bu isə öz növbəsində rəsmi Pekinin Tayvana qarşı siyasi, iqtisadi və hərbi təzyiqləri mərhələli şəkildə artırmasına münbit şərait yarada bilər. Xüsusilə də, Çin ordusunun son illərdə sürətlə modernləşdirilməsi, donanmanın gücləndirilməsi və hipersəs raket proqramlarının inkişafı regiondakı qüvvələr balansını dəyişməkdə davam edir.

Bütün bunlar onu göstərir ki, dünya yeni “soyuq savaş” modelinə doğru sürətlə yaxınlaşır. Ancaq bu dəfə qarşıdurmanın əsas mərkəzində yalnız ideologiya və ya hərbi bloklar deyil, həm də ən müasir texnologiyalar, enerji marşrutları, logistika xətləri və strateji iqtisadi üstünlüklər də dayanır. Və Tayvan problemi isə bu böyük qlobal qarşıdurmanın həm ən təhlükəli, həm də ən həssas istiqamətlərindən biri olaraq, qalmaqdadır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Избранный
31
musavat.com

1Источники