RU

Səməd Vurğun zəngin lirikası ilə Azərbaycan dilinin poetik imkanlarını daha da genişləndirib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 20 may, AZƏRTAC

Gəncə Dövlət Universitetinin (GDU) Azad Həmkarlar İttifaqı Komitəsi (AHİK) və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan “El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii gecə keçirilib.

GDU-dan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə Ümummilli Lider Heydər Əliyevin Səməd Vurğun yaradıcılığına verdiyi yüksək dəyərdən və şairin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb. Prorektor görkəmli söz ustadının Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, onun milli-mənəvi dəyərlərimizin qorunması və formalaşmasındakı rolundan bəhs edib.

Gecədə Səməd Vurğunun həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.

GDU AHİK-in sədri Afaq Qasımova çıxışında Səməd Vurğunun zəngin lirikası ilə milli poeziyanın inkişafına mühüm töhfələr verdiyini, Azərbaycan dilinin poetik imkanlarını daha da genişləndirdiyini vurğulayıb.

Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Aslan Salmansoy və həmin institutun elmi katibi Aygün Bağırlı çıxış edərək, şairin bənzərsiz yaradıcılıq irsinə nəzər salıblar.

Sonda Filologiya və xarici dillər fakültəsinin tələbələrinin ifasında Səməd Vurğunun əsərləri əsasında hazırlanmış səhnəciklər təqdim olunub, şairin şeirləri səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

Müxbir - Elcan Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
azertag.az

1Источники