RU

3 nəfər öldü, yüngül cəza verildi Qarabağ qazisi hakimdən şikayətçidir FOTO

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Füzuli rayonunda baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı çıxarılan məhkəmə hökmü ciddi narazılıq yaradıb.

Bakupost xəbər verir ki, qəza zamanı həyatını itirən Elçin Süleymanovun atası, uzun illər hüquq-mühafizə orqanlarında çalışmış Qarabağ qazisi Tahir Süleymanov məsələ ilə bağlı Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına rəsmi şikayət edib.

Şikayət Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Səfərlinin çıxardığı hökmə aiddir.

Fotoda: Cavid Səfərli

Tahir Süleymanov hesab edir ki, işə baxılarkən hadisənin real miqyası, qəzanın ağırlığı və nəticələri tam araşdırılmayıb, hökm çıxarılarkən isə bir sıra ciddi ziddiyyətlərə lazımi hüquqi qiymət verilməyib.

Söhbət 24 iyun 2025-ci ildə Füzuli rayonunun Qayıdış-5 və Qayıdış-6 qəsəbələri arasındakı yolda baş verən dəhşətli qəzadan gedir. Hadisə nəticəsində 3 nəfər həyatını itirib.

Şikayətdə qeyd olunur ki, məhkəmə hökmündə avtomobillərin sürəti belə göstərilib:

* “Opel Astra” – 50 km/saat

* “Mercedes-Benz” – 60 km/saat

* “Kia Sorento” – 90-100 km/saat

Lakin zərərçəkmiş tərəf bildirir ki, qəzanın nəticələri ilə bu rəqəmlər arasında ciddi uyğunsuzluq var.

Belə ki, hökmün özündə ölən şəxslərin aldıqları xəsarətlər sadalanır. Məlum olur ki, qəza nəticəsində şəxslərdən birinin ağciyərləri cırılıb, digərinin kəllə tağı və əsası sümükləri çoxsaylı qəlpələnmiş sınıqlarla zədələnib, baş beyin toxuması əzilib. Elçin Süleymanov da ağır kəllə-beyin travması nəticəsində hadisə yerində həyatını itirib.

Başqa sözlə, söhbət adi toqquşmadan yox, son dərəcə ağır qəzadan gedir.

Məhz buna görə zərərçəkmiş tərəf hesab edir ki, hökmdə göstərilən sürətlər reallığı tam əks etdirmir və hadisənin faktiki ağırlığı kiçildilib.

Şikayətdə vurğulanır ki, avtomobillərin metal yığınına çevrildiyi, 3 nəfərin hadisə yerindəcə öldüyü belə bir qəzanın “90-100 km/saat” kimi təqdim olunması ciddi suallar yaradır.

Narazılıq doğuran digər məqam isə hökm çıxarılarkən yüngülləşdirici hallara üstünlük verilməsi olub.

Tahir Süleymanov bildirir ki, məhkəmə təqsirləndirilən şəxsin əməlində yüngülləşdirici halları nəzərə alsa da, ağırlaşdırıcı hallara lazımi hüquqi qiymət verməyib.

Onun sözlərinə görə, hadisədən sonra zərərçəkənlərə göstərilən münasibət də ayrıca araşdırılmalı olan məsələdir:

“Hadisə yerində mənim oğluma kömək edilməyib. Hadisəni törədən şəxsin atası gəlib yalnız öz oğlunu xilas edib. Oğluma vaxtında yardım göstərilsəydi, bəlkə də yaşayardı”.

Tahir Süleymanov hesab edir ki, bu məqamlar istintaq və məhkəmə araşdırması zamanı kifayət qədər nəzərə alınmayıb.

O bildirib ki, 3 nəfərin ölümü ilə nəticələnən belə ağır hadisədə faciənin nəticələri, yol hərəkəti qaydalarının kobud pozulması və ictimai təhlükəlilik dərəcəsi daha ciddi qiymətləndirilməli idi.

Şikayətdə qeyd olunur ki, hökmün bu formada çıxarılması zərərçəkmiş ailələrdə ciddi narazılıq və ədalətsizlik hissi yaradıb.

Tahir Süleymanov Məhkəmə-Hüquq Şurasından hakim Cavid Səfərli ilə bağlı xidməti araşdırma aparılmasını, işə baxılarkən yol verilmiş halların araşdırılmasını və hüquqi qiymət verilməsini istəyib.

Azər

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
www.bakupost.az

1Источники