RU

“WUF13 parlamentlərarası əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformadır” - PƏRVANƏ VƏLİYEVA

WUF13-də müxtəlif ölkələr arasında parlament əməkdaşlığının gücləndirilməsi təklif olunub.

SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Pərvanə Vəliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?” mövzusuna həsr olunmuş parlament üzvlərinin dəyirmi masasında çıxış edib.

Deputat bildirib ki, əsas məqsəd parlament müzakirələrində istifadə etmək, şəhərsalmada dayanıqlılıq sahəsində təbliğatı gücləndirmək, eləcə də sübutlara əsaslanan məlumatlar hazırlamaq və qanunvericilik üzrə birgə tədqiqatlar aparmaqdır.

Pərvanə Vəliyeva qeyd edib ki, parlamentlər seçicilərlə birbaşa əlaqə vasitəsilə qanunların praktikada necə işlədiyini anlamaq üçün unikal imkanlara malikdirlər.

Onun sözlərinə görə, effektiv qanunvericilik yalnız hüquqi tənzimləmə funksiyası daşımır, həm də ictimai davranışlara və düşüncə tərzinə təsir göstərərək daha sağlam və dayanıqlı cəmiyyətlərin formalaşmasına töhfə verir.

Deputat vurğulayıb ki, uğurlu qanunvericilik təcrübələrinin öyrənilməsi və müqayisəli təcrübələrin paylaşılması müxtəlif ölkələrin parlament üzvləri üçün dəyərli rəhbərlik bazası yarada bilər.

Pərvanə Vəliyeva əlavə edib ki, belə əməkdaşlıq təkcə fikir mübadiləsi üçün deyil, həm də daha effektiv şəhər siyasətlərinin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, BMT-Habitat və digər qlobal tərəfdaşlarla birlikdə bu parlament dialoqunun forumdan sonra da davam etdirilməsi daha insan mərkəzli və gələcəyə yönəlmiş şəhər qanunvericiliyi və idarəçiliyinin formalaşmasına xidmət edəcək.

Müəllif: Günel Fərzəliyeva
Избранный
12
1
sia.az

2Источники