RU

Öcalana “xüsusi status” təklifinə Bakıdan reaksiya

Politoloq: “Bu, kifayət qədər riskli bir məsələdir”

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı “Terrorsuz Türkiyə” prosesində yeni addıma və buna uyğun yol xəritəsinə ehtiyac olduğunu bildirib.

O, Abdullah Öcalanın ləğv edilmiş PKK terror təşkilatının qurucu liderliyi əvəzinə təşkilat üzərində təsirini davam etdirə biləcəyi struktur qurulmalı olduğunu deyib.

“Terror təşkilatlarının ləğvi prosesində liderlik mexanizmində çoxsəslilik təşkilatın ləğvindən sonra başqa liderlərin ortaya çıxmasına və təşkilatın başqa adlarla yenidən təşkilatlanmasına səbəb ola bilər. Bu baxımdan, terrorun ləğvi prosesində tərəfin açıq və dəqiq şəkildə müəyyən edilməsi vacibdir. Öcalanın həbsi qüvvədə qalmaq şərtilə sosial statusla təmin olunması ləğv edilmiş PKK və komponentlərinin təşkilati fəaliyyətlərinin və ya tərk-silah prosesinin daha şəffaf şəkildə həyata keçirilməsini mümkün edə bilər. "Sülh Prosesi və Siyasiləşmə Koordinatorluğu" bu istiqamətdə uyğun status təsviri ola bilər", - Baxçalı qeyd edib.

MHP lideri koordinatorluq mexanizminin mənası və əhatə dairəsi ilə bağlı detalları da açıqlayıb: “Bu status təşkilatın ləğvi ilə yanaşı, onun bütün törəmələri və ünsürləri ilə birlikdə qəti şəkildə aradan qaldırılmasına yönəlmiş məsələdir. Koordinatorluq PKK terror təşkilatının bütün uzantılarının, rəhbərlərinin və üzvlərinin tam şəkildə tərk-silah edilməsini və ləğv prosesini koordinasiya etmək, davam edən sülh prosesinin təşkilati baxımdan pozulmasının qarşısını almaq, silah yerinə siyasət seçiminə uyğun legitim istiqamətləndirmələr etmək məqsədilə nəzərdə tutulur. Bu istiqamətdə Öcalanın koordinator statusu təşkilatın ləğvi prosesi ilə məhdudlaşacaq. Buna görə də bu kordinatorluq kürdlərin lideri və təmsilçisi olmaq, etnik və kateqorik hüquqların müdafiəçiliyi kimi məsələləri əhatə etmir”.

Bəs qardaş ölkədəki müzakirələrə Bakıdan nə reaksiyalar var? Bu təklifin Türkiyədə qəbul edilməsi mümkündürmü? Öcalana belə bir status verilməsinin müsbət və mənfi təsirləri nələr ola bilər?

Oqtay

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, “Terrorsuz Türkiyə” ideyası artıq bir ildir Türkiyənin gündəmindədir və bu ideya da MHM lideri Dövlət Baxçalı tərəfindən irəli sürülən təklifdir: “Bu təklif irəli sürüləndən sonra prosesdə müəyyən irəliləmələr olub. DEM Partiya nümayəndələrinin dəfələrlə İmralıda Abdulla Öcalanla görüşləri baş tutub. Orada müəyyən razılaşmalar və razılaşma mətni əldə edilib. Həmçinin Abdulla Öcalanın PKK-ya müraciəti olub. Bəzi ərazilərdə PKK silahlıları silahı yerə qoyublar. Amma bu, bütünlükdə PKK terrorunun kökünün kəsilməsi demək olmayıb. Belə ki, PKK-nın əsas qolları olan Suriyadakı PYD-YPG terror təşkilatı, İrandakı PJK və digərləri bu prosesə qoşulmayıblar, özlərinin ayrı təşkilat olduqlarını bəyan etməklə terror fəaliyyətlərini davam etdirmək istəyirlər. O ki qaldı terrorun kökünün tamamilə kəsilməsi, Öcalanın statusunun dəyişdirilməsi və ona siyasi kordinatorluq verilməsinə, bu, kifayət qədər mürəkkəb məsələdir. Türkiyə cəmiyyətinin özündə də bu istiqamətdə konkret siyasi qüvvələr arasında konsensus yoxdur. Bir çoxları bu ideyanın gerçəkləşdirilməsinin faydalı olacağı, bir çoxları isə bunun Türkiyənin gələcəyi ilə bağlı ciddi problemlər yaradacağı qənaətindədir. O baxımdan kifayət qədər mürəkkəb bir vəziyyətdir”.

Politoloqun sözlərinə görə, nəzərə alsaq ki, Öcalanın PKK üzərində müəyyən təsirləri olsa da həlledici təsiri yoxdur, bu amil də ortaya suallar çıxarır: “Adam artıq 27 ildir həbsdədir və təşkilatla bağı olsa da ümumən təsir imkanları azalıb. Xüsusilə İraqın Qəndil bölgəsində yerləşən PKK-nın əsas idarəediciləri Abdulla Öcalanın bir çox fikirləri ilə razılaşmırlar və silahlı mübarizənin davam etdirilməsinin tərəfdarları kimi çıxış edirlər. Ona görə də Öcalana yeni status verilməsinin PKK üzərində nə qədər təsirli olacağı bir sualdır, gələcəkdə Öcalanın bu prosesi idarə etməsinin nə qədər effektli olacağı başqa bir sualdır. Bu sualların cavabı birmənalı deyil. O baxımdan hesab eləmirəm ki, təklif qısa müddətdə həyata keçsin. Bu, kifayət qədər riskli bir məsələdir. Türkiyə cəmiyyətində bununla bağlı yekdil fikir yoxdur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

Избранный
15
musavat.com

1Источники