RU

İran Hörmüz boğazında nəzarəti sərtləşdirib

İran Hörmüz boğazında hərbi nəzarət məntəqələri yaradaraq, gəmilərin yoxlanılması və təhlükəsiz keçid üçün xüsusi prosedurlar tətbiq edib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Asiya və Avropanın gəmiçilik şirkətlərinin nümayəndələri, eləcə də İran və İraq rəsmiləri daxil olmaqla 20 mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, Tehran Hörmüz boğazı üzərində faktiki nəzarəti daha da gücləndirib və bölgədə yeni çoxsəviyyəli tranzit sistemi formalaşdırıb.

Məlumata əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni tranzit mexanizmində əsas rol oynayır. Sistem çərçivəsində Çin və Rusiya kimi İranın müttəfiqi hesab olunan ölkələrlə əlaqəli gəmilərə üstünlük verildiyi, digər dövlətlərə aid bəzi gəmilər üçün isə hökumətlərarası razılaşmalar və ya əlavə ödənişlər tələb olunduğu qeyd edilir.

Reuters-in məlumatına görə, Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunması məqsədilə bəzi gəmi sahiblərindən 150 min dollardan artıq vəsait tələb olunur. Avropalı iki gəmiçilik mənbəsi bildirib ki, hökumətlərarası razılaşmalara daxil olmayan bəzi gəmilər İran hakimiyyətinə təhlükəsiz keçid üçün bu məbləğdə ödəniş edir.

Eyni zamanda, iki yüksəkvəzifəli İran rəsmisi bəzi hallarda gəmilərdən mühafizə və naviqasiya xidmətlərinə görə də əlavə rüsumlar alındığını təsdiqləyib. Onların sözlərinə görə, bu ödənişlər bütün ölkələrə şamil edilmir və yükün növündən asılı olaraq dəyişir.

Qeyd olunur ki, Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan əsas nəqliyyat marşrutlarından biridir. Dünyada daşınan neftin mühüm hissəsi məhz bu boğaz vasitəsilə ixrac edilir. Ekspertlər hesab edirlər ki, İranın bölgədə nəzarəti gücləndirməsi beynəlxalq ticarət və enerji bazarlarında əlavə gərginlik yarada bilər.

Poliqon.info

Избранный
17
poliqon.info

1Источники