RU

WUF13: Şəhər idarəçiliyində məlumat əsaslı strategiyalar və rəqəmsal dönüşüm nəzərdən keçirilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı – Şəhərləri daha yaxşı məlumatlarla gücləndirmək: siyasət və qərar qəbulu üçün əlçatan və tətbiq edilə bilən məlumatlar” adlı sessiyada şəhərlərin dayanıqlı inkişafı, rəqəmsal transformasiya və məlumat əsaslı idarəetmə məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən beynəlxalq ekspertlər, şəhər rəhbərləri və maliyyə institutlarının nümayəndələri müasir dövrdə açıq və etibarlı məlumatların şəhər idarəçiliyində həlledici rol oynadığını bildiriblər.

Azərbaycan Respublikasının Kosmik Agentliyinin Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin direktoru İsmət Baxışov qeyd edib ki, hazırda əsas məsələ məlumatın mövcudluğu deyil, həmin məlumatlardan düzgün istifadə olunmasıdır. Onun sözlərinə görə, “Platera” adlı GeoAI əsaslı platforma vasitəsilə şəhər ərazilərində dəyişikliklərin monitorinqi, bina konturlarının müəyyən edilməsi, yaşıllıq sahələrinin və su ehtiyatlarının vəziyyətinin qiymətləndirilməsi mümkündür.

İ.Baxışov bildirib ki, “Climate Report AZ” platforması çərçivəsində su ehtiyatları, kənd təsərrüfatı, meşə sahələri və Xəzər dənizində su səviyyəsinin dəyişməsi ilə bağlı dinamik məlumatlar təqdim olunur. O vurğulayıb ki, platforma vasitəsilə su səviyyəsinin azalması ilə bağlı mümkün riskləri əvvəlcədən proqnozlaşdırmaq mümkündür.

Türkiyənin Qaziantep şəhərinin bələdiyyə sədri Fatma Şahin çıxışında şəhərlərin dayanıqlılığının artırılması üçün rəqəmsal transformasiya və məlumat əsaslı qərar qəbuletmənin vacibliyini vurğulayıb. O bildirib ki, iqlim dəyişiklikləri və təbii fəlakətlər fonunda yüksək texnologiyalara əsaslanan idarəetmə sistemləri xüsusi əhəmiyyət daşıyır.

Avropa Kosmik Agentliyinin yaşıl keçid üzrə məlumat tətbiqləri alimi Françeska Elisa Leonelli isə qeyd edib ki, yer müşahidəsi texnologiyalarından istifadə edən şəhərlərin təcrübə mübadiləsi digər şəhərlər üçün mühüm nümunə rolunu oynayır və məlumat əsaslı idarəetmənin genişlənməsinə töhfə verir.

Tom de Qruv bildirib ki, açıq və müqayisə edilə bilən məlumat bazaları fəlakət risklərinin qiymətləndirilməsi və erkən xəbərdarlıq sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, “Global Human Settlement Layer” kimi qlobal məlumat bazaları urbanizasiya və risklərin idarə olunması sahəsində geniş istifadə olunur.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal isə məlumatların düzgün idarə olunmasının şəhər planlaşdırılması və infrastruktur investisiyalarında əsas rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, Yer müşahidəsi məlumatları qeyri-formal yaşayış məntəqələrinin müəyyənləşdirilməsi, riskli ərazilərin qiymətləndirilməsi və erkən xəbərdarlıq sistemlərinin qurulması üçün mühüm vasitədir.

Sessiyada vurğulanıb ki, məlumatların açıq, əlçatan və inteqrasiya olunmuş şəkildə istifadəsi şəhərlərin daha dayanıqlı, təhlükəsiz və inklüziv inkişafına mühüm töhfə verir.

Избранный
39
azerbaijan-news.az

1Источники