RU

Ermənistan münasibətlərin normallaşması və əməkdaşlıq yolunu seçməsə...

Vəziyyəti daha da acınacaqlı olacaq

Ermənistanda seçkiöncəsi gərginlik müşahidə olunur. Seçki təşviqatının başlanması ilə ölkədə hakimiyyət uğrunda mübarizə yeni mərhələyə qədəm qoyub. Baş nazir Nikol Paşinyan və onun komandası bir tərəfdən hakimiyyəti qorumağa çalışırsa, digər tərəfdən də revanşistlər onu zəiflətmək üçün bütün imkanlarını səfərbər edir. 

Milli Məclisin deputatı Könül Nurullayeva "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, əslində, bu seçkilər Ermənistanın gələcək siyasi kursunun müəyyənləşdirilməsi baxımından ciddi əhəmiyyət daşıyır: "Ümumiyyətlə, Ermənistan cəmiyyətində dərin siyasi və psixoloji böhran hökm sürür. 2020-ci ildə 44 günlük müharibədəki məğlubiyyəti, yaranmış yeni geosiyasi reallıq Ermənistan daxilində siyasi parçalanmanı daha da dərinləşdirib. Paşinyan hakimiyyəti hazırda daxili və xarici təzyiqlərlə üz-üzədir. Bununla belə, cəmiyyət radikalları qəbul etmir. Uzun illər ölkəni idarə etmiş keçmiş hərbi və siyasi qüvvələr korrupsiya, oliqarxiya sistemi, ölkəni dalana aparan fəaliyyət ilə yadda qaldığı üçün onların sosial dayaqları güclü deyil. Lakin buna baxmayaraq, revanşist ritorika Ermənistanda hələ də müəyyən təsir gücünə malikdir. Xüsusilə radikal millətçi dairələr Paşinyanı "təslimçi siyasət" aparmaqda ittiham edir və onu zəiflətməyə çalışırlar".

Deputat qeyd edib ki, Ermənistandakı seçki təşviqatında diqqətçəkən əsas məqamlardan biri də Paşinyanın özünü "sülh gündəliyinin tərəfdarı" kimi təqdim etməsidir. Ermənistan rəhbərliyi anlayır ki, regionda davamlı sabitlik və iqtisadi dirçəliş Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, kommunikasiya xətlərinin bərpası Ermənistan üçün iqtisadi baxımdan həyati əhəmiyyət daşıyır. Paşinyan komandası da məhz bu reallığı cəmiyyətə qəbul etdirməyə çalışır. Lakin Ermənistan daxilində siyasi vəziyyət hələ də kifayət qədər həssasdır. Kilsə, müxalifət və bəzi xarici təsir mərkəzləri hakimiyyətə qarşı təzyiqləri davam etdirir. "Son aylarda küçə aksiyalarının intensivləşməsi, hökumət əleyhinə çağırışların artması və cəmiyyətdəki narazılıq göstərir ki, seçki prosesi gərgin keçəcək. Xarici təzyiqlərə gəlincə isə, rəsmi İrəvan bir tərəfdən, Qərbə yaxınlaşmağa çalışır, digər tərəfdən də, Rusiyadan tam uzaqlaşa bilmir. Ermənistanın 

2 stulda oturmaq niyyəti ölkə daxilində də fikir ayrılığı yaradır. Cəmiyyətdə  artıq belə bir anlayış formalaşıb ki, ölkə uzun illər yanlış geosiyasi hesablamaların nəticəsində həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi problemlərlə üzləşib", - deyə o əlavə edib.

K.Nurullayevanın sözlərinə görə, əsas reallıq isə odur ki, Ermənistan əvvəlki siyasi ritorika ilə davam edə bilməz. 44 günlük müharibədən sonra region dəyişib və yeni reallıqlar formalaşıb. Bu reallıqları qəbul edən siyasi qüvvələrin üstünlük qazanmaq ehtimalı daha yüksəkdir. Paşinyan isə cəmiyyəti keçmişlə gələcək arasında seçim etməyə çağırır. Ümumiyyətlə, Ermənistanda qarşıdakı dövr siyasi baxımdan olduqca həlledici mərhələdir. Ölkə regionda əməkdaşlıq və normallaşma yolunu seçməsə, yenidən revanşist ritorikanın təsiri altında daha acınacaqlı vəziyyətlə üzləşəcək.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
26
azerbaijan-news.az

1Источники