RU

İnsanların mavi dərili doğulduğu qeyri-adi yer — FOTOLAR

Mavi dərili insanları çoxları yalnız fantastik filmlərdə və cizgi qəhrəmanlarında görüb. Ancaq vaxtilə ABŞ-də yaşayan ailə görünüşü və genetik xüsusiyyəti ilə tibb dünyasının diqqətini illərlə üzərinə çəkib.
 
Hadisə ABŞ-nin Kentukki ştatının dağlıq bölgəsində yaşayan Fugate ailəsi ilə bağlıdır. Araşdırmalar göstərib ki, ailə üzvlərinin bəzilərinin dərisinin mavi rəngdə olması nadir genetik xəstəlikdən qaynaqlanıb.
 
Hekayə 1820-ci illərdə başlayır. Fransız əsilli yetim Martin Fugate Kentukki ştatının Troublesome Creek adlı bölgəsinə köçərək Eliza Smith ilə ailə qurur.
 
Həmin dövrdə bölgə xarici dünya ilə zəif əlaqəyə malik idi. Dağlarla əhatə olunan ərazidə az sayda ailə yaşayırdı və yaxın qohumlar arasında evliliklər geniş yayılmışdı.
 
Martin və Elizanın yeddi övladı olub. Onlardan dördü mavi dərili doğulub. Bu vəziyyət uzun illər insanlarda maraq və müxtəlif şayiələr yaradıb. Bəziləri bunu fövqəltəbii hadisə hesab edib, digərləri isə su və hava ilə əlaqələndirib.
 
İllər sonra aparılan tibbi araşdırmalar nəticəsində məlum olub ki, ailədəki bu xüsusiyyət “methemoqlobinemiya” adlı nadir genetik xəstəlikdən qaynaqlanır.
 
Bu xəstəlik zamanı qanda oksigen daşıyan hemoqlobin normal fəaliyyət göstərə bilmir. Nəticədə bədəndə, xüsusilə dəridə maviyə çalan rəng dəyişiklikləri yaranır.
 
Mütəxəssislər bildirirlər ki, bu genetik xüsusiyyətin ortaya çıxması üçün həm ana, həm də ata eyni resessiv geni daşımalıdır. Qapalı icmalarda belə halların baş vermə ehtimalı daha yüksək olur.
 
20-ci əsrin ortalarında hematoloq Madison Cawein III bölgədə araşdırmalar aparıb. Məlum olub ki, bəzi ailə üzvlərində “metilen mavisi” adlı müalicə üsulu təsir göstərib və dərinin rəngi dəyişməyə başlayıb.
 
Sonrakı illərdə bölgədə yaşayış və əlaqələr artdıqca insanlar başqa icmalarla ailə qurmağa başlayıb. Bunun nəticəsində mavi dərili doğulan uşaqların sayı tədricən azalıb. /Demokrat.az/
Избранный
6
1
moderator.az

2Источники