Administrasiya Arlinqton yaxınlığında zəfər tağı layihəsini yüz il əvvəl verilmiş səlahiyyətlərlə əsaslandırmağa çalışır...
ABŞ Prezidenti Donald Tramp administrasiyası Arlinqton Milli Qəbiristanlığının yaxınlığında planlaşdırılan zəfər tağının tikintisi üçün Konqresdən ayrıca icazə almağı planlaşdırmır.
Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.
Məlumata görə, Ağ Ev hesab edir ki, layihənin həyata keçirilməsi üçün təxminən yüz il əvvəl başqa memarlıq layihəsi çərçivəsində verilmiş səlahiyyətlər kifayət edir. Həmin layihə təsdiqlənsə də, faktiki olaraq heç vaxt reallaşdırılmayıb.
Qəzet yazır ki, tağın Vaşinqton şəhəri ərazisində yerləşən süni Kolumbiya adasındakı Memorial Circle meydanında inşa edilməsi planlaşdırılır. Ötən həftə ərazidə geodeziya və mühəndis işlərinə başlanıldığı bildirilir.
Eyni zamanda administrasiya memarlıq və tikinti üzrə federal komissiyalardan razılıq almağa çalışır. Nəşrin məlumatına görə, həmin qurumların tərkibi son dövrlərdə Tramp tərəfdarları ilə yenilənib.
ABŞ qanunvericiliyinə əsasən, Milli Parklar Xidmətinin idarəçiliyində olan torpaqlarda abidələrin tikilməsi üçün Konqresin ayrıca qərarı tələb olunur. Lakin Ağ Ev nümayəndələri belə bir icazə üçün müraciət edib-etməyəcəkləri ilə bağlı suala birbaşa cavab verməkdən yayınırlar.
The Washington Post-un mənbələri bildirirlər ki, administrasiyanın Konqresə müraciət etmək planı yoxdur.
Rəsmilər 1924-cü ildə Arlinqton Memorial Körpüsünün layihələndirilməsi ilə məşğul olan komissiyanın hesabatına istinad edirlər. Həmin sənəddə Kolumbiya adasında hündürlüyü 166 fut olan iki sütunun quraşdırılması nəzərdə tutulurdu.
Konqres layihəni 1925-ci ildə təsdiqləsə də, sütunlar heç vaxt tikilməyib. Tramp administrasiyası isə yeni zəfər tağının məhz həmin ideyanın davamı olduğunu iddia edir.
ABŞ Ədliyyə Nazirliyi məhkəməyə təqdim etdiyi sənəddə bildirib ki, Konqres təxminən bir əsr əvvəl komissiyanın hesabatını təsdiqləməklə layihəyə “faktiki razılıq” verib.
ABŞ-nin daxili işlər naziri Duq Berqam da hazırkı təşəbbüsün ilkin layihəyə əsaslandığını vurğulayıb. Onun sözlərinə görə, sütunların hündürlüyü əvvəlki kimi 166 fut olacaq, tağın ümumi hündürlüyü isə postament və heykəltəraşlıq elementləri hesabına 250 futa, yəni təxminən 76 metrə çatdırılacaq.
Layihənin qarşısını almağa çalışan hüquqşünaslar və Konqresdəki demokratlar isə bu hüquqi şərhin əsassız olduğunu bildirirlər.
Vəkillərin fikrincə, 1920-ci illərdə verilmiş səlahiyyətlər yalnız körpünün tikintisinə aid olub və zəfər tağını əhatə etməyib.
Demokrat konqresmen Cared Haffman administrasiyanın mütləq şəkildə Konqresdən icazə almalı olduğunu bəyan edib. O, vəziyyəti Trampın əvvəllər Konqresin razılığı olmadan başladığı digər tikinti təşəbbüsləri ilə müqayisə edib.
Haffman və digər demokratlar layihəyə qarşı qaldırılmış məhkəmə iddiasına qoşulublar və məsələ ilə bağlı parlament dinləmələrinin keçirilməsini tələb ediblər.
Poliqon.info