RU

“The Insider” və Ermənistana “Boroda” yamağı

Yaxud “saqqallılar dövrü”nə qayıdış çağırışının ifşası və iflası

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda bir çox hadisə və proseslər yaşandı, dəyişikliklər baş verdi. Ən böyük dəyişiklik Azərbaycan–Ermənistan münasibətlərindəki müsbət tendensiyadır. Bəs mövcud meyil nə zaman nəzərə çarpdı? Suala cavab verərək bildirək ki, Azərbaycan hər zaman sülh tərəfdarı olub və mövqeyini prinsipial şəkildə açıqlayıb. Nə qədər qəribə səslənsə də, Ermənistanda barışa doğru pozitiv addımların ölkənin Baş naziri Nikol Paşinyanın saqqalını qırxmasından sonra qeydə alındığını söyləyə bilərik. Axı Nikolu uzun müddət saqqallı görmüşdük və bu imic onu təsəvvürümüzdəki hay qaniçənlərindən fərqləndirmirdi.

Parlament seçkiləri ərəfəsində olan Ermənistanda Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası ilə yanaşı, ona qarşı çıxan və barışmaz mövqe tutan müxalif düşərgənin fəallığını görürük. Bu düşərgənin Rusiyadan gələn direktivlərə əsasən hərəkətə keçdiyi şübhəsizdir və məsələ barəsində həm Azərbaycan, həm də Ermənistan cəmiyyətinin özündə, kifayət qədər, söz açılmaqdadır. Bu prizmadan yanaşsaq, jurnalist Sergey Kanevin faktçekinq və siyasi analitika üzrə ixtisaslaşmış “The Insider” internet nəşrində yayımlanan araşdırması heç də sensasiya deyil. Söhbət Kremlin Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlaşmasından bəhs edən materialdan gedir. O materialdan ki, jurnalist Kanev orada Rusiya xarici kəşfiyyatının Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq yönümlü davranışlarının “Boroda”, yəni “Saqqal” əməliyyatının tərkib hissəsi olduğunu yazır.

Paşinyan, ümumən, arzuedilməz fiqur olsa da, Kreml üçün saqqallı Nikol saqqalsızdan daha yaxşı idi. Azərbaycan xalqının yaddaşındakı dövrü isə təsadüfən xatırlamadıq. Çünki saqqallı erməni bir vaxtlar Qarabağ avantürasının obrazına çevrilmişdi. Görünür, Rusiya kəşfiyyatı “Boroda” əməliyyatı ilə həmin dövrü qaytarmağa ümid bəsləyir. Hər halda, başqa cür düşünmək, kəşfiyyat əməliyyatı ilə bağlı ad seçiminə fərqli məntiq tapmaq çətindir.

***

“The Insider” internet nəşrində yer almış məsələlərin hamısı üzərində dayanmağa ehtiyac duymuruq. Yalnız onu vurğulayaq ki, nəşrin materialında Moskvanın prosesə, öz aləmində, institusional yanaşdığının geniş təsviri var. Kim kimlə əlaqəlidir, kim hansı işi görəcək və sair məqamlar öz yerində. Amma məxsusilik Rusiya kəşfiyyatının nəzərdə tutulan fəaliyyəti gerçəkləşdimək üçün yenilikçi xətt yürüdə bilməməsindədir. Bu qənaətimizi sonda əsaslandıracağıq.

Hələlik onu bildirək ki, Baş nazir Paşinyan Lori vilayətinin Şnox kənd sakinləri ilə görüşündə “The Insider”i nüfuzlu beynəlxalq media qurumu adlandırıb və bildirib ki, əgər kimsə nəşrin araşdırmasında vurğulananları təkzib etməyə çalışırsa, beynəlxalq məhkəməyə üz tutsun. Deməli, Nikolun fikrincə, barəsində yazılan şəxslər ədalət mühakiməsinə müraciət ünvanlanmasalar və təkzibə nail olmasalar, erməni iqtidarı “The Insider”in yazısını doğru sayacaq. Doğru sayacaqsa, adekvat tədbirlər də görəcək. Axı məsələ, böyük ölçüdə, Ermənistanın milli təhlükəsizliyi mahiyyətini daşıyır.

...Paşinyan Şnox kəndində bir neçə il əvvəl internetə sızdırılmış səs yazısını xatırladıb. Həmin səs yazısında Ermənistanın ikinci prezidenti Robert Koçaryan Putinə müraciət edərək deyirdi ki, “siz məni siyasətə qayıtmağa məcbur etdiniz. İndi isə xahiş edirəm, siyasətdən çıxmağımı təmin edin”. Nikolun sözlərinə görə, o vaxt bəziləri səs yazısının, guya, saxta olduğunu iddia edirdi. “Mən QHT-lərə beynəlxalq ekspertiza keçirməyi və yazının həqiqiliyini müəyyənləşdirməyi təklif etmişdim. Lakin QHT-lər nədənsə bunu etmədilər”, – deyən Baş nazir xalqın həqiqəti bilməsi üçün iyunun 7-nə – parlament seçkilərinədək ekspertiza keçirilməsi ilə bağlı çağırışını təkrarlayıb. O, eyni zamanda, vurğulayıb ki, Baş nazir kimi səs yazısının həqiqiliyinə zəmanət verir. Yəni, orada səslənən fikirlərin məhz Koçaryana aid olduğunu bildirir. Paşinyan əlavə edib ki, söhbət təkcə “üçbaşlı müharibə partiyası”ndan deyil, həm də “üçbaşlı casuslar partiyası”ndan gedir.

***

Bəli, “The Insider”də yayılmış materiala diqqət yetirsək, söhbət məhz Nikolun təsvir etdiyi “üçbaşlı casuslar partiyası”ndan gedir. Amma nəşrin araşdırmasında Koçaryanın adı keçmir. Adları keçənlər erməni əsilli rusiyalı milyarder, hazırda İrəvanda ev dustaqlığı yaşayan Samvel Karapetyan və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyandır. Birincinin yaxın çevrəsini tanıyan mənbə “The Insider”ə bildirib ki, Karapetyan heç vaxt siyasətə qarışmaq istəməyib, lakin Kreml ona təzyiq göstərərək, Paşinyana qarşı blok yaratmağa məcbur edib. O blok ki, hazırda Samvel onun baş nazirliyə namizədidir. Sarukyana gəlincə, internet nəşr bildirib ki, o, 1979-cu ildə hələ milis (polis) əməkdaşı olarkən, SSRİ-də iki turist qadının qarət olunması və qrup halında zorlanması ittihamı ilə məhkum edilmiş, Nijni Tagil yaxınlığındakı “Krasnaya Utka” həbsxanasında cəza çəkmişdi. SSRİ dağıldıqdan sonra isə Sarukyan Ermənistanın ən varlı yüz adamından birinə çevriləndə, məhkəmə ona bəraət vermişdi.

2004-cü ilin noyabrında o vaxt “Haykakan Jamanak” (“Erməni vaxtı”) qəzetinin baş redaktoru olan Paşinyanın avtomobili partladılmış və Nikol bu sifarişin məhz Sarukyan tərəfindən verildiyini iddia etmişdi. Lakin ikinciyə heç bir cinayət işinin açılmadığı məlumdur. 2019-cu ilin fevralında Sarukyanın partiyasının Rusiyanın hakim “Vahid Rusiya” ilə əməkdaşlıq protokolu imzalaması da həmçinin. Bu o deməkdir ki, vaxtilə Paşinyanı fiziki cəhətdən aradan götürməyə cəhd göstərən və buna görə Nikolun özü tərəfindən ittihamla üzləşən şəxs hazırda Kremlin Ermənistandakı seçki himayədarlığının çətiri altındadadır.

Əlbəttə, bu kimi təfərrüatlarla vaxt almaq niyyətindən uzağıq. Eləcə də “The Insider”in araşdırmasına əsasən, Rusiyada Ermənistandakı parlament seçkilərinə hazırlıq üzrə işləri aparacaq ayrıca qurumun formalaşdırılmasından, həmin qurumda kimlərin təmsil olunmasından söz açmağa lüzum görmürük. “The Insider”in materialına diqqət yetirsək, başlıca məqam adlarını çəkdiyimiz və Paşinyana müxalif kimi göstərilən şəxslərə Rusiya tərəfindən siyasi sərmayənin yatırılmasındadır. Əvvəldə anonsunu verdiyimiz qənaətimizi əsaslandırmaq da elə budur.

***

Haqqında söz açdığımız primitivliyə və qısırlığa söykənərək bildirək ki, vaxtilə Qarabağdakı separatçı rejimdə oyuncaq “dövlət naziri” postunu tutmuş, hazırda Bakıda həbsxana həyatı yaşayan Ruben Vardanyan kim idisə, indi də Sarukyan və Karapetyan eyni ampluadadır. Ən başlıcası, o zaman Vardanyan Rusiya tərəfindən “Qarabağ kartı” xüsusunda Ermənistanda hakimiyyətə gətirilmək üçün dövriyyəyə buraxılmışdı. Onun hətta Paşinyan hakimiyyətini devirməklə bağlı açıq çağırışları olmuşdu. İndi də ayının min oyunu bir armudun başındadır. Yəni “The Insider”in məlumatına əsasən, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi hazırladığını söyləyə bilərik. Hakimiyyət dəyişikliyi isə Qarabağ avantürasını qorumaq və nəticə etibarilə Kremlin regionda təsirini saxlamaq üçün vacibdir. Hərçənd, Rusiyanın Karapetyan və Sarukyan kimi reputasiyası pozulmuş şəxslərə siyasi sərmayə yatırması uğursuzluqdan xəbər verir. Amma...

“Əmma” barədə fikir yürüdərkən, ötən əsrin 90-cı illərinin sonlarına nəzər salmaq zərurəti yaranır. O zaman “Qarabağ klanı”nın üzvü olan R.Koçaryan 1998-ci ildə prezident postundan istefa vermiş Levon Ter-Petrosyandan sonra hakimiyyətə gəlsə də, faktiki iqtidar baş nazir Vazgen Sarkisyanın və parlament sədri Karen Dəmirçyanın əlində idi. Bu vəziyyət 1999-cu il oktyabrın 27-dək davam etdi. Həmin gün Ermənistan parlamentində terror törədildi və Dəmirçyan–Sarkisyan ikilisi ilə yanaşı, daha 6 yüksək vəzifəli şəxs öldürüldü. Bununla da Koçaryanın mütləq hakimiyyəti quruldu.

Sözümüz ondadır ki, Karapetyan və Sarukyan kimi reputasiyası pozulmuşların mövcudluğu və parlament seçkilərində uğursuzluğa düçar olacaqlarının proqnozlaşdırıldığı durumda yalnız bir yol qalır ki, o da Paşinyanı fiziki cəhətdən aradan götürməkdir. Hesab edirik ki, “The Insider”in faş etdiyi “Boroda” əməliyyatı ilə bağlı ən mühüm məqam məhz bu ola bilər. Baxmayaraq ki, nəşrdə belə bir ehtimal barədə nə isə yazılmır. Yazılmasa da müstəqillik dövrü Ermənistanında terrorla sülhdən uzaqlaşmaq kimi yaramaz ənənənin mövcudluğunu bilirik.

Nəzərə alaq ki, Azərbaycana güzəştin tərəfdarı olan Sarkisyan–Dəmirçyan ikilisinin məlum parlament terrorunda qətlə yetirilmələrindən sonra mütləq hakimiyyətə sahiblənmiş Koçaryan Qarabağ danışıqlarındakı pozitivliyi sıradan çıxartdı və nəticədə “Qarabağ kartı” əhəmiyyətini saxladı. Bu kartın qalması sonda İkinci Qarabağ müharibəsinə səbəb olduğu məlumdur. Görünür, elə buna görə Paşinyan və komandası erməni xalqının iyunun 7-də keçiriləcək parlament seçkilərində müharibə və barış arasında seçim etməli olduğunu bildirir. Siyasi terror “ənənəsi” olan ölkədə xalq öz seçimini Şimalın soyuq küləklərindən qorumağı da bacarmalıdır. Çünki Ermənistana yeni “saqqal” lazım deyil.

Əvəz CAHANGİROĞLU
XQ

Избранный
28
xalqqazeti.az

1Источники