RU

Tranzityönümlü inkişaf və şəhərlərin yaşıl keçidi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Dayanıqlı şəhər inkişafı üçün tranzityönümlü inkişaf (TOD) və şəhərlərin yaşıl transformasiyası” mövzusunda sessiya keçirilib.

Tədbir Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi və UN-Habitat-ın (BMT-nin Məskunlaşma Proqramı) Asiya və Sakit Okean üzrə Regional Ofisi (ROAP) tərəfindən təşkil olunub.

Tədbirdə müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı ilə dayanıqlı şəhər inkişafı, ictimai nəqliyyatyönümlü şəhərsalma modelləri, şəhərlərdə yaşıl məkanların genişləndirilməsi, iqlim dəyişikliklərinə qarşı tədbirlər və urbanizasiya problemlərinin həlli yolları müzakirə olunub.

Sessiyada çıxış edən BMT-nin Hindistandakı rezident-əlaqələndiricisi Ştefan Prisner bildirib ki, hazırda Hindistanın şəhər mərkəzlərində təxminən 500 milyon insan yaşayır. O deyib ki, Hindistanda növbəti 20 il ərzində 400 milyon insan şəhər mərkəzlərinə köçəcək. “Şəhərsalma məsələsi ölkənin gündəliyində ən prioritet istiqamətlərdən birini təşkil edir və bu sahədə genişmiqyaslı proqramlar həyata keçirilir. Bunlara dünyada ən böyük sosial və əlçatan mənzil təşəbbüslərindən bəziləri də daxildir. Son bir neçə il ərzində 12,5 milyon əlçatan sosial mənzil inşa olunub və əlavə olaraq daha 10 milyon mənzilin tikintisi təsdiqlənib”, - deyə o qeyd edib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İqtisadi Təhlil, Məlumat və Statistika Bölməsinin Geoməkan Təhlili Laboratoriyasının koordinatoru Claudia Baranzelli çıxışında bildirib ki, maliyyə və investisiyalar sahəsində mümkün olduğu qədər özəl sektor vəsaitlərinin də səfərbər olunması vacibdir.

Braziliyanın Şəhərlər Nazirliyinin şəhər və metropoliten inkişafı üzrə direktoru Kristiana Skortsa diqqətə çatdırıb ki, urbanizasiya modeli inklüziv, dayanıqlı və firavan olmalıdır.

Malayziyanın Yaşayış Sahələri və Yerli Özünüidarəetmə Nazirliyinin nəzdində fəaliyyət göstərən "URBANICE Malaysia" mərkəzinin baş əməliyyat direktoru Rizal Osman bildirib ki, Malayziya dayanıqlı şəhər inkişafının əsas istiqamətlərindən biri kimi İctimai Nəqliyyat Yönümlü İnkişaf (TOD) modelini prioritet hesab edir. O bildirib ki, məqsəd ictimai nəqliyyatdan istifadə edənlərin payını ən azı 30-40 faizə çatdırmaqdır.

Sessiya çərçivəsində Yaponiyanın tarixən tətbiq etdiyi “Transit-Oriented Development” (TOD) yanaşması, şəhərsalmanın ictimai nəqliyyat infrastrukturu ilə inteqrasiyası və şəhərlərin yaşıl transformasiyası istiqamətində beynəlxalq təcrübə diqqət mərkəzində olub.

XQ

Избранный
1
4
xalqqazeti.az

5Источники