RU

Dövlətçilik yaddaşının hüquqi salnaməsi

“Heydər Əliyev və Azərbaycan ədliyyəsi” kitabı Ulu öndərin idarəetmə irsinin öyrənilməsinə dəyərli töhfədir

Müasir Azərbaycanın dövlətçilik tarixindən danışarkən hüquqi dövlət quruculuğu məsələsi xüsusi yer tutur. Çünki müstəqil dövlətin gücü yalnız siyasi və iqtisadi imkanlarla deyil, həm də onun hüquqi əsaslarının möhkəmliyi ilə müəyyən olunur. Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu göstərir ki, dövlət idarəçiliyində hüquq amili hər zaman strateji əhəmiyyət daşıyıb.

Bu proseslərin formalaşması və inkişafı isə bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə demokratik hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi, məhkəmə-hüquq sisteminin yenidən qurulması və idarəçilik institutlarının təkmilləşdirilməsi müasir Azərbaycan dövlətçiliyinin əsas istiqamətlərindən birinə çevrilmişdi.

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, uzun illər ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri olmuş Fikrət Məmmədovun “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” kitabı məhz bu böyük dövlətçilik irsinin hüquqi aspektdən araşdırılması baxımından xüsusi əhəmiyyətli, fundamental nəşrdir.

Kitabın əsas xüsusiyyətlərindən biri onun yalnız tarixi faktların sadalanması ilə məhdudlaşmamasıdır. Müəllif hadisələrin arxasında dayanan dövlətçilik düşüncəsini, hüquqi idarəetmə prinsiplərini və qəbul edilən qərarların tarixi mahiyyətini əsaslandırılmış şəkildə izah edir. Bu baxımdan əsər yalnız hüquq tarixindən bəhs edən kitab deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin formalaşma prosesinə hüquqi baxışdır.

Kitabı oxuduqca aydın görünür ki, müəllif mövzuya kənar müşahidəçi kimi yanaşmır. Fikrət Məmmədov uzun illər dövlət idarəçiliyinin ən məsul hüquq institutlarında rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, müasir məhkəmə-hüquq sisteminin formalaşması və inkişafı proseslərinin birbaşa iştirakçılarından olmuşdur. Bu səbəbdən kitabda təqdim olunan hadisələr sadəcə arxiv materialı təsiri bağışlamır. Oxucu burada bütöv bir dövrün dövlətçilik məsuliyyətini, hüquqi düşüncə istiqamətlərini və tarixi qərarların daxili məntiqini hiss edir.

Əsərdə Heydər Əliyevin hüquq anlayışına münasibəti xüsusi diqqətlə təqdim olunur. Müəllif göstərir ki, onun dövlətçilik düşüncəsində hüquq yalnız qanun mətnləri və formal institutlar deyildi. Hüquq dövlətin dayağı, sabitliyin təminatı və milli təhlükəsizliyin əsas elementlərindən biri kimi qiymətləndirilirdi. Məhz buna görə demokratik hüquqi dövlət quruculuğu məsələsi Heydər Əliyevin siyasi fəaliyyətində daim prioritet istiqamətlərdən olmuşdur.

Kitabda müstəqilliyimizin Heydər Əliyev dövründə həyata keçirilən hüquqi islahatların əhəmiyyətinə xüsusi diqqət yetirilir. 1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində ölkədə sabitliyin təmin olunması, dövlət institutlarının formalaşdırılması, yeni Konstitusiyanın qəbul edilməsi və məhkəmə-hüquq sisteminin yenidən qurulması Azərbaycanın gələcək inkişafını müəyyən edən taleyüklü mərhələlər kimi təqdim olunur.

Müəllif xüsusi vurğulayır ki, həmin dövrdə həyata keçirilən hüquqi islahatlar formal dəyişiklik xarakteri daşımırdı. Məqsəd dövlətin hüquqi əsaslarını möhkəmləndirmək, cəmiyyətin qanuna inamını bərpa etmək və müasir idarəçilik modelini formalaşdırmaq idi. Yeni məcəllələrin hazırlanması, müasir və müstəqil üçpilləli məhkəmə sisteminin qurulması, hakim korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılması həmin islahatların mühüm nəticələri kimi təqdim edilir.

Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev həmin ərəfədə ABŞ-a səfəri zamanı Vaşinqtonda keçirilən beynəlxalq konfransda Azərbaycanın yeni məhkəmə sisteminin tam demokratik prinsiplər əsasında yaradıldığını, ölkəmizin demokratik hüquqi dövlət quruculuğu yolunu seçdiyini və bu yoldan dönməyəcəyini xüsusi vurğulamışdı. Bu fikir həmin dövrdə həyata keçirilən hüquqi islahatların strateji mahiyyətini aydın şəkildə ifadə edirdi.

Kitabın maraqlı xüsusiyyətlərindən biri də müəllifin şəxsi müşahidələrinin və xatirələrinin mətnə təbii şəkildə daxil edilməsidir. Bu yanaşma əsərə xüsusi canlılıq verir. Oxucu yalnız tarixi proseslərlə tanış olmur, eyni zamanda həmin dövrün məsuliyyət atmosferini, dövlət idarəçiliyində qəbul olunan qərarların taleyüklü xarakterini və hüquqi dövlət quruculuğunun çoxşaxəli mahiyyətini daha aydın hiss edir.

“Heydər Əliyev və Azərbaycan ədliyyəsi” kitabının ictimai əhəmiyyəti onun təqdimat mərasimində də aydın şəkildə hiss olunurdu. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş təqdimat mərasimi yeni nəşrin təqdimatı ilə yanaşı, Ulu öndərin dövlətçilik irsinin, xüsusilə hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyətinin hərtərəfli dəyərləndirilməsinin mühüm ictimai əhəmiyyəti var.

Məhkəmə sisteminin rəhbər şəxslərinin, millət vəkillərinin, İnsan Hüquqları üzrə Müvəkkilin, Vəkillər Kollegiyasının rəhbərliyinin, alimlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə səsləndirilən fikirlər kitabın yalnız hüquq ictimaiyyəti üçün deyil, bütövlükdə dövlətçilik düşüncəsi baxımından da mühüm əhəmiyyət daşıdığını göstərirdi.

Çıxış edənlər haqlı olaraq vurğulayırdılar ki, bu nəşr yalnız hüquq tarixinin mühüm mərhələlərini əks etdirən kitab deyil. Əsər, eyni zamanda, Azərbaycanın hüquqi dövlət modelinin formalaşma mərhələlərini sistemli şəkildə təqdim edən mühüm araşdırmadır. Xüsusilə qeyd olunurdu ki, kitab Ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin, hüquqi düşüncə məktəbinin və milli idarəçilik düşüncəsinin gənc nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Müəllifin təqdimat zamanı səsləndirdiyi bir fikir isə kitabın ümumi ideya xəttini aydın ifadə edirdi: Heydər Əliyev haqqında yazmaq yalnız böyük siyasi lider barədə danışmaq deyil, həm də dövlətçilik tarixinin məsuliyyətini gələcək nəsillərə çatdırmaqdır. Bu məsuliyyət hissi əsərin bütün ruhunda açıq şəkildə duyulur.

Kitabda Ulu öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarına da geniş yer ayrılıb. Müəllif göstərir ki, Ümummilli liderin müəyyən etdiyi dövlətçilik kursu müasir dövrdə uğurla davam etdirilir, məhkəmə sistemi müasirləşdirilir, elektron məhkəmə sistemi tətbiq olunur, hüquq infrastrukturu yenilənir və insan hüquqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər görülür.

Əsərdə, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətə də diqqət yetirilir. Müəllif göstərir ki, fondun həyata keçirdiyi layihələr yalnız tarixi yaddaşın qorunmasına deyil, həm də milli dövlətçilik düşüncəsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Əsərdə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər də dövlətçilik baxımından mühüm dönüş nöqtəsi kimi təqdim edilir. Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri, dövlət institutlarının fəaliyyətinin təşkili və hüquqi idarəetmə sisteminin tətbiqi müasir Azərbaycanın güclü dövlət modelinin real təzahürü kimi qiymətləndirilir.

Kitabın mühüm xüsusiyyətlərindən biri də zəngin sənəd və arxiv materiallarına əsaslanmasıdır. Burada hüquqi sənədlər, fotomateriallar, tarixi mənbələr və müxtəlif dövrlərə dair faktlar geniş şəkildə təqdim olunur. Lakin əsərin əsas dəyəri bu materialların zənginliyində deyil. Kitabın əsas dəyəri həmin sənədlər vasitəsilə dövlətçilik düşüncəsinin mahiyyətini və hüquqi idarəetmə prinsiplərinin formalaşma yolunu göstərə bilməsindədir.

Bu kitabı oxuyarkən bir həqiqət daha aydın görünür: dövlətçilik yalnız siyasi idarəetmə deyil. Dövlətçilik yaddaşdır, məsuliyyətdir, hüquqdur, milli iradədir. Güclü dövlət isə yalnız sərhədlərlə deyil, qanunun aliliyi, hüquqi institutların dayanıqlığı və milli düşüncənin bütövlüyü ilə yaşayır.

Bu baxımdan “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” kitabı xüsusilə gənc nəsil üçün mühüm əhəmiyyət daşıyır. Çünki burada yalnız tarixi hadisələr deyil, dövlətə xidmət məsuliyyəti, hüquqi düşüncə mədəniyyəti, idarəçilik prinsipləri və milli dövlətçilik düşüncəsi təqdim olunur. Müasir dövrdə hüquqşünas gənclərin, dövlət idarəçiliyində çalışan yeni nəslin və ümumiyyətlə ölkənin gələcəyini formalaşdıracaq insanların belə əsərlərlə tanış olması böyük əhəmiyyət kəsb edir. Bu kitab keçmiş haqqında məlumat verməklə kifayətlənmir, eyni zamanda gələcək üçün düşüncə formalaşdırır.

“Heydər Əliyev və Azərbaycan ədliyyəsi” kitabı məhz bu böyük dövlətçilik yaddaşının hüquqi salnaməsi kimi xüsusi dəyər daşıyır. Təəccüb doğurmur ki, təqdimat zamanı əsərin gənc hüquqşünaslar, tədqiqatçılar və gələcək dövlət idarəçiləri üçün mühüm mənbə olmaqla yanaşı, dərs vəsaiti kimi də əhəmiyyətindən xüsusi bəhs olunurdu. Çünki kitab yalnız tarixi faktları təqdim etmir, eyni zamanda dövlətçilik düşüncəsinin, hüquqi idarəetmə ənənələrinin və milli hüquq məktəbinin formalaşma mərhələlərini sistemli şəkildə əks etdirir.

Fikrət Məmmədovun bu fundamental əsəri yalnız hüquq tariximizin öyrənilməsi baxımından deyil, müasir Azərbaycan dövlətçiliyinin mahiyyətini anlamaq nöqteyi-nəzərindən də mühüm əhəmiyyət daşıyan dəyərli nəşrdir. Bu kitab bir daha göstərir ki, böyük liderlərin irsi yalnız tarix kitablarında yaşamır. O irs dövlət institutlarında, milli idarəçilik ənənəsində, hüquqi sistemdə və xalqın kollektiv yaddaşında yaşayır.

Qabil ƏLİYEV
XQ

Избранный
28
xalqqazeti.az

1Источники