RU

Çağdaş məskunlaşma beynəlxalq əməkdaşlıq tələb edir

Müsahibimiz Böyük Britaniyanın şəhərsalma və dayanıqlı inkişaf üzrə eksperti Ferqus Harradensdir

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu – WUF13 qlobal şəhərsalma və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformanın iştirakçılarından biri də Böyük Britaniyanın şəhərsalma və dayanıqlı inkişaf üzrə eksperti Ferqus Harradensdir. O, bizimlə müasir şəhərlərin qarşılaşdığı problemlər, beynəlxalq əməkdaşlığın əhəmiyyəti, Azərbaycanla mümkün tərəfdaşlıq imkanları və Bakının inkişaf perspektivləri barədə fikirlərini bölüşdü.

– Cənab Harradens, bu gün dünyada şəhərsalma problemlərinin həllində beynəlxalq əməkdaşlıq nə qədər vacibdir?

– Hesab edirəm ki, müasir dövrdə beynəlxalq əməkdaşlıq olmadan şəhərsalma problemlərinin həlli mümkün deyil. Çünki şəhərlərin üzləşdiyi çağırışlar artıq yalnız bir ölkəyə aid məsələ deyil. İqlim dəyişiklikləri, nəqliyyat sıxlığı, enerji təhlükəsizliyi, əhali artımı, yaşayış sahələrinin çatışmazlığı və ekoloji problemlər bütün dünya üçün ortaq çağırışlara çevrilib. Bu səbəbdən ölkələrin təcrübə paylaşımı olduqca vacibdir. Bir şəhərdə uğurlu olan modeldən digər ölkələr nümunə götürə bilər. Məsələn, Böyük Britaniyada yaşıl nəqliyyat və ağıllı şəhər texnologiyaları sahəsində geniş işlər aparılır. Eyni zamanda, biz də başqa ölkələrin sosial mənzil siyasəti və şəhər idarəetməsi təcrübələrindən öyrənirik. Ən vacib məqam isə budur ki, şəhərlərin gələcəyi yalnız infrastrukturla deyil, insanların həyat keyfiyyəti ilə ölçülür. Bu baxımdan beynəlxalq əməkdaşlıq daha sağlam və dayanıqlı şəhərlərin qurulmasına imkan yaradır.

– WUF13 kimi beynəlxalq forumlar ölkələr arasında münasibətlərin inkişafına necə təsir göstərir?

– Bu cür forumların əhəmiyyəti çox böyükdür. Çünki burada yalnız rəsmi çıxışlar edilmir, eyni zamanda, müxtəlif ölkələrin nümayəndələri arasında birbaşa əlaqələr qurulur. Şəhər rəhbərləri, ekspertlər, beynəlxalq təşkilatlar, jurnalistlər və biznes nümayəndələri bir araya gələrək ortaq problemləri müzakirə edir və həll yolları axtarırlar. WUF13 kimi tədbirlər diplomatik münasibətlərə də müsbət təsir göstərir. Çünki şəhərsalma artıq yalnız memarlıq və tikinti ilə bağlı məsələ deyil. Bu sahə iqtisadiyyat, sosial rifah, ekologiya, enerji və texnologiya ilə sıx bağlıdır.

Belə tədbirlər ölkələr arasında etimadı artırır və gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaradır. Mən düşünürəm ki, Bakı forumu bir çox yeni beynəlxalq layihələrin başlanğıcı olacaq.

– Azərbaycanın belə nüfuzlu tədbirə ev sahibliyi etməsini necə qiymətləndirirsiniz?

– Azərbaycan son illərdə şəhər infrastrukturu və regional inkişaf sahəsində ciddi addımlar atıb. Bakı buna ən yaxşı nümunələrdən biridir. Şəhərdə həm müasir memarlıq layihələri həyata keçirilir, həm də tarixi irs qorunur. Bu balansı qorumaq hər ölkəyə nəsib olmur. Mən Bakıda müasir şəhərsalma yanaşması ilə milli kimliyin uzlaşdırıldığını gördüm. Bu, çox önəmli məsələdir. Çünki şəhərlər inkişaf etdikcə öz tarixi ruhunu itirməməlidir.

WUF13 kimi qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq əməkdaşlığa açıq olduğunu və şəhərsalma sahəsində mühüm aktora çevrildiyini göstərir. Hesab edirəm ki, bu forum Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına töhfə verəcək.

– Siz gələcəkdə Böyük Britaniya ilə Azərbaycan arasında daha hansı sahələr üzrə əməkdaşlıq imkanlarını görürsünüz?

– Mən düşünürəm ki, əməkdaşlıq üçün kifayət qədər geniş perspektivlər mövcuddur. İlk növbədə, yaşıl şəhər texnologiyaları sahəsində birgə layihələr həyata keçirilə bilər. Bu gün dünya karbon emissiyalarının azaldılması və ekoloji şəhərlərin qurulması istiqamətində çalışır. Böyük Britaniyanın bu sahədə ciddi təcrübəsi var. Digər mühüm istiqamət ağıllı şəhər texnologiyalarıdır. Rəqəmsal idarəetmə sistemləri, ağıllı nəqliyyat infrastrukturu və enerji səmərəliliyi gələcəyin şəhərlərinin əsas komponentləridir. Azərbaycan da bu sahədə sürətlə inkişaf edir və mən burada böyük potensial görürəm.

Bundan əlavə, universitetlər arasında əməkdaşlıq, şəhərsalma üzrə təhsil proqramları və gənc mütəxəssislərin təcrübə mübadiləsi çox faydalı ola bilər.

– Sizcə müasir şəhərlərin qarşısında duran əsas problem nədir?

– Ən böyük problem sürətli inkişafla həyat keyfiyyəti arasında balans yaratmaqdır. Şəhərlər böyüyür, yeni binalar tikilir, infrastruktur genişlənir. Amma bu inkişaf insan rahatlığını və sosial bərabərliyi arxa plana atmamalıdır. Əgər şəhərdə əlçatan mənzil yoxdursa, ictimai nəqliyyat rahat deyilsə, yaşıl ərazilər azalırsa, o zaman inkişaf uzunmüddətli ola bilməz. Şəhərsalma siyasətinin mərkəzində insan dayanmalıdır. Şəhərlər yalnız iqtisadi göstəricilərlə deyil, insanların orada necə yaşadığı ilə qiymətləndirilməlidir.

– Bakıda sizi ən çox nə təəccübləndirdi?

– Şəhərin dinamik inkişafı və insanların qonaqpərvərliyi. Bakı həm qədim tarixə malikdir, həm də çox müasir görünür. Burada tarixi memarlıqla yeni şəhərsalma layihələri arasında maraqlı harmoniya hiss olunur. Hesab edirəm ki, Bakı gələcəkdə regionun ən mühüm şəhərsalma və innovasiya mərkəzlərindən birinə çevrilə bilər. Şəhərin böyük potensialı var və bunu forum zamanı da açıq şəkildə hiss etdim.

– Bəs ideal şəhər necə olmalıdır?

– Mənim fikrimcə, ideal şəhər insanyönümlü olmalıdır. İnsanlar özlərini təhlükəsiz hiss etməli, rahat nəqliyyatdan istifadə etməli, yaşıl ərazilərə çıxışı olmalıdır. Şəhər həm texnoloji, həm ekoloji, həm də sosial baxımdan balanslı inkişaf etməlidir. Ən əsası isə şəhər hər kəs üçün əlçatan olmalıdır.

Söhbət etdi:
Y.YAQUBOĞLU
XQ

Избранный
27
xalqqazeti.az

1Источники