RU

Sebastian Herold: Su və sanitariya xidmətləri olmadan keyfiyyətli mənzil təminatı qeyri-mümkündür

BAKI, 21 may. TELEQRAF

​"Sürətli urbanizasiya çağırışlarına cavab vermək üçün müxtəlif sektorlar üzrə şəhər layihələrinin daha sıx inteqrasiyasına ehtiyac var. Təmsil etdiyim nazirlik dayanıqlı, yaşanıqlı şəhərləri təşviq etmək və eyni zamanda iqtisadi inkişafı gücləndirmək üçün sektorlararası inteqrasiya olunmuş yanaşmanı müdafiə edir”.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin şəhərsalma və mobillik şöbəsinin baş siyasət rəsmisi Sebastian Herold Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “2026-cı il Su Konfransı: Şəhər mənzillərinin yol xəritəsi" mövzusuna həsr olunmuş tədbirdə bildirib.

​Şəhərlərdə mənzil təminatı ilə əsas kommunal xidmətlərin paralel qurulmalı olduğunu qeyd edən nazirlik rəsmisi tərəfdaş ölkələrlə birlikdə əlverişli şəraitin yaradılması üzərində işlədiklərini bildirib:
​“Etibarlı su və kanalizasiya xidmətləri olmadan şəhərlərdə keyfiyyətli mənzil və yaşayış şəraitini təmin etmək qeyri-mümkündür. Siyasətçilər mənzil, tikinti, mobillik, su, tullantıların idarə olunması və ictimai məkanlar kimi sahələri daha koordinasiyalı idarə etməlidirlər. Bu boşluğu aradan qaldırmağın ən effektiv yolu prosesə ən başdan Şəhər Baş Planlar vasitəsilə başlamaqdır”.

​Maliyyə çatışmazlığı və investisiya boşluğuna toxunan Sebastian Herold Almaniya hökumətinin yeni qlobal təşəbbüsünü Bakı platformasında elan edib:

​“Bu forumun ən əsas mövzularından biri qlobal maliyyə boşluğudur. Bu problemi həll etmək üçün Almaniya tərəfi həm maliyyələşməni, həm də sektorlararası uzlaşmanı hədəfləyən yeni bir layihə — 'Şəhər Su Katalizatoru Təşəbbüsü'nü (Urban Water Catalyst Initiative) təqdim edir. Bu qlobal təşəbbüs islahat yönümlü dövlət müəssisələrinin iqtisadi cəhətdən səmərəli və kredit qabiliyyətli strukturlara çevrilməsini hədəfləyir. Yalnız bu halda həmin müəssisələr hər kəs üçün keyfiyyətli xidmət və infrastruktura investisiya qoymaq məqsədilə əlavə özəl kapitalı cəlb edə bilərlər”.
​S.Herrold Almaniyanın bu qlobal səylərdə UN-Habitat və Qlobal Su Operatorları Tərəfdaşlığı Alyansı (GWOPA) ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Избранный
27
teleqraf.com

1Источники