RU

Fransada qırıcı evin damını uçurdu, təmir xərclərini ev sahibi ödəməli oldu

Paris, 21 may, AZƏRTAC

Fransanın En departamentində yaşayan bir təqaüdçü 2025-ci ilin iyul ayında gözlənilməz hadisə ilə üzləşib. Evinin üzərindən çox alçaq hündürlükdə keçən “Rafale” döyüş təyyarəsi damın bir hissəsini uçurub. Lakin şikayətinə baxmayaraq, o, nə sığortadan, nə də məhkəmədən kompensasiya ala bilib.

AZƏRTAC xəbər verir ki, hadisə ötən il iyulun 4-də Virye-le-Qran şəhərində baş versə də, indi gündəmə gəlib. “Tək idim, kabinetimdə oturmuşdum. Birdən bir “Rafale” təyyarəsi evimin üstündən keçdi”, – deyə təqaüdçü “Midi Libre” qəzetinə bildirib. Əvvəlcə o, vəziyyətin adi hərbi uçuş olduğunu düşünüb. Lakin az sonra metala bənzər çatlama səsi və qəribə gurultu eşidib. Buna baxmayaraq, yarım saat sonra çölə çıxana qədər ciddi problem olduğunu anlamayıb. Evin qarşısına çıxanda isə ziyanın miqyası ortaya çıxıb: döyüş təyyarəsinin yaratdığı təzyiq nəticəsində damın bir hissəsi yerindən qopub. Hadisənin gücü o qədər böyük olub ki, ən uzağa düşən kirəmit parçası evdən 18 metr məsafədə tapılıb. Həmçinin dam pəncərəsinin jalüzü də zədələnib.

Təqaüdçü dərhal jandarmaya müraciət edib. Hadisə yerinə gələn əməkdaşlar hətta təyyarədən hansısa hissənin qopmuş ola biləcəyini də ehtimal ediblər. Ev sahibi dülgər çağıraraq təmir işləri aparıb. Təmirin ümumi dəyəri təxminən 1 500 avro olub və bütün xərcləri özü qarşılayıb.

Təqaüdçü əvvəlcə sığorta şirkətinin ziyanı ödəyəcəyinə ümid etsə də, müraciəti rədd edilib. Bundan sonra o, təzminat almaq məqsədilə şikayət edib. Lakin Lion Məhkəməsi işi bağlayıb və qərarında bildirib ki, bu prosedur çərçivəsində göstərilən faktlar cinayət qanunvericiliyi ilə cəzalandırılan əməl hesab olunmur. Beləliklə, bütün təmir xərcləri ev sahibinin üzərində qalıb.

Təqaüdçü ən çox belə uçuşların təhlükəliliyinin rəsmi şəkildə tanınmamasından narahat olduğunu deyib. “Bir neçə gün əvvəl ailəmlə birlikdə bağçada idik. Əgər həmin vaxt belə bir hadisə baş versəydi, ölən ola bilərdi. Təyyarə keçəndə reaksiya verməyə vaxt olmur”, - deyə o xəbərdarlıq edib.

Bölgənin digər sakinləri də daha əvvəl bu cür alçaq uçuşlardan şikayət edir və nəticələrinin təhlükəli olduğunu bildirirlər.

Fransa Silahlı Qüvvələr Nazirliyi isə “Le Progrès” qəzetinə açıqlamasında qeyd edib ki, bu təlim uçuşları ciddi normativ çərçivədə həyata keçirilir. Nazirlik bildirib ki, uçuş zonaları mümkün qədər əhaliyə təsiri azaltmaq məqsədilə əsasən daha az sıx məskunlaşmış ərazilər nəzərə alınaraq müəyyən edilir.

 

Избранный
12
azertag.az

1Источники