RU

Azərbaycan azad edilmiş ərazilərin yenidən qurulmasını prosesi həyata keçirərək öyrənməli olub - Aydın Kərimov

Baş planların hazırlanması adətən uzun saatlar, günlər, bəzən isə aylarla davam edən müzakirələr, beyin fırtınası və beynəlxalq ictimaiyyətlə intensiv əməkdaşlıq tələb edir ki, ən düzgün yanaşma müəyyənləşdirilsin.

 

Bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən "Şəhərsalmanın Yenidən Qurulması: Azərbaycanda şəhər transformasiyası üçün innovasiya laboratoriyasını necə yaratdı" mövzulu sessiyada çıxışında bildirib.

 

Onun sözlərinə görə, müharibədən sonrakı reabilitasiya və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində vaxt məhdudiyyəti olduğuna görə Azərbaycan prosesi eyni zamanda həyata keçirərək öyrənməli və onun gedişində təcrübə qazanmalı olub:

 

"Bu baxımdan, Prezident İlham Əliyev və hökumət tərəfindən başlanğıcdan tətbiq edilən bəzi mexanizmlər prosesin düzgün istiqamətləndirilməsi üçün olduqca faydalı oldu. İlk olaraq xüsusi bir qurum – Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi Əlqələndirmə Qərargahı yaradıldı. Bu qərargaha demək olar ki, bütün nazirlər və dövlət qurumlarının rəhbərləri daxil idi və o, azad edilmiş ərazilərdə həyata keçirilən bütün proseslərə nəzarət edən paralel idarəetmə mexanizmi kimi fəaliyyət göstərirdi.

 

Bu qurum yalnız formal koordinasiya strukturu deyildi. Əksinə, çox canlı fəaliyyət göstərən, müxtəlif işçi qruplarını bir araya gətirən və bu gün də əməkdaşlığını davam etdirən çevik bir mexanizm idi. Bütün bu sistem çox qısa müddət ərzində formalaşdırıldı.

 

Eyni zamanda planlaşdırıcılar, memarlar və icraedici qurumlar — istər dövlət, istərsə də tikinti prosesinə cəlb olunmuş özəl şirkətlər arasında çox operativ əlaqələndirmə mexanizmi yaradıldı".

 

Aydın Kərimov bildirib ki, paralel olaraq, bu prosesin mümkün qədər şəffaf aparılmasına xüsusi diqqət yetirilib.

 

"Açıq tender prosedurları tətbiq olundu, çoxsaylı media nümayəndələri və ziyarətçilər bölgələrə səfər etdilər. Şuşa bu baxımdan geniş diqqət görən ilk şəhərlərdən biri oldu.

Milli irsin qorunması tələblərinə cavab vermək əsas prioritetlərdən biri idi və bu, memarlıq üslubunu da əhatə edirdi. Əgər Şuşadakı yaşayış komplekslərinə baxsanız, binaların fasadlarında tamamilə fərqli və maraqlı memarlıq yanaşmasının tətbiq olunduğunu görərsiniz. Burada yerli daş karxanalarından əldə edilən daşlardan istifadə olunub ki, onların tapılması da asan deyildi.

 

Eyni zamanda bu istiqamətdə müəyyən eksperimentlər də aparılırdı və bu daha çox dizayn yanaşması ilə bağlı idi. Fasadların daha estetik görünməsi məqsədilə Şəhərsalma və Memarlıq Komitəsinin dəstəyi ilə yeni standartlar hazırlandı və artıq uğurla tətbiq edilir. Nəticədə binalar həm estetik baxımdan cəlbedici görünür, həm də funksional yaşayış mühiti yaradır. Bu əraziləri yüksək səviyyəli qonaqlar ziyarət edir, sakinlər isə orada rahat və komfortlu həyat sürərək yaşayış şəraitindən məmnun qalırlar", - o qeyd edib.

 

Trend

Tarix: 21 May 2026, 13:15   
Избранный
14
pravda.az

1Источники