Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı – Tbilisi – Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası gözlənildiyi kimi, cəmiyyətdə həm məmnunluq, həm də geniş müzakirələr yaratdı. Quru sərhədlərinin uzun müddət bağlı qalmasından sonra bu marşrutun yenidən açılması xüsusilə Gürcüstanda yaşayan həmvətənlərimiz, eləcə də həmin bölgə ilə bağlılığı olan Azərbaycan vətəndaşları üçün sevindirici hadisədir. Eyni zamanda, Gürcüstan və Türkiyə istiqamətində səyahət etməyi planlaşdıran şəxslər üçün də yeni imkan yaranır.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) açıqlayıb ki, Bakı – Tbilisi – Bakı marşrutu üzrə hərəkət 26 may 2026-cı ildən bərpa olunacaq. Reyslər İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlarla həyata keçiriləcək.
Marşrutun açılması ilə bağlı əsas müzakirələr isə təbii olaraq qiymətlər ətrafında gedir. Xüsusilə “qiymətlər 81 manatdan başlayır” ifadəsi sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub.
ADY-nin rəsmi məlumatına görə, tariflər məsafə və komfort səviyyəsindən asılı olaraq dəyişir. Belə ki, Bakıdan Tbilisiyə minimum qiymət 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan 57 AZN təşkil edir. Böyük Kəsik – Qardabani istiqamətində isə qiymət 51 AZN-dir. Bildirilir ki, beynəlxalq marşrutlarda qiymətlər İsveçrə frankının məzənnəsinə uyğun formalaşır və valyuta kursundan asılı olaraq dəyişə bilər.

Təbii ki, cəmiyyətdə bu qiymətləri yüksək hesab edənlər də var. Bu yanaşmalar müəyyən mənada anlaşılandır. Lakin məsələyə yalnız minimum əməkhaqqı və ya gündəlik gəlirlər prizmasından yanaşmaq da tam obyektiv olmazdı. Çünki beynəlxalq dəmir yolu daşımaları kifayət qədər mürəkkəb və yüksək xərcli sahə hesab olunur.
İqtisadçıların və nəqliyyat mütəxəssislərinin də qeyd etdiyi kimi, müasir dəmir yolu infrastrukturu böyük investisiyalar tələb edir. İnfrastrukturun qurulması, texniki xidmət, təhlükəsizlik sistemləri, vaqon parkının yenilənməsi və beynəlxalq standartlara uyğun xidmətin təmin olunması ciddi maliyyə yükü yaradır. Bu baxımdan, beynəlxalq sərnişindaşıma xidmətlərinin maya dəyəri kifayət qədər yüksək olur.
Üstəlik, Bakı – Tbilisi – Bakı marşrutu üzrə istifadə olunacaq qatarlar əvvəlki illərdə işləyən köhnə heyətlər deyil. ADY-nin məlumatına görə, reyslər müasir “Stadler” vaqonları ilə həyata keçiriləcək. Bu isə daha yüksək komfort, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti deməkdir.
Qiymətlərin formalaşmasına təsir edən əsas amillərdən biri də beynəlxalq tarif sistemidir. Qatarın keçdiyi hər bir ölkə marşrut üzrə tarif əmsalı tətbiq edir. Bu səbəbdən, daxili sərnişindaşıma tarifləri ilə beynəlxalq marşrut qiymətlərini birbaşa müqayisə etmək tam doğru yanaşma sayılmır.
Müqayisə üçün qeyd etmək olar ki, bəzi postsovet və Avropa ölkələrində beynəlxalq dəmir yolu biletləri daha yüksək qiymətlərlə təklif olunur. Məsələn, təxminən 750 kilometrlik Minsk – Moskva marşrutunda qiymətlər Azərbaycan valyutası ilə 100–110 manat civarındadır. Avropada isə bəzi istiqamətlər üzrə qiymətlər daha da yüksəkdir. İngiltərədə London – Mançester marşrutunda biletlər 80–190 funt-sterlinq, Almaniyada Berlin – Düsseldorf istiqamətində isə 180 avroya qədər dəyişə bilir.

Əlbəttə, Avropadakı maaş səviyyəsi və alıcılıq qabiliyyəti nəzərə alınmadan bu müqayisələri tam paralel aparmaq düzgün olmazdı. Bununla belə, Avropa təcrübəsində diqqət çəkən başqa mühüm məqam da var: çevik və çoxpilləli tarif siyasəti.
Bir çox Avropa ölkəsində tələbələr, pensiyaçılar və sosial həssas qruplar üçün xüsusi güzəştlər tətbiq olunur. Bundan əlavə, biletləri həftələr və ya aylar əvvəl alan sərnişinlər daha sərfəli qiymətlərdən yararlana bilirlər. Müxtəlif kampaniyalar, endirim paketləri və dinamik qiymət modelləri də geniş tətbiq edilir.
Əslində, Azərbaycan vətəndaşları da mərhələli şəkildə bu cür çevik tarif mexanizmlərindən faydalanmaq istəyirlər. Görünən odur ki, ADY də artıq bu istiqamətdə müəyyən addımlar atmağa başlayıb. Qurumun son açıqlamasına əsasən, Bakı – Tbilisi – Bakı qatarlarında dinamik qiymət sistemi tətbiq ediləcək və biletləri 25-30 gün əvvəl alan sərnişinlər daha münasib qiymətlərlə səyahət edə biləcəklər.
Bundan əlavə, qatarlar “Komfort”, “Komfort+” və “Lüks” siniflərindən ibarət olacaq. Bu isə qiymətlərin həm komfort səviyyəsinə, həm məsafəyə, həm də biletin alınma tarixinə görə dəyişməsi deməkdir. Başqa sözlə, ADY-də çevik tarif siyasətinə keçidlə bağlı ilkin addımlar artıq görünür.

Bununla belə, bu sistemin gələcəkdə daha da inkişaf etdirilməsinə ehtiyac var. Sosial həssas qruplar üçün güzəştlər, daha geniş erkən rezervasiya imkanları və əlavə kampaniyalar gələcəkdə sərnişin məmnuniyyətini artıra bilər.
Nəticə etibarilə, Bakı – Tbilisi – Bakı marşrutu üzrə müəyyən olunan qiymətləri yalnız “baha” və ya “ucuz” prizmasından qiymətləndirmək tam doğru olmazdı. Burada həm beynəlxalq daşımaların iqtisadi reallıqları, həm yüksək xidmət standartları, həm də sərnişinlərin sosial gözləntiləri birlikdə nəzərə alınmalıdır. Görünən odur ki, qarşıdakı dövrdə əsas məsələ təkcə qiymət deyil, həm də daha çevik, şəffaf və sosial balansı qoruyan tarif siyasətinin formalaşdırılması olacaq.
C.Məmmədli
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.