RU

Bakı-Tiflis: sərbəst gediş-gəliş başladı, niyə məhz indi...



Azərbaycan-Gürcüstan dəmiryol xəttinin mayın 25-dən yenidən sərnişin daşımalarına açılması ilk baxışda texniki qərar təsiri bağışlayır. Halbuki, bu addımın arxasında Cənubi Qafqazın son illərdə keçirdiyi dərin siyasi və iqtisadi dəyişikliklər dayanır. Bu prosesi yalnız nəqliyyat əlaqələrinin bərpası kimi qiymətləndirmək məsələnin mahiyyətini xeyli sadələşdirmək olardı.

2020-ci il müharibəsi regionda qüvvələr nisbətini kökündən dəyişdi. Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də bölgənin siyasi gündəliyini müəyyən edən əsas gücə çevrildi. Ən mühüm dəyişiklik isə ondan ibarət oldu ki, Bakı artıq regional layihələrdə sadəcə iştirakçı deyil, həmin layihələrin istiqamətini müəyyən edən mərkəz rolunda çıxış etməyə başladı. Müharibədən sonra Azərbaycan bölgədə yeni əlaqə xətləri, ticarət yolları və iqtisadi bağların qurulmasını strateji məqsədə çevirdi. Dəmiryol xəttinin yenidən açılması da bu yanaşmanın tərkib hissəsidir.

Əslində burada söhbət təkcə Bakı ilə Tiflis arasında sərnişin daşınmasından getmir. Məsələ daha genişdir. Son illərdə Orta Dəhliz adlandırılan marşrutun əhəmiyyəti sürətlə artıb. Rusiya-Ukrayna müharibəsi Avropa ilə Asiya arasındakı ənənəvi ticarət yollarını risk altına saldı. Bunun nəticəsində Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən alternativ xətt daha cəlbedici görünməyə başladı. Azərbaycan bu yeni şəraitdə yalnız enerji ixrac edən ölkə deyil, həm də qitələri birləşdirən əsas keçid məntəqəsinə çevrilmək istəyir.

Məhz buna görə Bakı regionda sabitlik görüntüsünün yaranmasına xüsusi əhəmiyyət verir. Çünki iri sərmayə, beynəlxalq ticarət və tranzit layihələri yalnız təhlükəsiz və açıq bölgələrə yönəlir. Sərnişin qatarlarının yenidən fəaliyyətə başlaması iqtisadi mənadan çox siyasi mesaj daşıyır: Cənubi Qafqaz artıq qapalı münaqişə məkanı deyil, mərhələli şəkildə əlaqələrin bərpa olunduğu coğrafiyaya çevrilir.

Bu dəyişiklik Ermənistanın davranışına da təsirsiz qalmayıb. Uzun illər regiondakı nəqliyyat layihələrinin böyük hissəsindən kənarda qalan Ermənistan indi bunun iqtisadi nəticələrini daha aydın hiss edir. İrəvan anlayır ki, davamlı təcrid siyasəti ölkəni həm iqtisadi, həm də siyasi baxımdan zəiflədir. Son illərdə Ermənistan rəhbərliyinin Avropa ilə yaxınlaşma cəhdləri, Qərb strukturları ilə münasibətləri genişləndirmək istəyi də məhz bu reallıqdan doğur. Ancaq Qərbə yaxınlaşmaq yalnız siyasi bəyanatlarla mümkün deyil. Bunun üçün açıq sərhədlər, işlək yollar, regional ticarət və iqtisadi dövriyyə lazımdır.

Bu baxımdan kommunikasiya xətlərinin açılması artıq Ermənistan üçün də əvvəlki kimi təhlükəli siyasi mövzu sayılmır. Əksinə, regionda açılan hər yeni yol Ermənistanın iqtisadi nəfəs imkanlarını genişləndirə bilər. Zəngəzur istiqamətində gedən müzakirələr də məhz bu kontekstdə başa düşülməlidir. Burada məsələ təkcə bir yolun açılması deyil, bütövlükdə regionun onillərlə davam etmiş qapalı siyasi modeldən çıxmasıdır.

Gürcüstan isə prosesdə öz ənənəvi rolunu qorumağa çalışır. Tiflis üçün əsas məsələ regionun aparıcı keçid ölkəsi statusunu itirməməkdir. Azərbaycanla Türkiyə arasında qurulan iqtisadi və nəqliyyat xəttinin əsas hissəsi Gürcüstan ərazisindən keçir. Buna görə də hər yeni dəmiryolu layihəsi, hər artan sərnişin və yük axını Gürcüstan üçün həm siyasi təsir, həm də iqtisadi gəlir deməkdir. Təsadüfi deyil ki, Tiflis son illərdə regiondakı bütün əsas nəqliyyat layihələrində iştirakını qorumağa xüsusi diqqət ayırır.

Bununla yanaşı, baş verənləri həddindən artıq nikbin şəkildə qiymətləndirmək də doğru olmazdı. Region hələ tam sabitlik mərhələsinə daxil olmayıb. Ermənistan-Azərbaycan münasibətləri tam normallaşmayıb, sülh sazişi yekunlaşmayıb, sərhəd məsələləri tam həll edilməyib. Zəngəzur dəhlizi ətrafında tərəflərin yanaşmaları arasında ciddi fərqlər qalır. Böyük dövlətlərin - Rusiya, Qərb, Türkiyə və İranın - bölgə uğrunda rəqabəti də davam edir. Xüsusilə Moskvanın zəifləyən təsir imkanlarını qorumaq cəhdi regiondakı prosesləri daha mürəkkəbləşdirir.

Ancaq bütün bu çətinliklərə baxmayaraq bir həqiqət dəyişmir: müharibədən əvvəlki Cənubi Qafqaz artıq yoxdur. Regionda yeni siyasi və iqtisadi düzən formalaşır. Kommunikasiya xətlərinin açılması, sərhədlərin mərhələli şəkildə müəyyənləşdirilməsi, ticarət marşrutlarının genişlənməsi və qarşılıqlı iqtisadi asılılığın artması həmin yeni mərhələnin əsas xüsusiyyətləridir. Azərbaycan-Gürcüstan dəmiryol xəttinin yenidən işə düşməsi də bu böyük dəyişimin simvolik və praktiki göstəricilərindən biridir. Qatar xətti açılır, amma əslində hərəkətə keçən yalnız nəqliyyat deyil - bütöv bir bölgənin siyasi istiqamətidir.

Akif NƏSİRLİ

Избранный
9
baki-xeber.com

1Источники