RU

“ADY rəhbərliyi insanları dövlətlə üz-üzə qoyur” – Partiya sədri HİDDƏTLƏNDİ

Bakı–Tbilisi–Bakı sərnişin qatarı üzrə açıqlanan qiymətlər ADY-dən narazılığı pik həddə çatdırıb. Vətəndaşlar hesab edir ki, 81 manatdan başlayan bilet qiymətləri, əlavə sığorta ödənişləri və ümumi xərcin iki nəfər üçün 600-700 manata qədər yüksəlməsi Gürcüstana səfəri sadə insanlar üçün əlçatmaz edir. Sosial şəbəkələrdə səsləndirilən fikirlərdə əsas irad ondan ibarətdir ki, ölkədə 400-500 manat maaş alan insanlar üçün bu qiymətlər reallıqdan tamamilə uzaq görünür. İnsanlar sual edir ki, sosial vəziyyət bu qədər ağır olduğu halda, dövlət qurumları niyə vətəndaşın büdcəsini deyil, əlavə gəlir əldə etməyi düşünür? Bəzi ekspertlər və ictimai şəxslər isə hesab edirlər ki, belə qiymət siyasəti cəmiyyətdə dövlət qurumlarına qarşı narazılığı daha da artırır və insanlar özlərini diqqətdən kənarda qalmış hesab edirlər. Ümumiyyətlə, ADY rəhbərliyinin qiymət siyasətinin dövləti insanlarla qarşı-qarşıya qoymaqdan ibarət olduğu qənaətinə gələnlər də az deyil. Görəsən, Bakı–Tbilisi qatarında tətbiq olunan yüksək qiymətlərə yenidən baxılacaqmı, yoxsa vətəndaşın narazılığı yenə qulaqardına vurulacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ADY rəhbərliyini sərt tənqid edib. O, bildirib ki, ölkədə 400-500 manat maaş alan insanların sayı belə azdır və əhalinin böyük hissəsi işsizlikdən əziyyət çəkir:

Hafiz

“Vətəndaşlarımızın 30-40 faizi bu maaşı ala bilər. Qalanları işsizdir. Rəsmi rəqəmlərlə reallıq arasında böyük fərq var. Biz xalqın arasındayıq və vəziyyəti görürük. Vətəndaşlardan alınan əlavə sığorta ödənişləri də insanlarda narazılığı artırır. Yüksək vəzifəli şəxslər xalqın gündəlik problemlərindən uzaq düşüblər.

Bizim məmurlar vətəndaşın vəziyyətindən xəbərsizdir. Qapıları üzlərinə bağlanıb. İnsanların problemlərini görmürlər. Bütün əlavə xərcləri də vətəndaşın cibindən çıxarırlar”.

Azərbaycan Dəmir Yolları və digər dövlət qurumlarının fəaliyyəti ilə bağlı da sərt fikirlər səsləndirən Hafiz Hacıyev bildirib ki, Prezidentin tapşırıqları lazımi səviyyədə icra olunmur:

“Cənab Prezident göstəriş verir ki, millət yaxşı yaşasın. Amma məmur təbəqəsi bu tapşırıqları yerinə yetirmir. Xalqla dövlət başçısı arasında böyük uçurum yaradıblar.

Artıq insanlar qaynamağa başlayıb. Bu narazılığın qarşısı alınmalıdır. Qiymətlər yenidən nəzərdən keçirilməli, vətəndaşların cibinə uyğun səviyyəyə endirilməlidir”.

Hafiz Hacıyev Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətinə də toxunaraq bildirib ki, minlərlə insanın ailə əlaqələri və gündəlik gediş-gəlişi nəzərə alınmalıdır:

“Gürcüstanda yüz minlərlə soydaşımız yaşayır. İnsanların gedib-gəlməsi üçün münasib şərait yaradılmalıdır. Bu qədər vətəndaşı qıcıqlandırmaq düzgün deyil. Bizim məmurlara səslənirəm, pəncərələri açsınlar, xalqın nəfəsini duysunlar. İnsanların arzularını, problemlərini eşitsinlər. Bu cür davam etmək olmaz”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
34
3
konkret.az

4Источники