RU

Ombudsman Aparatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında memorandum imzalanıb

BAKI, 21 may. TELEQRAF

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında birgə əməkdaşlığa dair Memorandum imzalanıb.

İmzalama mərasimində çıxışı zamanı Ombudsman Səbinə Əliyeva Memorandumun insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusilə əmək və sosial-iqtisadi hüquqların daha effektiv təmini və bu sahədə institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Müvəkkil Ombudsman təsisatı ilə həmkarlar ittifaqları arasında əməkdaşlığın insan hüquqlarının, əmək və sosial-iqtisadi hüquqların daha səmərəli müdafiəsi, pozulmuş hüquqların bərpası və hüquq mədəniyyətinin inkişafı baxımından önəm kəsb etdiyini diqqətə çatdırıb.
Səbinə Əliyeva imzalanan Memorandumun iki təsisat arasında əməkdaşlığın yeni mərhələsinin əsasını təşkil etməklə, mövcud əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə və əmək hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübələrin əldə olunmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin hərtərəfli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının etibarlı şəkildə qorunduğunu vurğulayıb. Bu sahədə önəmli rola malik olan Ombudsman institutu ilə səmərəli əməkdaşlıq həyata keçirilir.
Eyni zamanda, həmkarlar ittifaqları sistemində rəqəmsallaşma, elektron xidmətlərin genişləndirilməsi və üzvlər üçün daha əlçatan mexanizmlərin yaradılması istiqamətində görülən işlər, aparılan islahatlar, reallaşdırılan layihələr, həmçinin maarifləndirmə, gender bərabərliyinin və sağlam əmək mühitinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Qeyd edək ki, Ombudsman Aparatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında imzalanmış Memorandum çərçivəsində əmək hüquqları üzrə maarifləndirmə tədbirlərinin keçirilməsi, hüquqi biliklərin artırılması, həssas qrupların hüquqlarının effektiv müdafiəsi, eləcə də əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Избранный
20
9
teleqraf.com

10Источники