RU

Təhsil biznesə çevrilib: Ekspertdən Nazirliyə ağır ittihamlar

Azərbaycanda orta məktəblərin fəaliyyəti ilə bağlı narazılıqlar son illər daha da dərinləşib. Valideynlər deyirlər ki, məktəb artıq əsas bilik məkanı olmaq funksiyasını itirib, şagirdlər isə qəbul imtahanlarında uğur qazanmaq üçün repetitor və hazırlıq kurslarından asılı vəziyyətə düşüblər. Bir çox ailələr hesab edir ki, məktəbdə keçirilən dərslər ali məktəbə qəbul üçün yetərli olmadığından, şagirdlər paralel təhsil sisteminə məcbur edilir. Bu isə həm ailələrin büdcəsinə ciddi yük yaradır, həm də dövlət məktəblərinin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Cəmiyyətdə artıq açıq şəkildə belə bir fikir səslənir: əgər şagird məktəbdə deyil, repetitor yanında nəticə göstərirsə, onda mövcud təhsil modeli niyə dəyişdirilmir? Elm və Təhsil Nazirliyi, eləcə də nazir Emin Əmrullayev illərdir davam edən bu böhranın məsuliyyətini niyə üzərinə götürmür?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti, dosent İlham Əhmədov bildirib ki, repetitorluq artıq ölkədə paralel təhsil sisteminə çevrilib və bu vəziyyət məktəbin pedaqoji nüfuzunu ciddi şəkildə dağıdıb.

İlham

Ekspertin sözlərinə görə, repetitorluğun geniş yayılması məktəbdə müəllim-şagird münasibətlərini, tədris mühitini və valideynlərin məktəbə inamını zəiflədib:

“Bu gün məktəbin fəaliyyəti o səviyyədə zəifləyib ki, artıq kütləvi repetitorluq belə universitetlərə qəbul göstəricilərindəki geriləmənin qarşısını ala bilmir. Attestat almağa layiq olmayan şagirdlər universitetlərə qəbul olunurlar. Məktəbdə normal bilik əldə etməyən şagirdin qısa müddətdə yüksək nəticə göstərməsi sistemin saxta göstəricilər üzərində qurulduğunu ortaya qoyur”.

Ekspert hesab edir ki, təhsil sistemində əsas problemlərdən biri müəllimlərin sosial vəziyyəti və idarəetmədə kommersiya maraqlarının ön plana çıxmasıdır:

“Müəllimlərin normal maaşı olsa, onların böyük hissəsi repetitorluqdan uzaqlaşar. Bu gün isə müəllim də, alim də əlavə qazanc üçün repetitorluğa yönəlir. Alimin repetitorluq etməsi təkcə şəxsi problem deyil, bütövlükdə ölkə elminin faciəsidir. Elm inkişaf etmək əvəzinə bazar münasibətlərinin əsirinə çevrilib”.

İlham Əhmədov bəzi məktəb direktorlarının təhsil müəssisəsini maarif ocağı yox, kommersiya məkanı kimi idarə etdiyini də bildirib:

“Bir sıra məktəb direktorları məktəbin ağsaqqalı olmaq əvəzinə, baş kommersant funksiyasını yerinə yetirirlər. Nəticədə aşağıdan yuxarıya qədər bütöv təhsil sistemi kommersiya piramidasına çevrilir. Təhsilə müqəddəs fəaliyyət sahəsi kimi yox, böyük biznes şəbəkəsi kimi yanaşılır. Bu yanaşma isə korrupsiya və maraq şəbəkəsini daha da gücləndirir”.

Ekspertin fikrincə, illər ərzində təhsil büdcəsinin dəfələrlə artırılması da real nəticə verməyib:

“20 ildir deyilir ki, neft kapitalı insan kapitalına çevriləcək. Amma ortada nəticə yoxdur. Təhsil büdcəsi 5 dəfə artsa da, məktəblərdə keyfiyyət yüksəlməyib. Əksinə, sistem daha da ağır vəziyyətə düşüb”.

O, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında koordinasiya probleminin də repetitorluğun yayılmasına təsir etdiyini iddia edib:

“Bir çox hallarda qəbul imtahanlarına məktəb proqramından kənar suallar salınır. Şagird dərslikdə cavab tapa bilmədiyi üçün məcbur repetitor yanına gedir. Bu vəziyyət 30 ildir repetitorluğun böyüməsinə xidmət edir. Çünki bu sahədə böyük pullar dövr edir və bundan müxtəlif maraq qrupları faydalanır”.

Ekspert əlavə edib ki, bəzi müəllimlər enerjilərini məktəbdəki dərslərə deyil, repetitor fəaliyyətinə yönəldirlər:

“Müəllim məktəbdə dərsi formal keçir, əsas diqqəti repetitorluğa ayırır. Bu isə dövlət məktəbinin nüfuzunu dağıdır. Halbuki əvvəlki dövrlərdə insanlar repetitorsuz universitetə qəbul olur, normal təhsil alır və peşə həyatında uğur qazanırdılar”.

İlham Əhmədov hesab edir ki, mövcud vəziyyətə görə əsas məsuliyyət Elm və Təhsil Nazirliyinin üzərinə düşür:

“Təhsil sistemindəki problemlərə görə ilk növbədə məsuliyyəti nazir və onun komandası daşıyır. Ekspertlərin, mütəxəssislərin, deputatların təklifləri eşidilmir. Təhsil sistemi gündən-günə bataqlığa sürüklənir. Bu məsələlər artıq Milli Məclis, Nazirlər Kabineti və Prezident Administrasiyası səviyyəsində ciddi şəkildə müzakirə olunmalıdır. Görünən odur ki, indiki komanda bu problemləri həll etməkdə acizdir”.

Избранный
13
2
turkustan.az

3Источники