Həll yönümlü jurnalistika şəhərlərin qarşılaşdıqları ən ciddi problemlərlə necə mübarizə apardıqlarını araşdıran reportaj hazırlamaq praktikası kimi dəyərləndirilir.
APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün keçirdiyi xüsusi sessiya zamanı "Urban Solutions Journal" nəşrini təmsil edən jurnalist Laura Puttkammer bildirib.
Onun sözlərinə görə, şəhərlərin həll etməli olduğu bütün məsələləri işıqlandırırıq, lakin bu, sadəcə xoş təəssürat yaradan bir hekayə deyil. Burada əsas məqsəd öyrəndiklərini, əldə olunan real sübutları və hətta tənqidi yanaşmanı ortaya qoymaqdır.
"Yəni söhbət sadəcə “bu əladır, möhtəşəmdir, onlar bir uşaq meydançası tikiblər” deməkdən getmir. Bu, yalnız xoş emosiyalar yaradan bir hekayə deyil. Əsas məsələ həmin meydançanın niyə tikildiyini, ictimai iştirakçılığın bu prosesə necə təsir etdiyini, bunun şəhər üçün niyə vacib olduğunu, layihənin necə maliyyələşdirildiyini araşdırmaqdır. Məhz bundan sonra bu, jurnalist araşdırmasına çevrilir", - Laura Puttkammer qeyd edib.
"Həll yönümlü jurnalistikanın digər ideyası isə ondan ibarətdir ki, bu cür materiallar digər şəhərlərdə, merlərdə və şəhərlərlə çalışan insanlarda — məsələn, memarlarda da dəyişiklik üçün ilham yarada bilər. Biz burada hansısa təşkilatı, şəxsi və ya siyasi mövqeni təşviq etmirik.
Həll yönümlü jurnalistlər olaraq məqsədimiz konstruktiv və eyni zamanda tənqidi materiallar təqdim etməklə insanları gücləndirməkdir. Söhbət oxucuları, siyasətçiləri və həmin materialları oxuyacaq icmaları məlumatlandırmaq və onları gücləndirməkdən gedir", -Laura Puttkammer vurğulayıb.
Onun sözlərinə görə, məqsəd odur ki, insanlar bəzi şəhərlərin artıq gördüyü işlərə baxaraq öz şəhərlərinin necə görünə biləcəyini yenidən təsəvvür edə bilsinlər.
Qeyd edək ki, Laura Puttkammer şəhərsalma sahəsində geniş araşdırma təcrübəsinə malikdir və Ümumdünya Şəhərsalma Forumunun əvvəlki sessiyalarını aktiv şəkildə işıqlandırıb.