RU

WUF13: Azərbaycanın qlobal şəhərsalma gələcəyində artan rolu

Bakı, 21 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın şəhərsalma gələcəyinin müzakirə olunduğu əsas qlobal platformaya çevrilib. Hazırda Bakı sadəcə ev sahibi deyil, məskunlaşma, urban inkişaf və dayanıqlı gələcək üzrə qlobal baxışların toqquşduğu, ortaq həllərin axtarıldığı bir dünya mərkəzi kimi çıxış etməkdədir.

Bu fikirlər AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova “WUF13 Azərbaycanın qlobal miqyasda artan rolunun növbəti mühüm göstəricisi hesab edilə bilər” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bu gün şəhərlərin ekoloji vəziyyəti birbaşa insan sağlamlığı ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, şəhərlərdə hər nəfərə minimum 9 kvadratmetr yaşıl sahə düşməlidir. Lakin dünyanın bir çox şəhərlərində bu göstərici 1-5 kvadratmetr arasında dəyişir. Belə şəraitdə yaşıllıqların azalması, istilik adası effektinin güclənməsi, havanın çirklənməsi və ekoloji stres amilləri sağlamlıq risklərini artırır.

Azərbaycan Respublikasında ekoloji və urban inkişaf siyasəti son illərdə dövlət strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib. Xüsusilə Prezident İlham Əliyev tərəfindən irəli sürülən “yaşıl enerji zonaları” konsepsiyası, Qarabağın “yaşıl enerji regionu” kimi inkişaf etdirilməsi təşəbbüsü ölkəmizin qlobal iqlim gündəliyinə inteqrasiyasının mühüm göstəricisidir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də ölkədə urbanizasiya prosesinin yeni mərhələyə keçidini ifadə edən strateji qərar kimi dəyərləndirilə bilər.

Azərbaycan reallığında şəhərlərin ekoloji inkişafının dövlət səviyyəsində sistemli xarakter alması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-1982-ci illərdə həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma siyasəti Bakının ekoloji simasının dəyişməsində tarixi rol oynayıb. Rəsmi mənbələrdə göstərilir ki, 1970-ci ildə Bakıda adambaşına cəmi 6,5 kvadratmetr yaşıllıq sahəsi düşürdüsə, 1971-ci ildə qəbul edilmiş xüsusi yaşıllaşdırma qərarının icrası nəticəsində bu göstərici 4 il ərzində 17,5 kvadratmetrə çatdırılıb.

Bütün nailiyyətlərlə yanaşı, mövcud problemlər də diqqətdə saxlanılmalıdır. İqlim dəyişmələri fonunda intensiv yağıntılar, istilik adası effekti, hava keyfiyyəti problemləri, urban yükün artması şəhər idarəçiliyində yeni yanaşmalar tələb edir. Bu baxımdan yeni mikroparkların və biodəhlizlərin yaradılması, yaşıl dam və şaquli yaşıllaşdırma texnologiyalarının tətbiqi, elektrik nəqliyyatının genişləndirilməsi, yağış sularının təkrar istifadəsi, rəqəmsal ekoloji monitorinq sistemlərinin qurulması xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, şəhər mühitinə introduksiya olunan bitki növlərinin seçimi, ümumiyyətlə, bütün yaşıllaşdırma tədbirləri elmi əsaslarla aparılmalıdır. Yerli və adaptiv növlərə üstünlük verilməsi, invaziv və allergik təsir potensialı yüksək olan növlərin məhdudlaşdırılması urban ekosistemin sağlamlığı baxımından vacib məsələlərdəndir.

WUF13 kimi qlobal platformalar və milli səviyyədə həyata keçirilən siyasət şəhərlərin dayanıqlı, inklüziv və iqlimədavamlı modelə transformasiyası üçün əlverişli zəmin yaradır. Şəhərlərimizin flora və faunasının qorunması, ağıllı və yaşıl texnologiyaların tətbiqi, ekoloji təhlükəsizlik və insan sağlamlığı istiqamətində inteqrativ və uzunmüddətli elmi yanaşmaların inkişaf etdirilməsi əhalinin rifah halının yüksəldilməsinə, ekoloji dayanıqlılığın möhkəmləndirilməsinə və gələcək nəsillər üçün keyfiyyətli yaşayış məkanlarının formalaşdırılmasına mühüm töhfə verə bilər.

Forum çərçivəsində müxtəlif ölkələrdən gəlmiş iştirakçılarla aparılan söhbətlərimizdə Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu xüsusi maraq və rəğbətlə qeyd olunur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri forum iştirakçılarının diqqət mərkəzindədir. Aparılan müzakirələrdə azad edilmiş ərazilərdə qısa müddətdə yaradılan müasir infrastruktur, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji zonalarının formalaşdırılması və şəhərsalma prosesinin müasir urban yanaşmalar əsasında həyata keçirilməsi böyük heyranlıq doğurur.

Bakının belə mötəbər beynəlxalq platformaya yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın ekoloji siyasətinin, şəhərsalma strategiyasının və qlobal iqlim gündəliyində artan rolunun növbəti mühüm göstəricisi olacaq.

 

Избранный
16
azertag.az

1Источники