RU

Bəşir Hacıyev: Qafqazın ən uzun tuneli Kəlbəcər nəqliyyat dəhlizində inşa edilir

BAKI, 21 may. TELEQRAF

​“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayonda genişmiqyaslı işlər aparılır. 82 kilometr uzunluğundakı Göyçə-Kəlbəcər-İstisu magistral yolunun 45%-i, 75 kilometrlik Kəlbəcər-Laçın avtomobil yolunun isə 48%-i artıq tamamlanıb. Bu marşrut üzərində ümumi uzunluğu 25.9 kilometr olan 5 tunel inşa edilir. Həmin tunellərdən biri bütövlükdə Qafqaz regionunun ən uzun tunelidir. Bu layihələr nəqliyyat loqistikasını optimallaşdıracaq, məsafəni qısaldacaq və fasiləsiz hərəkət axınını təmin edəcək”.

Teleqraf xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol” adlı tədbirdə deyib.

​Enerji, qaz və su təminatı sahəsindəki tarixi yeniliklərə toxunan xüsusi nümayəndə rayonda bütöv bir kommunal ekosistemin qurulduğunu vurğulayıb:

​“İşğaldan azad edildikdən sonra Kəlbəcər rayonu tarixində ilk dəfə olaraq təbii qazla təmin edilir. 'Azəriqaz' İstehsalat Birliyi tərəfindən Kəlbəcər Qaz-Paylayıcı Stansiyası və şəhər nizamlayıcı məntəqəsi tikilib, Zar kəndində də analoji infrastruktur qurulub. 'Azərişıq' ASC tərəfindən 'İstisu' sanatoriyasını və digər strateji obyektləri qidalandıracaq yarımstansiya istifadəyə verilib. Şəhərdə rəqəmsal idarəetmə mərkəzinin inşası başa çatıb. Paralel olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi şəhərdə içməli su, tullantı, yağış və sel suları drenaj xətlərinin çəkilişini icra edir”.
​Məşhur "İstisu" mineral su zavodunun regional iqtisadiyyatdakı rolundan bəhs edən dövlət rəsmi bərpa olunan istehsal güclərini diqqətə çatdırıb:
​“Əsası 1976-cı ildə qoyulan, lakin işğal dövründə talan edilən 'İstisu' mineral su zavodunun təməli 2022-ci il iyunun 26-da yenidən qoyulub və müəssisə 2024-cü ildə fəaliyyətini tam bərpa edib. Hazırda zavodun illik istehsal gücü 100 milyon şüşədən çoxdur. Bu müalicəvi sular mədə-bağırsaq, ürək-damar və periferik sinir sistemi xəstəliklərinin müalicəsində əvəzsizdir”.

Избранный
16
teleqraf.com

1Источники