RU

ABŞ-nin “uran” tələbinə İranın CAVABI: “İxrac qadağandır”

Xamenei yüksək zənginləşdirilmiş uranın İrandan çıxarılmasını qadağan edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” iki yüksək səviyyəli İran rəsmisinə istinadən məlumat yayıb.

Ayətullah Moctaba Xamenei yüksək zənginləşdirilmiş uranın İran ərazisindən kənara çıxarılmasını qadağan edib.

Qeyd edək ki, uranın ölkədən çıxarılması ABŞ-nin müharibənin dayandırılması ilə bağlı razılaşma üçün irəli sürdüyü əsas şərtlərdən biri idi.

ABŞ Prezidenti Donald Tramp daha öncə bildirmişdi ki, Tehran razılaşmaya razılıq verməsə, Vaşinqton yeni zərbələr endirməyə hazırdır.

İsrailin Baş naziri Binyamin Netanyahu isə “CBS” telekanalına açıqlamasında müharibənin ancaq zənginləşdirilmiş uranın İrandan çıxarılması, Tehranın müttəfiq qruplaşmalara dəstəyi dayandırması və ballistik raket istehsalından imtina etməsi şərtilə başa çatmış sayılacağını bəyan edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qiymətləndirməsinə görə, 2025-ci ilin iyun ayında İranın 60%-dək zənginləşdirilmiş 440 kiloqram uranı olub.

Tehran uzun illərdir nüvə silahı yaratmağa çalışması ilə bağlı ittihamları rədd edir və uranın yalnız tibbi məqsədlər və tədqiqat reaktoru üçün lazım olduğunu iddia edir.

Bu qadağa İranın nüvə proqramı ətrafında beynəlxalq gərginliyi daha da artırır və tərəflər arasında diplomatik çıxış yollarını daraldır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
17
interpress.az

1Источники