RU

Dünya İsrailə qarşı, nazirin yaydığı video şok yaratdı, nazirlə baş nazir bir-birinə qarşı...



Elşən Manafov: “Şübhəsiz ki, bu, İsraillə bəzi Avropa dövlətləri arasında diplomatik gərginliyi artıracaq”

Məlum olduğu kimi, İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardımla Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlayıb. Daha sonra təhlükəsizlik naziri Ben-Qvir saxlanılan fəalların təhqir edilməsini əks etdirən görüntülər paylaşıb.

Qeyd edək ki, “Sumud Donanması” Fələstinlə həmrəylik aksiyaları və Qəzza zolağı ilə bağlı humanitar təşəbbüslərlə tanınan fəal qruplardan biri hesab olunur. İsrail hakimiyyətinin bu fəallarla bağlı addımları son dövrlərdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

İsrailli nazirin bu hərəkəti dünyada ciddi rezonansa səbəb olub. Bir sıra ölkələr bunu tənqid edərək sərt etiraz ediblər. Bəzi ölkələr İsrailin səfirlərini çağıraraq buna etiraz edib. Hətta İsrail hökuməti daxilində Ben-Qvirin bu hərəkətinə görə qarşıdurma yaranıb.

Maraqlıdır, bu vəziyyət İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatlarına necə təsir edəcək? Bunun ümumən nə kimi nəticələri olacaq?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Elşən Manafov hesab edir ki, İsrailin hərbi dəniz qüvvələri tərəfindən Fələstinə humanitar yardımı çatdıran “Sumud Donanması”na məxsus gəmilərin saxlanılması proseslərə təsirsiz ötüşməyəcək: “Şübhəsiz ki, bu, İsraillə bəzi Avropa dövlətləri arasında diplomatik gərginliyi artıracaq. Rəsmi Ankara ilə münasibətlərdə siyasi böhranın daha da dərinləşməsinə səbəb olacaq. Yaxın Şərq regionunda Fələstin ətrafında qütbləşməni daha da gücləndirəcək. Fransa və İtaliya, habelə Kanada xarici işlər nazirlikləri tərəfindən İsrailin bu ölkələrdəki səfirlərinin dəvət edilərək onlara bəlli dövlətlərin yaşanan hadisələrlə bağlı etiraz və narazılıqlarını bildirməsi, İsrailin bu ölkələrlə münasibətlərində diplomatik gərginliyin yüksələn xətlə artacağına dəlalət edir. Rəsmi Ankara isə İsrail tərəfinin hərəkətlərini quldurluq adlandırıb və İsraildən Fələstinə humanitar yardım üçün blokadanın aradan qaldırılmasını tələb edib. İsrailin təhlükəsizlik naziri Ben-Qvirin Fələsinə humanitar yardım aparan fəalları aşağılaması İsrailin baş naziri Netanyahu tərəfindən belə kəskin pislənilib. Baş nazir bu, hərəkətlərin İsrailin norma və dəyərlərinə zidd olduğunu bildirib. Bütün bunlarla yanaşı, İsrailə ABŞ tərəfindən olan birmənalı dəstək ona beynəlxalq birlik tərəfindən edilən təzyiqləri səmərəsiz edir. İsrailin hədyanalıq etməsinə səbəb olur, təcavüz kursundan geri çəkilməsinə təsir göstərmir. Bəzi ərəb dövlətlərinin İsraillə "İbrahim razılaşmaları" çərçivəsində əməkdaşlıq etmələri İsrailə münasibətdə ümumərəb birliyinin formalaşmasına mane olur. Ərəb Dövlətləri Liqasında Fələstinlə bağlı məsələlərdə Ərəb dövlətlərin vahid mövqedən çıxış etmələrini əngəlləyir”.

Vidadi ORDAHALLI

Избранный
54
baki-xeber.com

1Источники