“Son zamanlar bir çox məsələlərə fikir bildirmirəm. Çünki artıq anlayıram ki, bəzən sadəcə söz xatirinə söz deyənlər meydanda çoxalıb.
Amma bu gün Kamal Abdullanın “biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər” fikri qarşısında susmaq çətin olur”.
Musavat.com xəbər verir ki, “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə yazıb.
O, Kamal Abdullanın fikirlərini şərt şəkildə tənqid edib:
“Bu söz sıradan bir şəxsin deyil, özünü söz adamı kimi təqdim edən, strateji əhəmiyyət daşıyan bir təhsil müəssisəsinə rəhbərlik edən şəxsin dilindən səslənir. Əminəm, sonra deyiləcək ki, fikir “müsbət mənada” ifadə olunub, ailə dəyərləri nəzərdə tutulub və sair. Amma məsələ məhz burada başlayır. Sözün sosial, psixoloji, hüquqi və mənəvi təsirini yaxşı bilməli olan bir insan dediyi cümlənin cəmiyyətə necə mesaj verdiyini də bilməmiş deyil. Çünki vəzifə böyüdükcə, söz artıq şəxsi fikir olmaqdan çıxır, ictimai təsir vasitəsinə çevrilir.
Mən anlamaq istəyirəm, Kamal Abdulla onunla çiyin-çiyinə, həmin universitetin nüfuzu üçün çalışan qadın əməkdaşlara da eyni baxışla yanaşırmı? Yaxud o universitetdə təhsil alan qızlara da eyni “öyüd-nəsihət” verilirmi? Əgər qadının əsas və daha faydalı yeri evdirsə, onda illərlə qadınların elmə, idarəetməyə, təhsilə, dövlət quruculuğuna cəlb olunması üçün aparılan siyasətin mənası nə olur?
Kamal Abdulla yəqin ki, çox yaxşı bilir ki, onunla çalışan Azərbaycan qadınları kifayət qədər güclüdür. Onlar eyni anda həm ailəsini idarə edir, həm mətbəxdə işini vaxtında qaydaya salır, həm övladına düzgün tərbiyə verir, həm də öz təhsili, biliyi və peşəkarlığı ilə çalışdığı müəssisənin nüfuzunu yüksəldirlər. Məhz təhsil alan, düşünən və ictimai həyatda iştirak edən qadın ailəni də daha sağlam, daha güclü və daha təhlükəsiz edə bilir.
Bu gün Azərbaycan dövləti qadınların təhsildə, ictimai həyatda, idarəetmədə iştirakını artırmaq üçün proqramlar həyata keçirir, gender bərabərliyi ilə bağlı öhdəliklər götürür, qadınların iqtisadi güclənməsini prioritet istiqamət kimi təqdim edir. Strateji bir təhsil müəssisəsinin rəhbəri bunları bilməmiş deyil. O halda belə bir fikir sadəcə şəxsi yanaşma deyil, həm də dövlətin illərlə formalaşdırmağa çalışdığı sosial istiqamətlə ziddiyyət yaradan mesajdır. Məhz ziyalı statusunda olan insanlar tərəfindən bu tip fikirlər cəmiyyətdə onsuz da mövcud olan stereotipləri legitimləşdirir. Yəni qadının fəaliyyəti, bacarığı, elmi və ictimai potensialı yox, onun “harada olmalı olduğu” müzakirə predmetinə çevrilir. Bu isə təkcə qadına münasibət məsələsi deyil, bütövlükdə cəmiyyətin inkişaf modeli ilə bağlı məsələdir.
Qadının yalnız mətbəx və evlə məhdudlaşdırıldığı heç bir cəmiyyət uzunmüddətli inkişaf, innovasiya və sağlam sosial düşüncə modeli qura bilməyib. Çünki qadını ictimai həyatdan geri çəkmək, əslində cəmiyyətin öz potensialının yarısını zəiflətmək deməkdir.
Ailə dəyərlərini qorumaq başqa məsələdir, qadının yerini yalnız evlə müəyyən etmək isə tamam başqa məsələdir, Kamal müəllim!"
Könül
Musavat.com