Havana Vaşinqtonun açıqlamalarını təhlükəli təxribat adlandırıb...
Poliqon xəbər verir ki, Kubanın xarici işlər naziri Bruno Rodríguez Parrilla ABŞ dövlət katibi Marco Rubionu hərbi aqressiyanı təşviq etməkdə və Kuba ilə bağlı yalan ittihamlar səsləndirməkdə günahlandırıb.
Nazir bildirib ki, Vaşinqton Havananı “terrorizmi dəstəkləyən dövlət” kimi təqdim etməyə çalışaraq regionda gərginliyi artırır. Onun sözlərinə görə, bu cür bəyanatlar həm Kuba, həm də ABŞ vətəndaşlarının təhlükəsizliyi üçün risk yaradır.
“ABŞ dövlət katibi yenidən yalan danışaraq hərbi aqressiyanı təhrik etməyə çalışır. Bu isə Kuba və Amerika qanının tökülməsinə səbəb ola bilər”, deyə Bruno Rodriges vurğulayıb.
Kuba XİN rəhbəri qeyd edib ki, ölkəsi ABŞ üçün heç bir təhlükə yaratmır. O, eyni zamanda Vaşinqtonu adada iqtisadi çöküş və sosial ümidsizlik yaratmağa çalışmaqda ittiham edib. Rodrigesin fikrincə, ABŞ administrasiyası uzun illərdir Kuba iqtisadiyyatına qarşı təzyiq siyasəti həyata keçirir və bu siyasət ölkədə vəziyyəti daha da ağırlaşdırır.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında Kubanın “həmişə” ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid olduğunu bildirmişdi. Bu açıqlama Havana ilə Vaşinqton arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib.
Siyasi müşahidəçilər hesab edirlər ki, tərəflər arasında ritorikanın sərtləşməsi ABŞ-Kuba münasibətlərində yeni diplomatik böhran riskini artırır.
Poliqon.info