RU

Türk lirəsi antirekord yenilədi – ABŞ dövlət istiqrazlarının demək olar ki, hamısını satıb

Türkiyə mart ayında ABŞ dövlət istiqrazlarının demək olar ki, hamısını satıb. Bu isə ABŞ və İsrailin İrana qarşı müharibəsinin yaratdığı iqtisadi təzyiqlərin Türkiyə iqtisadiyyatına təsirinin əlaməti kimi qiymətləndirilir.

Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, Türkiyə təxminən 14 mlrd. dollarlıq ABŞ xəzinədarlıq istiqrazlarını sataraq portfelini cəmi 1.6 mlrd. dollara endirib.

ABŞ-İsrailin İrana qarşı müharibəsi Türkiyənin həssas iqtisadiyyatına bir neçə istiqamətdə zərər vurub.

Türkiyə neft və qaz ehtiyacının demək olar ki, hamısını idxal edir. Enerji qiymətlərinin yüksəlməsi idxalı daha bahalı edib. Müharibədən əvvəl Türkiyə təbii qazın təxminən 14%-ni İrandan alırdı, lakin İranın “Cənub Pars” qaz yatağına hücumdan sonra bu tədarüklərin dayandığı bildirilir.

Enerji qiymətlərinin artması qlobal inflyasiya narahatlıqlarını da gücləndirib və nəticədə ABŞ istiqrazlarının gəlirliliyi yüksəlib. Bu isə Türkiyənin borclanma xərclərini artırıb və daha riskli türk aktivlərini xarici investorlar üçün az cəlbedici edib.

Adətən Türkiyə kimi ölkələr ABŞ istiqrazlarını dollar cəlb etmək üçün satır və daha sonra həmin dollarları valyuta bazarında lirəni dəstəkləmək məqsədilə istifadə edir. Türkiyə lirəsi uzun illərdir dəyər itirir və ölkə yüksək inflyasiya ilə mübarizə aparır.

Türkiyə Mərkəzi Bankı may ayında 2026-cı il üçün inflyasiya proqnozunu 16%-dən 24%-ə yüksəldib və buna səbəb kimi “yüksək qeyri-müəyyənliyi” göstərib.

Bu arada “PAŞA Kapital İnvestsiya Şirkəti”nin platformasındakı məlumatlara görə dollar-lirə cütlüyünün məzənnəsi 46.00-a yaxın ərazidə, tarixi maksimuma gəlib çatıb. Təkcə bugünki sessiyada 0.4% dəyər itirib.

Nüfuzlu iki bank “JP Morgan” və “Deutsche Bank” isə bu il Türkiyədə inflyasiyanın 30%-ə çatacağını proqnozlaşdırır. İranla müharibənin başlanmasından bəri lirə dollar qarşısında təxminən 5% ucuzlaşıb ki, bu da neft və qaz kimi dollarla qiymətləndirilən idxalı daha bahalı edib.

Türkiyənin ABŞ istiqraz portfeli dəyişkən olsa da, lirəni qorumaq məqsədilə son illərdə ümumi azalma tendensiyası göstərir. Bu göstərici təxminən on il əvvəl 80 mlrd. dollara çatmışdı.

Türkiyə Yaxın Şərqin digər iri ABŞ borc sahibləri ilə müqayisədə nisbətən kiçik oyunçudur. Məsələn, Səudiyyə Ərəbistanının təxminən 150 mlrd. dollar, BƏƏ-nin isə 114 mlrd. dollar həcmində ABŞ istiqrazı var.

Kifayət qədər çox ölkə ABŞ istiqrazlarını satarsa, gəlirlilik artır və bu da həm ABŞ hökuməti, həm də amerikalı istehlakçılar üçün borclanmanı bahalaşdırır.

“Reuters”in məlumatına görə, Türkiyə lirəsini dəstəkləmək üçün əlavə 8 mlrd. dollar satıb.

Избранный
55
banker.az

1Источники