RU

Sabirabadda “sənət dialoqu”

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Sənət dialoqu” layihəsi davam edir.

Layihə çərçivəsində Mil-Muğan Regional Mədəniyyət İdarəsi Sabirabad Rayon Mədəniyyət Mərkəzində Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülyaz Məmmədova ilə görüş təşkil edib.

MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov “Sənət dialoqu” layihəsi haqqında məlumat verib. Qeyd edib ki, layihənin məqsədi mədəniyyət xadimlərinin Bakıda və regionlarda fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin kollektivləri ilə görüşlərinin təşkili, gənc nəslin sənətə marağının artırılması, onların bədii zövqünün formalaşdırılmasıdır.

Xalq artisti Gülyaz Məmmədovanın sənət yolundan və muğamın tədrisi sahəsində xidmətlərindən bəhs edən alim bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyət göstərən Xalq artisti yeni xanəndələr nəslinin yetişməsində öz bilik və təcrübəsini əsirgəmir.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev Gülyaz Məmmədovanın ölkəmizdə xanəndəlik sənətinin inkişafına verdiyi töhfələrdən danışıb və bu kimi tədbirlərin regionlarda keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra Gülyaz Məmmədova muğam sənəti və onun incəlikləri haqqında söz açıb, muğamın tədrisi və təbliği məsələlərinə toxunub. O, “Sənət dialoqu” layihəsinə dəvət olunduğuna görə təşkilatçılara minnətdarlığını bildirib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

MEMİM-in sektor müdiri Nicat Həsənzadənin moderatorluğu ilə keçirilən tədbirdə Sabirabad, Beyləqan, İmişli və Saatlı rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin şagirdləri muğam və xalq mahnılarımızı ifa ediblər. Ustad dərsi formatında keçirilən görüşdə sənətkar şagirdlərə ifaçılıqla bağlı öz tövsiyələrini verib.

Əli SADIQOV
XQ

Избранный
5
4
xalqqazeti.az

5Источники