RU

WUF13 panel sessiya Dayanıqlı inkişaf məqsədlərindən mənzillərə

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 22-də Bakıda Beynəlxalq Memarlar İttifaqının (UIA) təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərindən mənzillərə” adlı panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Portuqaldilli Ölkələrin Beynəlxalq Memarlar Şurasının (CIALP) prezidenti, memarlıq üzrə fəlsəfə doktoru Rui Leaonun moderatorluğu ilə keçirilən paneldə qlobal urbanizasiya meyilləri, şəhərsalmanın planlaşdırılması və hər kəs üçün əlçatan mənzil təminatı məsələləri müzakirə edilib.

Sessiyada çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şəhər Yenilənməsi və İctimai Məkan üzrə rəhbəri Xose Çonq, İspaniyanın Kataloniya Hökumətinin Ərazi, mənzil və ekoloji keçid departamentinin şəhərsalma və memarlıq üzrə baş direktoru Elisabet Cirici Amiell və Anqola Memarlar Ordeninin prezidenti Vity Nsalambi Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) yerli və qlobal səviyyədə icrası vəziyyətinə toxunublar.

Natiqlər rəhbərlik etdikləri qurumların SD-yə yanaşma strategiyalarından bəhs edərək, bu hədəflərin urbanizasiya prosesinin, müasir şəhər mədəniyyətinin və memarlıq anlayışının ayrılmaz bir hissəsinə necə çevrilməsi barədə təcrübələrini bölüşüblər. Vurğulanıb ki, hazırda mənzil təminatına əlçatanlıq fundamental insan hüququdur və bu sahədəki çatışmazlıqların aradan qaldırılması müasir dünyanın ən ciddi çağırışlarından biridir.

Çıxışlarda SDG-lərlə bağlı qarşılaşılan əsas çətinliyin bu hədəflərin mahiyyətinin düzgün dərk edilməsi, həmçinin müxtəlif maraqlı tərəflər tərəfindən praktikada, şəhərsalma alətlərində və digər sahələrdə effektiv şəkildə tətbiq olunması ilə bağlı olduğu qeyd edilib. Bildirilib ki, memarların həm dövlət siyasəti, həm də özəl praktika çərçivəsində görə biləcəyi işlər dayanıqlı inkişaf hədəflərinin reallaşdırılmasında müstəsna əhəmiyyətə malikdir.

Sessiya zamanı, həmçinin UIA tərəfindən hazırlanan və gələn ay Barselonada keçirilməsi planlaşdırılan Ümumdünya Memarlar Konqresindən də bəhs edilib. Qeyd olunub ki, növbəti konqres qlobal mənzil böhranı və dayanıqlı şəhər mühitinin formalaşdırılması istiqamətində memarların fəaliyyət proqramının geniş müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.

Müxbir Gülay Nəzərova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
azertag.az

2Источники