RU

Hasan Oktay: “Yeni dünya nizamı bloklarla yox, çoxqatlı ittifaqlarla formalaşır”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

İsrail ilə Türkiyə arasında münasibətlərin sürətlə gərginləşməsi artıq diplomatik sahədə də açıq şəkildə hiss olunmağa başlayıb. Diplomatik heyətin geri çağırılması və nümayəndəlik fəaliyyətlərinin məhdudlaşdırılması iki ölkə arasındakı böhranın daha dərin mərhələyə keçdiyini göstərir. Bu proses həm Türkiyə, həm də İsrail ilə strateji əlaqələrə malik olan Azərbaycan üçün də yeni siyasi və diplomatik həssaslıqlar yarada bilər.

Yaxın Şərqdə artan gərginlik şəraitində Ankara–Tel-Əviv xəttindəki böhranın regional balanslara təsirinin daha da güclənəcəyi qiymətləndirilir.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay bildirib ki, Türkiyə ilə İsrail arasında münasibətlərin Netanyahu hakimiyyətinin mövqeyi səbəbindən qırılma nöqtəsinə gəlməsi, Yaxın Şərq və Cənubi Qafqaz oxunda mövcud balansları sarsıdaraq yeni geosiyasi bloklaşmaların və mikro ittifaqların dərinləşməsinə səbəb ola biləcək ciddi potensiala malikdir. Lakin bu vəziyyət Soyuq Müharibə dövründəki kimi sərt və homogon bloklar deyil, dövlətlərin mövzulara görə mövqe tutduğu daha axıcı və mürəkkəb bir geosiyasi model formalaşdırır.

Hasan Oktayın fikrincə, bu böhrandan geosiyasi baxımdan ən çox təsirlənən aktorlardan biri Azərbaycandır. Azərbaycan bu prosesi soyuqqanlı şəkildə idarə etməyə çalışır və Türkiyə ilə birlikdə hərəkət edərək Türkiyə–Ermənistan–Azərbaycan üçlü sülh modelinin Cənubi Qafqaza uzunmüddətli sabitlik gətirməsinə çalışır.

Ekspert vurğulayıb ki, Bakı bir tərəfdən “Bir millət, iki dövlət” prinsipi əsasında Türkiyə ilə sarsılmaz hərbi və siyasi müttəfiqliyə malikdir. Digər tərəfdən isə İsraillə hərbi-texnoloji əməkdaşlıq, kəşfiyyat mübadiləsi və enerji sahəsində strateji münasibətlər qurub. İsrail idxal etdiyi neftin təxminən 40 faizini Azərbaycandan alır. Azərbaycan–İsrail münasibətləri Türkiyə–Azərbaycan münasibətlərinə zidd deyil, əksinə bir-birini tamamlayan əməkdaşlıq modeli kimi qiymətləndirilməlidir.

Hasan Oktay bildirib ki, Türkiyə–İsrail gərginliyi dərinləşdikcə hər iki tərəfin Bakıdan daha açıq mövqe gözləməsi qaçılmaz görünür. Azərbaycan indiyədək bu prosesi “sakit və balanslı diplomatiya” ilə idarə etməyə nail olub. Lakin böhran diplomatik çərçivədən çıxaraq iqtisadi və logistik embarqo mərhələsinə keçərsə – məsələn, Ceyhan üzərindən İsrailə gedən enerji xətlərinin tam bağlanması kimi addımlar gündəmə gələrsə – Bakı özünü Türkiyə–Xəzər xəttində formalaşan Türk Dünyası bloku ilə İsrail–Qərb təhlükəsizlik xətti arasında seçim təzyiqi altında görə bilər. Netanyahu hakimiyyətinin dəyişməsi və daha praqmatik hökumətin formalaşması isə Türkiyə ilə İsrail arasında təhlükəsizlik balansının yenidən qurulmasına imkan yarada bilər.

Politoloq hesab edir ki, Türkiyə ilə İsrail arasındakı ayrışma bölgədəki digər aktorların mövqelərinə də birbaşa təsir edir.

Onun sözlərinə görə, İsrail Türkiyə ilə münasibətlərin zəiflədiyi bir dövrdə BƏƏ, Səudiyyə Ərəbistanı və Bəhreyn kimi Körfəz ölkələri ilə başladığı normallaşma prosesini Qəzza böhranının yaratdığı ictimai təzyiqlərə baxmayaraq davam etdirməyə çalışır. Ankara–Təl-Əviv xəttində yaranan boşluq İsraili Körfəz kapitalı və logistika imkanlarından daha çox asılı vəziyyətə sala bilər. Bu isə Türkiyəni bölgədə daha çox Fələstin məsələsini müdafiə edən və regional ədalət iddiası irəli sürən yeni siyasi xəttin liderinə çevirə bilər.

Hasan Oktay vurğulayıb ki, Türkiyə–İsrail münasibətlərindəki gərginlik İsrail, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası arasında enerji və təhlükəsizlik əməkdaşlığını yenidən gücləndirə bilər. Fransa və ABŞ-nin də dəstəklədiyi bu xətt Türkiyəyə qarşı alternativ geosiyasi blok kimi daha da möhkəmlənə bilər.

Ekspert bildirib ki, İsrailə qarşı sərt ritorika Türkiyə ilə İranı müəyyən mənada eyni siyasi xəttə yaxınlaşdırır. Lakin bu vəziyyət uzunmüddətli Türkiyə–İran–Qətər/HƏMAS blokunun yaranacağı anlamına gəlmir. Çünki Türkiyə ilə İran arasında Suriyanın gələcəyi, İraqdakı təsir dairələri və Cənubi Qafqazda – xüsusilə Zəngəzur dəhlizi məsələsində – ciddi geosiyasi ziddiyyətlər mövcuddur. Buna görə də Türkiyə İsraillə münasibətləri minimum səviyyəyə endirsə belə, İranın bölgədəki genişlənməsinə tam dəstək verən bloklaşmanın tərkib hissəsinə çevrilmək istəməyəcək.

Hasan Oktay qeyd edib ki, Qərb blokunun, xüsusilə ABŞ-nin İsrailə verdiyi qeyd-şərtsiz dəstək və Türkiyənin bu xəttdən uzaqlaşması Rusiya və Çin kimi qlobal aktorların bölgədə daha fəal rol almasına şərait yaradır.

Onun fikrincə, Türkiyənin Qərb və İsrail xətti ilə münasibətlərinin zəifləməsi Ankaranı BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi Avrasiya yönümlü platformalara və Rusiya–Çin geosiyasi əməkdaşlığına daha da yaxınlaşdıra bilər. Bu isə Yaxın Şərqdə ABŞ hegemonluğuna qarşı çoxqütblü dünya modelini müdafiə edən yeni, lakin daha elastik geosiyasi xəttin formalaşmasına səbəb ola bilər.

Sonda Hasan Oktay vurğulayıb ki, Ankara–Təl-Əviv xəttində mümkün diplomatik qopma bölgəni qəti şəkildə iki düşərgəyə ayırmayacaq. Əksinə, dövlətlərin təhlükəsizlik üçün ayrı, enerji və ticarət üçün ayrı ittifaqlarda yer aldığı çoxqatlı və dəyişkən geosiyasi parçalanma dövrü yaranacaq. Bu prosesdə ən həssas balansı qorumağa çalışan aktor isə həm Türkiyə, həm də İsraillə həyati strateji münasibətlərə malik olan Bakı olacaq.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
54
bizimyol.info

1Источники